“Report”: ABŞ-Çin ticarət müharibəsi səhm bazarında ən böyük korreksiya prosesinin başlanğıcı ola bilər

“Report”: ABŞ-Çin ticarət müharibəsi səhm bazarında ən böyük korreksiya prosesinin başlanğıcı ola bilər İnvestorlar özlərini qeyri-sabit vəziyyətdən sığortalamalıdır
Analitika
21 İyun , 2018 10:24
“Report”: ABŞ-Çin ticarət müharibəsi səhm bazarında ən böyük korreksiya prosesinin başlanğıcı ola bilər

Bakı. 21 iyun. REPORT.AZ/ Donald Tramp Administrasiyasının Çindən idxal olunan mallara qarşı yeni gömrük tariflərinin tətbiq olunacağı ilə bağlı açıqlamasından sonra ABŞ-ın səhm bazarında kəskin qiymət azalması baş verib.

“Report”un analitik qrupu bildirir ki, son nəticədə “Dow Jones” indeksi 0,4%, “S&P500” indeksi 0,2%, “Nasdaq” indeksi isə 0,65% düşüb.

Bununla yanaşı, Asiya ölkələrinin səhm bazarında da ucuzlaşma qeydə alınıb və “Shanghai Composite” indeksi (Çin) 3%, “Heng Seng” indeksi (Honq Konq) isə 2,2% azalıb. Təbii fəlakət xəbərlərindən sonra isə “Nikkei” indeksində (Yaponiya) 1,1% geriləmə müşahidə olunub. Bu həm də Çinlə sıx ticarət əlaqələrinə malik yapon şirkətlərinin bazar dəyərinin azalması ilə bağlıdır.

ABŞ prezidenti son qərarı ilə uzun müddətdir ki, Çinlə ticarətdə hökm sürən disbalansı aradan qaldıracağına ümid edir. 

Xatırladaq ki, 2017-ci ildə ABŞ-ın Çinlə idxal-ixrac əməliyyatlarında 375 mlrd. dollarlıq mənfi saldo yaranıb. 2018-ci ilin ilk 4 ayı üzrə fərq isə 80,4 mlrd. dollardır. Bu isə Çinin ABŞ istehsalı olan məhsullara qarşı daha konservativ siyasət yürütməsi, daxili bazarını həmin malların üzünə tam açmamasından irəli gəlir. D.Trampın son açıqlaması əslində Çinin 34 mlrd. dollarlıq ABŞ məhsullarına 25%-lik idxal tarifinin tətbiqinə dair qərarının ləğv olunması üçün xəbərdarlıqdır. Maliyyə bazarları isə bu açıqlamaya dərhal reaksiya verib.

ABŞ-da səhmləri ucuzlaşan şirkətlər əsasən Çinlə birbaşa biznes əlaqələri olanlardır. Məsələn, dünyanın aparıcı təyyarə istehsalçısı “Boing” 0,6% dəyər itirib. Bu baxından ticarət müharibələri həddindən çox həssas olan səhm bazarında ən böyük korreksiya prosesinin başlanğıcı ola bilər. Belə vəziyyətdə investorlar üçün ağıllı addım pullarını xarici ticarət əlaqələri zəif olan və yaxud qlobal miqyasda fəaliyyət göstərməyən şirkətlərin səhmlərinə yönəltmək, bu yolla özlərini qeyri-sabit vəziyyətdən sığortalamaqdır. 

Son xəbərlər

Orphus sistemi