“Report”: Azərbaycanın korporativ istiqraz bazarındakı azalmanın səbəbləri - ANALİTİKA

“Report”: Azərbaycanın korporativ istiqraz bazarındakı azalmanın səbəbləri - ANALİTİKA Bu bazarda ədqlərin sayı artsa da, onların dəyəri azalıb
Analitika
4 Dekabr , 2018 15:07
“Report”: Azərbaycanın korporativ istiqraz bazarındakı azalmanın səbəbləri - ANALİTİKA

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında “Bakı Fond Birjası” QSC-də korporativ istiqrazlarla bağlı əqdlərin sayı ötən ilin eyni dövrü ilə müayisədə artsa da, son 1 ildə onların dəyərində azalma baş verib.

“Report”un analitik qrupu bildirir ki, 9 ay ərzində borc alətlərinin realizə edilməsi ilə bağlı 744 əqd bağlanılıb ki, bu da illik müqayisədə 111 ədəd və yaxud 17,5% çoxdur. Əqdlərin dəyəri isə 521,341 mln. manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 22,629 mln. manat və yaxud 4,16% azdır.

Azalma aşağıdakı səbəblərlə bağlı ola bilər:

- istiqraz buraxılışı ilə vəsait cəlb edən emitentlərin sayı azdır;

- iqtisadiyyatın fərqli sektorlarını təmsil edən istiqraz buraxılışlarının az olması investorların bazara marağını azaldır;

- kapital bazarından borclanmaq istəyən şirkətlər kütləvi təkliflə istiqraz yerləşdirilmə tələblərinə cavab vermir;

- potensial emitentlərin və investorların korporativ istiqrazların üstünlükləri barədə məlumatı azdır.

Qeyd edək ki, hesabat dövründə korporativ istiqraz bazarı, əsasən, İpoteka və Kredit Zəmanət Fondunun (İKZF), eləcə də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının hesabına formalaşıb. İpoteka istiqrazları ilə bağlı birja əqdlərinin dəyərində (435 mln. manat) 15%-ə yaxın artım olsa da, digər korporativ istiqrazlarla bağlı birja əqdlərinin dəyəri, təxminən, 2 dəfə azalıb və 87 mln. manata düşüb.

Qeyd edək ki, İKZF-dən kənar korporativ istiqraz bazarının, təxminən, 79 mln. manatı və yaxud 91%-i təkrar bazardır ki, bunun da, təxminən, 73 mln. manatı və yaxud 92%-i SOCAR istiqrazları ilə bağlıdır. Dönərli valyutada (ABŞ dolları) buraxılmış bu qiymətli kağızların gəlirliliyinin yüksək olması onları istənilən vaxt azı nominal dəyəri ilə pula çevirməyin mümkünlüyü investorların maraqlarına cavab verir.

9 ay ərzində digər korporativ istiqrazların yeni bazarının dəyəri isə cəmi 7,55 mln. manat olub. Doğrudur, ötən ilin eyni dövründə bu istiqamətdə, ümumiyyətlə, yenilik olmayıb, bu il isə vəziyyət müsbətə doğru dəyişib. Amma istənilən halda, 7-8 mln. manatlıq göstərici ürəkaçan deyil.

Maliyyə Bazarlarına Nəzarət Palatası bu ilin yanvar-sentyabr aylarında korporativ istiqrazlarla bağlı ölkədə 1 896,9 mln. manat dəyərində 2 562 əqdin bağlandığını açıqlayıb. Bunun da müvafiq olaraq 27,5%-lik və 29%-lik hissəsi BFB-də bağlanılıb. Yəni korporativ istiqraz bazarının 70%-dən çox birjadankənar formalaşıb. 

Son xəbərlər

Orphus sistemi