Bakı. 14 dekabr. REPORT.AZ/ Ümumiyyətlə, tarixə tez-tez boylanmaq geriyə baxmaq əlamətidir. Geriyə tez-tez boylananın isə yıxılma ehtimalı böyük olsa da, bəzən tarixin vərəqlənməsinə ehtiyac duyulan hadisələr də baş verir. Hətta bir çox hallarda tarix özü yada salınmasını tələb edir və son günlər Qüds ətrafında baş verənlər də yenidən tarixə qayıtmağımıza səbəb oldu.
Dekabrın 6-da ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və ölkəsinin səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsi ilə bağlı qərar imzalayıb. Dekabrın 13-də isə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda bununla bağlı fövqəladə zirvə toplantısı keçirilib. Bu da yüz il əvvəl əsası qoyulmuş tarixi hadisəni yada salır. Belə ki, 1917-ci il noyabrın 2-də İngiltərənin o vaxtkı xarici işlər naziri Artur Ceyms Balfor Britaniyanın İcmalar Palatasının üzvü və siyasətçi Valter Rotşiltə məktub yazıb və yəhudilərin dövlətinin qurulması və onların Fələstinə köçürülməsindən bəhs edib. Bu sənəd tarixdə “Balfor bəyannaməsi” adlanır. Bu il həmin sənədin 100 yaşı tamam oldu. Tarixi rəqəmlərə görə 1887-ci ildə Fələstin əhalisinin 3 faizini yəhudilər təşkil edib. I Dünya müharibəsi başa çatdıqdan sonra - 1918-ci ildən yəhudilərin Fələstin torpaqlarına köçü başlayıb. Daha bir yuvarlaq tarixi rəqəm: 70 il əvvəl, 1947-ci ildə İngiltərə Fələstindən çıxdıqdan sonra BMT 181 saylı qətnamə qəbul edib. Həmin sənədə əsasən, bu torpaqlarda iki dövlətin yaradılması layihəsi qəbul edilib. Ötən illər ərzində dövlətlərdən biri - İsrail yaradılıb və böyüyüb, Fələstin isə kiçildilə-kiçildilə az qala xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalıb.
Ötən gün İstanbuldakı fövqəladə sammitdə Qüds problemi ilə yanaşı, dünyadakı müxtəlif münaqişəli məsələlər, işğal faktlarından da bəhs edilib. Prezident İlham Əliyev toplantıda həm Fələstin, həm də Dağlıq Qarabağ münaqişəsindən danışıb: “ABŞ prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhəri ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır. Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır”.
Dövlət başçısı toplantıda Dağlıq Qarabağ və ətraf rayonların işğalı faktını da iştirakçıların diqqətinə çatdırıb: “Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla bütün mədəni abidələri məhv etmişdir. Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”.
Nəhayət, sammitin yekun bəyannaməsində Şərqi Qüdsün Fələstinin paytaxtı olaraq tanındığı vurğulanıb. Sənəddə ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə birtərəfli qərarı rəsmi Təl-Əvivin 1967-ci ildə Şərqi Qüds də daxil olmaqla işğal etdiyi Fələstin torpaqlarında apardığı irqi ayrı-seçkilik, etnik təmizləmə siyasətinə dəstək verən addım kimi dəyərləndirilib. Bəyannamədə məlum qərarın BMT Təhlükəsizlik Şurasının 1980 və 2016-cı ildə qəbul edilən qətnamələrinə ziddi olduğu da vurğulanıb: "ABŞ administrasiyası bu qərarından geri çəkilməzsə, baş verəcəyi ehtmal olunan bütün acı nəticələrə görə məsuliyyət daşıyacaq".
Toplantıda Fələstin dövlətinin başçısı Mahmud Abbas daha kəskin çıxış edib və bu anlaşılandır: “ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailə hədiyyə etmək istəyir. O, bununla özünü ABŞ-ın əyalətlərindən birini İsrailə verirmiş kimi aparır. Bu gün Yaponiya, Böyük Britaniya belə ABŞ-ın yanında yer almayıb. İsrail BMT-nin Fələstinlə bağlı qətnamələrinə indiyədək əməl etməyib”.
