Bakı. 29 oktyabr. REPORT.AZ/ Dünya bazarında neft ucuzlaşır.
“Report”un analitik qrupu bildirir ki, ötən həftə dünya bazarında, qlobal “benchmark” sayılan “Brent” markalı neftin 1 barreli 3%-ə yaxın, WTI markalı neftin 1 bareli isə 2,75% dəyər itirib.
Bunun əsas səbəbləri Səudiyyə Ərəbistanının Neft İxrac Edən Ölkələr Birliyindəki (OPEC) nümayəndəsinin bu ilin IV rübündə neft bazarında təklifin tələbi üstələyəcəyi barədə açıqlaması, dünyada iqtisadi aktivliyin azalmasına paralel olaraq neftə tələbatın da azalacağı gözləntisi ola bilər.
Bununla belə, ABŞ-ın İrandan neft ixracına sanksiya qoymağa hazırlaşması, Çində, dövlətin nəzarətində olan bir neçə şirkətə İrandan neft almamaq barədə göstəriş verilməsi neft bazarında təşviş yaradır və bazar iştirakçılarında qiymətlərin tezliklə qalxacağı fikri formalaşdırır.
Ötən həftə səhm bazarı da itkilərlə üzləşdi. Dünyanın əsas fond birjası indekslərindən sayılan “Dow Jones” və “S&P 500” builki artım göstəricisini itirmiş oldular. Bunun əsas səbəbləri ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini bir qədər də artıracağı və qlobal iqtisadi inkşafın azalacağı qorxularıdır.
Onu da qeyd edək ki, qlobal indekslərin, demək olar ki, hamısının son 1 ayda nümayiş etdirdiyi performans “mənfi”dir.