"Yaxın gələcəkdə dünyada zənginləşdirilmiş urana tələbat sürətlə artacaq və bununla da ucuz uran dövrü arxada qalacaq".
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu proqnozla Rusiyanın Atom Enerjisi üzrə Dövlət Korporasiyasının (“Rosatom”) İnkişaf və beynəlxalq əlaqələr şöbəsinin direktoru Kirill Komarov çıxış edib.
Bununla belə, “Rosatom” rəsmisi hazırda 1 funtunun (təxminən 450 qram) qiyməti 25-26 ABŞ dolları olan uranın hansı həddə qədər bahalaşa biləcəyi barədə heç nə deməyib. K.Komarovun bu nikbin bəyanatı ilə eyni vaxtda ABŞ-ın Ticarət Departamenti uran idxalının ölkənin milli təhlükəsizliyinə təsiri ilə bağlı apardığı araşdırmanın nəticələrini Ağ Evə təqdim edib. Araşdırma ABŞ-ın uran istehsalı ilə məşğul olan “Ur-Enerji Inc.” və “Energy Fuels Inc” şirkətlərinin müraciəti əsasında aparılıb.
"ABŞ-ın Rusiya və Çin kimi rəqiblərindən uran idxalını artırması təkcə onların fəaliyyətinə maneə deyil, həm də milli təhlükəsizliyə təhdiddir. Prezident Donald Trampın bunun təhlükəli olduğuna inandığını düşünürük”, - deyə uran istehsalçılarından birinin sözçüsü bildirib.
Qeyd edək ki, bu ilin əvvəlindən dünya bazarında uranın 1 funtu, təxminən, 3 dollar və yaxud 10% ucuzlaşıb. Okeanın o tayında baş verənlər isə yaxın vaxtlarda Rusiya istehsalı olan urana tələbatın azalacağından və bazarda ucuzlaşmanın davam edəcəyindən xəbər verir.
“Report”un Analitik qrupu hesab edir ki, uran yalnız süni amillər nəticəsində bahalaşa bilər, amma 2019-cu ildə onun qiymətinin 30 dollardan çox olması real deyil. Odur ki, “Rosatom”un nikbinliyinə əsas yoxdur.