Bakı. 22 noyabr. REPORT.AZ/ ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) ölkədə uçot dərəcəsinin səviyyəsini 3,5%-ə çatdırana qədər qlobal maliyyə bazarlarında ciddi mənfi hadisənin olması gözlənilmir.
"Report"un analitik qrupu bildirir ki, faiz dərəcəsinin bu səviyyəyə çatdırılması üçün FED-ə ölkədə inflyasiyanı 2% hədəfinə çatdırması kifayət edəcək. İnflyasiyanın sürətlənməsi üçün isə ABŞ əlindəki bütün vasitələrdən istifadə edəcək. Qeyd edək ki, oktyabr ayında ABŞ-da illik inflyasiya 1,3% təşkil edib.
İnflyasiyanın sürətlənməsi üçün ABŞ-ın dolların məzənnəsini ucuz saxlayacağı və xammal qiymətlərinin, xüsusilə neftin yüksək qiymət səviyyəsində sabitliyini qoruyacağı proqnozlaşdırılır. Analitik qrup əsas valyuta cütlüyünün (avro/dollar) məzənnəsinin 1,14-1,21 USD/EUR, "Brent" markalı neftin isə 55-65 dollar/barel diapazonunda qalacağını ehtimal edir: "2018-ci ilin ortalarına doğru qiymətlərin və dolların məzənnəsinin bu səviyyədə qalması ABŞ-da inflyasiyanın, hətta 2% hədəfini ötməsinə gətirib çıxaracaq. Nəticədə FED-in uçot dərəcəsini daha sürətlə qaldıracağı gözlənilir".
Qeyd edək ki, ABŞ hökumətinin digər ölkələrlə ticarət anlaşmalarını yenidən nəzərdən keçirməsi və müxtəlif antidempinq qərarlarını davam etməsi də ölkədə inflyasiyanın səviyyəsini artıracaq.
Analitik qrup dekabrda FED-in uçot dərəcəsini 1,25-1,50% səviyyəsinə yüksəldəcəyini və 2019-ci ilin ortalarına qədər faizləri 3%-ə çatdıracağını ehtimal edir. Bu dövr ərzində FED-in uçot dərəcəsini 0,5 faiz bəndi addımları ilə artırması istisna edilmir.
Analitik qrup 2019-cu ilin I rübündən etibarən dünya iqtisadiyyatının və maliyyə bazarlarının pessimist əhval-ruhiyyə ilə üzləşəcəyini proqnozlaşdırır.