“Report”: Azərbaycanda bankların birləşməsinə mane olan səbəblər - ANALİTİKA

“Report”: Azərbaycanda bankların birləşməsinə mane olan səbəblər - ANALİTİKA Yerli banklar birləşməkdənsə, bağlanmağı az qala “üstün tuturlar”
Analitika
24 Oktyabr , 2018 16:15
“Report”: Azərbaycanda bankların birləşməsinə mane olan səbəblər - ANALİTİKA

Bakı. 24 oktyabr. REPORT.AZ/ Müstəqil Azərbaycanın tarixində bankların birləşməsi ilə bağlı bir neçə nümunə olsa da, son illər, xüsusilə də dünya bazarında neftin ucuzlaşmasından sonra ölkədə yaranmış yeni iqtisadi şəraitdə bank sektorunda konsolidasiya prosesi elə də uğurla getmir.

“Report”un analitik qrupu xatırladır ki, Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ildə “Bankların yenidən təşkili haqqında qaydalar”a müəyyən dəyişiklik edərək məcmu kapitalını tələb olunan səviyyəyə (50 mln. manat) çatdıra bilməyən banklarda birləşmək üçün stimul yaratmağa çalışmışdı.

Yenilənmış qaydalara əsasən, birləşmək istəyən banklar ilk öncə bununla bağlı Palatadan yazılı razılıq almalı, daha sonra səhmdarların ümumi yığıncağında müvafiq qərarlar qəbul edilməli və Mülki Məcəllənin 58-ci maddəsinə müvafiq olaraq kreditorlar kondolidasiya barədə məlumatlandırılmalıdır. Növbəti mərhələdə isə birləşmə nəticəsində yaranmış yeni bank Vergilər Nazirliyində dövlət qeydiyyatından keçərək hüquqi varis kimi yeni lisenziya almalıdır.

Bununla belə, təcrübə göstərdi ki, Azərbaycan bankları bu imkandan faydalanmır və birləşməkdənsə bağlanmağı az qala “üstün tuturlar”. Baxmayaraq ki, manatın devalvasiyasından sonra konsolidasiya, kapitalında ciddi azalma olmuş banklar üçün maraqlı olmalı və bank sektorunda bir neçə birləşmə halına şahidlik etməli idik. Amma bu, baş vermədi. Yalnız “Atabank” və “Caspian Development Bank” ASC-lər birləşdi. “AGBank” və “Dəmir Bank” ASC-lərin, “NBC Bank”, “Günay Bank və “Parabank” ASC-lərin, “Atrabank” və “Qafqaz İnkişaf Bankı” ASC-lərin konsolidasiyası isə söz olaraq qaldı.

“Report”un analitik qrupu hesab edir ki, Azərbaycanda bankların birləşməsinə aşağıdakı amillər mane olur:

1. Kredit portfelinin böyük hissəsi səhmdarlara və əlaqəli şəxslərə məxsus olan biznes strukturlarına yönəlib;

2. Problemli kreditlərin qaytarılma imkanları dəqiq qiymətləndirilmir;

3. Bankların dəyərinin birləşmədən əvvəlki qiymətləndirmə prosesi uzun çəkir;

4. Sağlam banklar qeyri-sağlam banklarla konsolidasiyaya getmək istəmirlər, bunun onların imicinə mənfi təsir edəcəyindən qorxurlar;

5. Korporativ idarəetmə standartlarının tətbiqi zəifdir, mülkiyyət və gəlir bölgüsü mədəniyyəti kifayət qədər formalaşmayıb. 

Son xəbərlər

Orphus sistemi