Baş nazir Əli Əsədov Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının və birgə Biznes Forumunda iştirak məqsədilə mayın 7-8-də Ankarada rəsmi səfərdə oldu. Səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirən Ə.Əsədov mayın 8-də Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşdü. Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Danışıqlardan sonra bir sıra sənədlər, o cümlədən, Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bir sıra istiqamətlərini əhatə edən Fəaliyyət Planı imzalanıb.
Həmçinin iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında ticarətin asanlaşdırılması üzrə birgə işçi qrupun yaradılmasına dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında heyvan xəstəlikləri ilə mübarizə üzrə əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Xarici İqtisadi Əlaqələr Komitəsi (DEİK) Türkiyə – Azərbaycan Biznes Şurası arasında Anlaşma Memorandumu” imzalanıb.
Keçirilən birgə mətbuat konfransında tərəflər bu çərçivədə mühüm fikirlər səsləndirdilər. C.Yılmaz dedi ki, işğaldan azad olunmuş ərazilərlə bağlı Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsi nəzərdə tutulur.
Vitse-prezident bildirib ki, qarşılıqlı əməkdaşlığın inkişafında hər iki dövlət başçısının xüsusi rolu var:
"Ölkələr arasında iqtisadi əlaqələr bundan sonra da inkişaf edəcək. Biz universitetlərarası əlaqələrin, işğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuq".
Azərbaycanla Türkiyə arasında əlaqələr bütün sahələr üzrə inkişaf edir. Belə demək mümkünsə, əlaqələrin genişləndirilməsi kompleks xarakter daşıyır. Sözsüz ki, bu, həm də iqtisadi əlaqələrə aiddir.
Ümumiyyətlə, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi nəticəsində Qarabağın işğaldan azad olunmasından sonra Türkiyə şirkətləri bölgənin bərpasına intensiv şəkildə investisiya ayırmağa başladı. 2020-ci ildən bəri bu istiqamətdə Türkiyə ilə Azərbaycan arasında müxtəlif səviyyələrdə müzakirələr aparılıb. Proseslərin inkişafı onu deməyə əsas verir ki, hər iki tərəf bu sahədə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Xatırladaq ki, 2023-cü ilin avqustunda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Türkiyə və Azərbaycan nümayəndə heyətləri arasında dəyirmi masa formatında görüş keçirilmişdi. Görüşdə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Qəyyumlar Şurasının və İdarə Heyətinin sədri Aygün Attarın rəhbərlik etdiyi nümayəndə heyəti 23 şirkətlə təmsil olunmuşdu. Həmin görüş zamanı Türkiyə şirkətlərinin işğaldan azad olunmuş ərazilərə yatırdıqları investisiyanın artırılması imkanları müzakirə edilmişdi. Bundan sonra isə sözügedən istiqamətdə əməli addımlar atılmışdı.
Əslində, Türkiyənin işğaldan azad olunmuş ərazilərə investisiya ayırması və bu prosesdə fəal iştirak etməsi yalnız iqtisadi yox, həm də siyasi hadisədir. Bu, rəsmi Ankaranın Cənubi Qafqazdakı mövcudluğunun və əlbəttə, Bakının yanında olmasının növbəti təzahürüdür.
Baş nazirlə vitse-prezidentin mətbuat konfransında Qarabağ zəfərini tarixi qələbə adlandıran C.Yılmaz vurğulayıb ki, Türkiyə Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırdır. Təbii, bu, həm də uzunmüddətli dövr üçün regionda əməkdaşlıq mühitinin formalaşdırılmasına yönəlik mövqe kimi qiymətləndirilə bilər.
Məsələ burasındadır ki, Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsindən sonra regionda yeni mərhələnin əsası qoyulub. İndi bölgə üçün əsas çağırışlardan biri regional əməkdaşlıq mühitinin təmin edilməsidir. Bunun üçün isə iqtisadi əlaqələrin gücləndirilməsi şərtdir. O baxımdan, Türkiyənin işğaldan azad olunmuş ərazilərə investisiya ayırması sadəcə, iki ölkə üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır.
Bakı və Ankaranın bundan sonra da birlikdə, koordinasiyalı hərəkət edəcəyini düşünmək olar. Ə.Əsədov Ankarada bu barədə açıq mesaj verdi. C.Yılmazla həm də 44 günlük müharibənin nəticələrini müzakirə etdiklərini diqqətə çatdıran Azərbaycan Baş naziri bildirdi ki, hər iki ölkə strateji tərəfdaşlığın bundan sonra da davam etdirilməsində maraqlıdır.
Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Ə.Əsədov Prezident İlham Əliyevin COP29-a rəsmi dəvət məktubunu Türkiyə liderinə təqdim etdi. Noyabrda Azərbaycanın ev sahibliyi edəcəyi bu beynəlxalq əhəmiyyətli tədbirdə Türkiyə dövlət başçısının iştirakı, əlbəttə, həm də böyük rəmzi məna daşıyır. Nəzərə almaq lazımdır ki, artıq uzun illərdir, Azərbaycanda və Türkiyədə keçirilən genişmiqyaslı tədbirlərdə liderlər əsas qonaq kimi iştirak edirlər. Bu, Bakı ilə Ankaranın bütün səviyyələrdə və bütün hallarda bir-birinin yanında olmasının göstəricisidir.
R.T.Ərdoğanın Ə.Əsədovla xüsusi müzakirə etdiyi mövzulardan biri də Cənubi Qafqazdakı son durum idi. Türkiyə lideri diqqətə çatdırdı ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalı və regionda sabitliyə nail olunmalıdır.
Ərdoğan Bakı ilə İrəvan arasında əldə olunan irəliləyişdən məmnun olduğunu və iki ölkənin xarici işlər nazirləri - Ceyhun Bayramovla Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşündən müsbət nəticələr gözlədiyini qeyd edib.
O, nizamlama prosesinə birtərəfli və qərəzli kənar müdaxilələrin regionu geosiyasi qarşıdurma meydanına çevirməsinin qarşısını almaq üçün Türkiyə ilə Azərbaycanın sıx əməkdaşlığı davam etdirəcəyini, Ankaranın Bakıya bütün sahələrdə dəstəyinin davamlı olacağını vurğulayıb.
Bölgədə sülhün təmin olunması üçün əsas maneələr artıq aradan qalxıb: Azərbaycan özünün ərazi bütövlüyünü təmin edib, separatizmə son qoyulub, delimitasiya prosesi başlayıb. Bütün bunların fonunda rəsmi İrəvanın ritorikasında da pozitiv dəyişikliklər müşahidə olunur. Hazırda münasibətlərin normallaşmasına əngəl yaradan əsas amillərdən biri üçüncü güclərin regiona müdaxilə cəhdlərindən hələ də imtina etməmələridir. Bu baxımdan, Türkiyə liderinin fikirləri xüsusi əhəmiyyətə malikdir. R.T.Ərdoğanın açıqlaması həm də bölgəyə müdaxilə niyyətindən imtina etmək istəməyən güclərə açıq xəbərdarlıqdır. O, bir daha yada saldı ki, Bakı qətiyyən tək deyil, Ankara da regiondadır.
Beləliklə, deyə bilərik ki, Azərbaycan Baş nazirinin Türkiyəyə səfəri kifayət qədər uğurlu və məhsuldar oldu. Bu, regionun iki ciddi aktoru arasında əlaqələrin gələcəkdə daha da güclənməsinin zəruriliyini və mümkünlüyünü göstərdi.