"Report": 2016-cı ilin əsas hadisələri - İCMAL

"Report": 2016-cı ilin əsas hadisələri - İCMAL Başa çatmaqda olan il qlobal geosiyasətə və iqtisadiyyata böyük təsir göstərən müxtəlif hadisələrlə zəngin olub
Analitika
29 Dekabr , 2016 13:48
Report: 2016-cı ilin əsas hadisələri - İCMAL

Bakı. 29 dekabr. REPORT.AZ/ Artıq 2016-cı il son çatır. Cari il qlobal geosiyasətə və iqtisadiyyata təsir göstərən müxtəlif hadisələrlə zəngin olub. "Report" İnformasiya Agentliyi ən mühüm hadisələrin illik icmalını hazırlayıb.

İlin ən mühüm və çox güman ki, gözlənilməz hadisələrindən biri Böyük Britaniyanın Avropa İttifaqının sıralarını tərk etməsi ilə nəticələnən referendum - Qərb kütləvi informasiya vasitələrində "Brexit" kimi populyarlaşan proses olub. İyunun 23-də keçirilən referendumda Böyük Britaniyanın Aİ-dən çıxışının tərəfdarları 51,9% səs toplayaraq qalib gəlib. Əhalinin 48,1%-i isə ittifaqın tərkibində qalmağın lehinə səs verib.

Rusiyalı politoloq Pavel Klaçkov bildirib ki, Britaniyanın Aİ-dən çıxışı proseduru ətrafında amansız mübarizə davam edir və bu, həm siyasi, həm də informasiya-psixoloji xarakter daşıyır: "Böyük Britaniya cəmiyyətində və siyasi elitasında olan qüvvələrin - Britaniyanın Aİ tərkibində qalmasını istəyən mühafizəkarların təslim olmadıqlarını görürük. Onlar səlahiyyətləri çərçivəsində müəyyən səylər göstərir, eləcə də Böyük Britaniya parlamentində ittifaqdan çıxış prosesini ləngidə bilmək üçün hər cür məsələ qaldırırlar".

Onun sözlərinə görə, tendensiya Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxmasına doğru gedir: "Bu da qaçılmazdır. Bəlkə də Aİ dağılacaq, bilmək olmaz. Amma ən azı əvvəlki kimi qüdrətli olmayacaq. İttifaqdan tədricən çıxışlar çoxalacaq. Hazırda dünya düzəninin yenidən formalaşması prosesi gedir, tamamilə fərqli dünya nizamı formalaşır".

Qlobal geosiyasət üçün ilin daha bir mühüm hadisəsi noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkisi olub. Seçkilərdə Respublikaçılar Partiyasının namizədi Donald Tramp seçicilər kollegiyasının daha çox səsini qazanaraq qalib gəlib. Bu seçkilərin nəticəsi tam sürpriz olub: amerikalı ekspertlərin və KİV-lərin proqnozlarına zidd olaraq, D.Tramp Demokratlar Partiyasının namizədi, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonu üstələyib.

Azərbaycanlı ekspert Tofiq Abbasov isə D.Trampın seçkilərdəki qələbəsinin gözlənilən olduğunu bildirib: "Niyə? Çünki hazırkı geosiyasi vəziyyət bir sıra aspektləri və məqamları ilə ötən əsrin 70-ci illərinin sonunu xatırladır. O zaman Cimmi Karterin başçılıq etdiyi demokratlar ölkə sərhədlərindən kənarda ardıcıl uğursuzluqlara düçar olmuş, beynəlxalq səviyyədə ABŞ-ın mövqeyini ciddi sarsıtmışdı. Nəticədə ABŞ seçiciləri bu uğursuzluqları demokratlara bağışlamadı və seçkilərdə seçicilərə siyasət, sosial və iqtisadi qarışıqlıqları həll edəcəyini söz verən Ronald Reyqan qalib gəldi".

Onun sözlərinə görə, D.Tramp müəyyən mənada sələfinin dəst-xəttini təkrar edir: "D.Trampın rəhbərliyi altında ABŞ-ın xarici siyasəti daha çevik olacaq, bununla da açıq-aydın uğursuzluqlardan yayınmağın və Barak Obama administrasiyasının xətalarının nəticəsi olan xərclərin bəzilərinin kompensasiya edilməsi mümkün olacaq. O, müsbət dəyişikliklər kontekstində Rusiya, İran, Kuba və digər ölkələrlə sərt qarşıdurma şəraitində gərginliyi müəyyən dərəcədə aradan qaldıra bilsə, bu, dünyada çoxdan ehtiyac duyulan yumşalmaya gətirib çıxaracaq".

Təəssüf ki, bu il də terror aktları Yer kürəsinin müxtəlif nöqtələrində dünyanı sarsıtdı. Müxtəlif, o cümlədən qonşu ölkələrin maraqlarının toqquşduğu İraq və Suriyada münaqişələr bu günə qədər davam edir. Müharibənin qığılcımları isə bu və ya digər dərəcədə uzaq ölkələrə, hətta Avropa ölkələrinə gedib çatır. Məsələn, yanvar ayında Pakistanda yaraqlıların yerli ali məktəbə hücumu nəticəsində 26 nəfər ölüb, iyun ayında İstanbulda terrorçu-kamikadzelərin aeroportdakı hücumları nəticəsində 45 nəfər dünyasını dəyişib və ya daha əvvəl - yanvar ayında elə İstanbulda Sultanahmet meydanında törədilən partlayış zamanı 10 nəfər, o cümlədən Almaniya və Norveçdən olan turist ölüb, eləcə də iyul ayında Bağdadda törədilən ikili terror hücumu nəticəsində 292 nəfərin həyatına son qoyulub. Bu il terror aktları Aİ ölkələrindən də yan keçməyib. Fransada Bastiliya qalasının alınması günü Nitsa şəhərində terrorçu bulvarda yük maşınını insan izdihamının üstünə sürüb, bu yaxınlarda isə Almaniyanın paytaxtı Berlində Milad yarmarkasında terrorçu-sürücü avtomobili bazarın içərisinə doğru sürüb.

