"Report": Azərbaycan manatı ​FES-in iclası ərəfəsində zəifləməyə başlayıb

"Report": Azərbaycan manatı ​FES-in iclası ərəfəsində zəifləməyə başlayıb Proqnoz: Bütün dünya valyutalarını müəyyən devalvasiya gözləyir
Analitika
1 İyun , 2016 13:52
Report: Azərbaycan manatı ​FES-in iclası ərəfəsində zəifləməyə başlayıb

Bakı. 1 iyun. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FES) iyunun 13-14-də keçirəcəyi növbəti iclasında uçot dərəcəsini artırma ehtimalları artdıqca Azərbaycan manatının dollara qarşı mövqeyi zəifləməyə başlayıb. "Report" xəbər verir ki, keçən həftənin sonu, mayın 27-də nağd valyuta bazarında 1,4830 AZN/USD səviyyəsinə qədər geriləyən dolların satış məzənnəsi bu gün, iyunun 1-də 1,50 AZN/USD səviyyəsini ötüb. Əgər bu gün səhər saatlarında satış 1,4950 AZN/USD ilə aparılırdısa, günorta saatlarına doğru məzənnə 1,5010 AZN/USD-yə çatıb.

Qeyd edək ki, məzənnənin artmasına səbəb AMB-nin son iki hərracda dolların rəsmi məzənnəsinin 1,49 manat səviyyəsindən aşağı düşməsini istəməməsi olub. Dünənki hərracda isə kommersiya banklarının istədiyi səviyyədən dollar ala bilməməsi və bu gün banklararası və nağd valyuta bazarlarında dollara tələbat artırıb. "Report"un analitik qrupu sabah, iyunun 2-də keçiriləcək valyuta hərracında dollara tələbatın yüksək olacağını və kommersiya banklarının daha yüksək səviyyədən dollar alacağını proqnozlaşdırır. FES-in iclasına qədər dolların məzənnəsinin 1,52 AZN/USD səviyyəsinə qədər artacağı, iclasdan çıxacaq qərara və qlobal maliyyə bazarlarının bu qərara verəcəyi reaksiyadan asılı olaraq isə AMB-nin strategiyasını müəyyən edəcəyi ehtimal olunur.

Qeyd edək ki, FES-in iclasının tarixi yaxınlaşdıqca dollar qlobal valyuta bazarında möhkəmlənməyə davam edir. Belə ki, mayın 3-də 1,1615 USD/EUR olan məzənnə 4% azalaraq 1,1155 USD/EUR-a enib. Bu, bir sıra ölkələrin valyutalarının dollarla müqayisədə zəifləməsinə səbəb olub. Belə ki, Çin yuanı bu gün dollarla müqayisədə yanvarın 8-də olan 6,5967 CNY/USD səviyyəsinə yaxınlaşıb. Bu səviyyə yuan üçün son 5 ilin ən aşağı həddidir. Çində dolların 6,80 yuan səviyyəsinə qədər bahalaşması və bunun bütün dünya valyutalarına təsir edəcəyi ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi