Radioyayım sahəsində dönüş - keyfiyyət artacaq, zərərli müdaxilələrin qarşısı alınacaq - ŞƏRH

Radioyayım sahəsində dönüş - keyfiyyət artacaq, zərərli müdaxilələrin qarşısı alınacaq - ŞƏRH Müstəqillik əldə etdikdən sonra ölkəmizdə kütləvi informasiya vasitələrinin, xüsusən də televiziya və radioların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində mühüm tədbirlər görülüb və proses uğurla davam edir. Bu illər ərzində bu istiqamətdə Azər
Analitika
26 İyul , 2023 16:44
Radioyayım sahəsində dönüş - keyfiyyət artacaq, zərərli müdaxilələrin qarşısı alınacaq - ŞƏRH

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə kütləvi informasiya vasitələrinin, xüsusən də televiziya və radioların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində mühüm tədbirlər görülüb və proses uğurla davam edir. Son illər ərzində bu istiqamətdə Azərbaycan Prezidenti tərəfindən çoxsaylı sərəncam və qərarlar qəbul edilib. Görülmüş tədbirlər nəticəsində respublikada müstəqil televiziya və radiokanalları cəmiyyətimizin ayrılmaz tərkib hissəsi kimi siyasi plüralizmin və söz azadlığının nümunəsinə çevrilib. Son vaxtlar da ölkəmizdə mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsi və fasiləsiz enerji təminatı üçün zəruri infrastrukturun yaradılması istiqamətində addımlar atılır.

Bu günlərdə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” sərəncamı da bu qəbildən hesab etmək olar. Ölkədə radioyayım sahəsində mühüm və zəruri qərar kimi qiymətləndirilməli olan sərəncama əsasən, Azərbaycan ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün avadanlığın alınması və quraşdırılması, eləcə də mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması nəzərdə tutulub. Eyni zamanda dayanıqlı fəaliyyətinin təmin edilməsini dəstəkləyən zəruri infrastrukturun yaradılması və istismar xərclərinin maliyyələşdirilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 13,7 milyon manat vəsait ayrılıb. Göstərilən tədbirlərin icrası ilə əlaqədar hökumət növbəti üç il ərzində istismar xərclərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq illər üzrə dövlət büdcəsi layihəsində nəzərdə tutulmasını təmin etməlidir və bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Beləliklə, sərəncam ilk növbədə aşağıdakı məsələlərə şərait yaradacaq:

Birincisi, ölkədə mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsi və fasiləsiz enerji təminatı üçün zəruri infrastruktur yaradılacaq.

İlham Əliyev
İlham Əliyev

İkincisi, bu, radioyayım şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, milli radiotezlik resursundan səmərəli istifadə deməkdir. Bu baxımdan da Prezidentin sərəncamı radioyayım sahəsinə, radiokanalların səmərəli fəaliyyətinə dövlət qayğısının təzahürü kimi qiymətləndirilməlidir.

Ölkə rəhbərliyi media sahəsinin hərtərəfli inkişafına daim diqqət göstərir. Televiziya, onlayn və çap mediaları ilə yanaşı radionun da inkişafı diqqət mərkəzindədir və bu, ardıcıl xarakter daşıyır. Məsələn, 2022-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması məqsədilə Azərbaycan Prezidentinin Sərəncamı bu istiqamətdə ciddi dəyişikliklərə səbəb olmaqdadır.

Bir faktı da qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 20 radiokanalın 16-sı əsasən Bakıda yerləşir. Bu istiqamətdə qəbul olunan sərəncamlar radiokanalların ölkə ərazisində də geniş yayılmasına şərait yaradacaq. Bu kanalların bölgələrə çıxışı isə reklam bazarının da genişlənməsinə xidmət etməklə yanaşı, müasir yayım avadanlıqlarının və texnologiyalarının istifadəsi radio yayım keyfiyyətini yüksəldəcək, tezliklərdən səmərəli istifadə ediləcək, ölkə ərazisində yayımın dayanıqlığı və fasiləsizliyi, davamlı enerji təminatı təmin olunacaq. Nəticədə radio kanalların texniki təminatı, o cümlədən Naxçıvanda mövcud olan radioyayım infrastrukturu da müasirləşdiriləcək.

Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsi nəticəsində azad olunan ərazilər bu istiqamətdə müvafiq işlərin aparılması üçün geniş fəaliyyət imkanları yaradıb. Bu istiqamətdə çoxsaylı sərəncam və qərarlara imza atılıb. Məsələn, təkcə 2021-ci ildə Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi məqsədilə Prezident sərəncamı ilə vəsait ayrılıb. Elə həmin il televiziya və radioların texniki imkanlarının artırılması, əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilib.

Məlumat üçün bildirək ki, Şuşa Radio-Televiziya Yayım Stansiyası 1966-cı ildə inşa edilib. Sovet dönəmində radio-televiziya proqramları bu stansiya vasitəsilə Qarabağa və Naxçıvan Muxtar Respublikasına ötürülürdü. Şuşa işğal olunana qədər teleradio proqramlarının bu bölgələrə ötürülməsinə ermənilər hər vasitə ilə mane olurdular. 1992-ci ildə Şuşa işğal olunduğu zaman stansiyanın fəaliyyəti nəzarətdən çıxmışdı. Vətən müharibəsində əldə olunmuş Qələbədən sonra Şuşa Radio-Televiziya Yayım Stansiyasında radio-televiziya yayımlarının təşkili bərpa edilib. Belə ki, stansiyadan yayımlanan 10-dan artıq televiziya proqramının Şuşa, Xankəndi şəhərlərində və Xocalı, Ağdam, Bərdə rayonlarında, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin olunub. Layihəyə əsasən tikiləcək 130 metrlik metal qüllənin və texniki binanın inşası Azərbaycanın telekommunikasiya sisteminin inkişaf etdiyi ölkələrdən birinə çevrildiyinin daha bir sübutudur.

Bu ilin əvvəllərində Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirmə işləri də bitib. Bu stansiya "Bakı Teleqüllə Kompleksi"ndən sonra Azərbaycanda ikinci metal-beton konstruksiyalı, yeni dizaynlı bir stansiya olacaq. Bundan əlavə işğaldan azad edilmiş ərazilərdə digər stansiyaların da tikintisi planlaşdırılıb. Bunlar Zəngilanda Mincivan stansiyası, Qubadlının Xanlıq və Balasoltanlı stansiyalarıdır. İşğaldan azad edilmiş ərazilərdə vaxtilə 25-ə yaxın stansiya olub və bu ərazilər işğaldan azad edildikdən sonra ilkin monitorinqlər nəticəsində 20-ə yaxın stansiyanın bərpa edilməsinə qərar verilib. Azad edilmiş ərazilərdə 6 stansiyada yayım bərpa olunub. Eyni zamanda Xocavəndin Hadrut qəsəbəsi yaxınlığında Şahyeri stansiyası da fəaliyyət göstərir və burada da 10-a yaxın televiziya proqramı və 5 FM kanalı yayımlanır. Laçın və Kəlbəcərdə də müvəqqəti olaraq radio və televiziya yayımı bərpa edilib. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri sırasında həmin bölgədə tele-radio yayım infrastrukturunun da yaradılması nəzərdə tutulur. Bununla da ölkənin efir məkanının dayanıqlığı təmin olunacaq.

Beləliklə, yaxın müddətdə Azərbaycanın bütün ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi istiqamətində ciddi nailiyyətlər əldə olunacaq. Ölkə rəhbərliyinin bu istiqamətdə gördüyü işlər, qəbul edilən qərarlar, imzalanan sərəncamlar da bunu deməyə əsas verir.

Son xəbərlər

Orphus sistemi