Şərqşünas İqor Pankratenko hesab edir ki, 2017-ci ildə terror aktlarının sayının artması tendensiyası davam edəcək: "Bu, İŞİD-in fəallığı səbəbindən baş verməyəcək. Məncə, bəzən bu qruplaşmanın etmədiklərini də onun adına çıxırlar. Əslində isə bu gün terrorizm kasıbların, heç bir ümidi və perspektivi olmayanların, müharibədən başqa həyat görməyənlərin silahıdır".

Yaxın Şərq və Cənubi Qafqaz regionu kontekstində ictimaiyyəti şoka salan daha bir hadisə iyulun 15-dən 16-na keçən gecə Türkiyədə baş verən dövlət çevrilişi cəhdi olub. Ölkədə bir qrup hərbçi dövlət çevrilişinə cəhd edib. Lakin xalqın dəstəyi sayəsində Türkiyənin qanuni prezidenti və hökumətini devirmək mümkün olmayıb. Türkiyə hökuməti bu işdə ABŞ-da yaşayan Fəthullah Gülənin başçılıq etdiyi Fətullahçı Terror Təşkilatını (FETÖ) ittiham edib.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, çevriliş cəhdi birbaşa Türkiyə ordusunda yer alan Gülənçi qüvvələrin dəstəyi ilə həyata keçirilib: "Çevriliş cəhdinin nəticələri hələ də aradan qaldırılır. Çünki çox sayda insan həbs edilib. Türkiyədə çevriliş cəhdinin izləri uzun müddət qalacaq". 

Onun sözlərinə görə, Gülənçilər illər ərzində Türkiyənin dövlət strukturlarına sızaraq ölkəni daxildən zəiflətməyə çalışıb: "Lakin Türkiyənin qarşısında digər problemlər, xüsusilə də terrorizmə qarşı mübarizə dayanır. Türkiyədə demək olar, hər gün partlayış olduğunu görürük. FETÖ Türkiyənin sabitliyini pozmaq üçün xarici qüvvələrdən istifadə etməyə çalışırlar. Hesab edirəm ki, Türkiyə güclü dövlət kimi FETÖ timsalında təhlükəni neytrallaşdıra və terrorizmə qarşı mübarizədə uğur əldə edə biləcək".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq 25 ildir həll olunmamış qalır. Bu il aprel ayının əvvəlində isə vəziyyət yenidən gərginləşib. Aprelin 1-dən 4-dək davam edən aprel döyüşlərində təmas xəttində tərəflərin fəal toqquşmaları olub. Bu dördgünlük müharibə nəticəsində Azərbaycan Silahlı Qüvvələri Talış kəndi ətrafındakı yüksəklikləri işğaldan azad edib, eləcə də Füzuli rayonu istiqamətində strateji əhəmiyyət daşıyan "Lələtəpə" yüksəkliyi ordumuzun nəzarəti altına keçib. Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər nəticəsində Ermənistanın 200-dən çox hərbçisi öldürülüb, 500-dən çoxu isə yaralanıb.

Rusiyalı konfliktoloq Yevgeni Mixaylov hesab edir ki, aprel döyüşləri Azərbaycanın öz ərazilərini hərbi yolla geri qaytarmağa hazır olduğunu göstərib: "Azərbaycan ordusu müasir silahlarla təchiz olunub və onlarla işləməyi bacarırlar".

Onun fikrincə, Rusiya gələcəkdə münaqişənin gərginləşməsinin qarşısını almaq üçün çalışacaq. "Ölkəmizin səyləri nəticəsində aprel döyüşlərində daha çox qan tökülməsinin qarşısını alıb. Ümid edirəm ki, artıq 2017-ci ildə Azərbaycanın işğal olunmuş rayonları sülh yolu ilə geri qaytarılacaq".

Bu il Azərbaycan üçün vacib və əhəmiyyətli hadisələr sırasında Roma Papası Fransiskin Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Bakıya gəlişini də qeyd etmək olar. Çünki bundan əvvəl Roma Katolik Kilsəsinin rəhbərinin Bakıya səfəri sonuncu dəfə 14 il əvvəl olub: 2002-ci ildə ölkəmizə Roma Papası II İohann Pavel gəlib.

Oktyabrın 2-də baş tutan səfər zamanı Roma Papası bir sıra rəsmi şəxslərlə, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Müqəddəs taxtın rəhbərinin iştirakı ilə həmçinin Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi Kilsəsində dini mərasim keçirilib.

Politoloq İlqar Vəlizadə hesab edir ki, Roma Papasının Bakıya səfəri Azərbaycanla Vatikan arasında müxtəlif sahələrdə maraqların olduğunu nümayiş etdirib: "Bu səfər Vatikanla birgə humanitar layihələr həyata keçirmək üçün Azərbaycanın son vaxtlar göstərdiyi səylərin real və konkret nəticələr verdiyini göstərdi. Əməkdaşlıq perspektivlərinə gəlincə, bu səfərin artıq işlənmiş müəyyən layihələr əsasında Azərbaycanla Vatikan arasında əlaqələrin inkişafı üçün əsas olduğunu qeyd etmək vacibdir. Bakı və Vatikan arasında yaxşı münasibətlərin mövcudluğu ən azı Papanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində mövqeyinin qərəzsizliyə doğru dəyişməsinə imkan verəcək".

Son xəbərlər

Orphus sistemi