İsrailin baş naziri Binyamin Netanyahu
İsrailin baş naziri Binyamin Netanyahu isə İƏT-in dekabrın 13-də İstanbulda keçirilən fövqəladə sammitinin yekun sənədinə belə münasibət bildirib: “Bu açıqlamalar bizi təsriləndirə bilmədi. Nəticədə doğru olan qazanacaq. Bir çox ölkə Qüdsü İsrailin paytaxtı olaraq tanıyıb və səfirliklərini bu şəhərə köçürəcəklər. Fələstinlilər radikallıq etməkdənsə, bu reallığı qəbul edərək sülh yolunda fəaliyyət göstərsələr, daha yaxşı iş görmüş olarlar”.
Heç şübhəsiz, müqayisə qüsurlu da olsa, qeyd etmək istəyirik ki, M.Abbasla B.Netanyahunun çıxışları, İƏT-in yekun bəyannaməsi Dağlıq Qarabağla bağlı çıxışları və qəbul edilən yekun sənədləri xatırladır. Bu oxşarlığın çoxsaylı məlum səbəblərindən bəhs etməyəcəyik. Əsas müzakirə Qüds olsa da, Qarabağ da yaddan çıxmamalıdır. Dünyanın bildiyi və etiraf etməkdə çətinlik çəkdiyi, bir sıra hallarda qorxduğu həqiqəti unutmaq olmur. Qarabağın 25 ildir işğal altında saxlanılması dünyada yalanın ayaq tutub yeriməsinin nəticəsidir. Ötən bu illərdə beynəlxalq vasitəçilərin işi gəzib dolanmaq, boş-boş bəyanatlar verməkdən ibarət olub. Bir də işğalçıya verilən dəstək belə vəziyyətin uzun zaman qalmasına səbəb olan amillərdəndir.
İƏT-in 57 üzvü var və 5 dövlət təşkilatda müşahidəçi statusuna malikdir. BMT-dən sonra İƏT ən böyük beynəlxalq təşkilat sayılır. Hər iki qurumun münaqişələrlə bağlı qəbul etdiyi qətnamələr yerinə yetirilmir. Hər iki təşkilatın vecsiz olduğunu deməyə adamın dili gəlmir. Çünki hərdən dərd bölüşməkdə, beynəlxalq ictimaiyyətə bəzi gerçəklərin çatdırlmasında rol oynayır. İstanbulda keçirilən fövqəladə sammitə də 48 üzv ölkənin dövlət, hökumət başçıları, xarici işlər nazirləri və diplomatik təmsilçiləri qatılıblar. Fələstin, o cümlədən Qüds münaqişəsinin həllində fəal dövlətlərdən sayılan Səudiyyə Ərəbistanı və Misir bu yığıncaqda xarici işlər naziri səviyyəsində təmsil olunublar. Misir prezidenti Əbdülfəttah əs-Sisinin rəsmi Ankara ilə probleminin olduğu məlumdur. Ancaq yaranmış bu vəziyyətdən umu-küsünü aradan qaldırmaq üçün də istifadə etmək olardı. Sammit keçirilən gün İsrailin kəşfiyyat və atom energetikası naziri İsrael Katsın Səudiyyə Ərəbistanını ərəb dünyasının lideri olaraq tanıdıqlarını bildirərək vəliəhd şahzadə Məhəmməd bin Salmanı ölkəsinə dəvət edib. Belə çıxır ki Tramp aparıcı müsəlman dövlətlərinin bəzilərinin Fələstin və Qüds probleminə laqeyd münasibətdən daha yaxşı xəbərdardır və ciddi, sərt müqavimətlə qarşılaşmayacağını əvvəldən bildiyindən arxayın formada belə bir addım atıb.
Ümumiyyətlə, müsəlman dövlətlərinin bir-birinin başı üzərindən digərinin düşmənləri ilə iş görməsi yeni hadisə deyil. Dağlıq Qarabağın işğalı və hələ də işğalda saxlanılması məsələsində Ermənistana dəstək verilməsi ilə bağlı Azərbaycan ictimaiyyətinə çoxsaylı faktlar məlumdur. İran İslam Respublikasının işğalçı Ermənistanla hərtərəfli əlaqə saxlayıb əməkdaşlıq etməsi bunu təsdiqləyir. Bu yaxınlarda isə Tehranda çıxan “Şərq” və başqa qəzetlər Qarabağdakı separatçıların “xarici işlər naziri” Masisi Mailyanın müsahibəsini yayıblar. Həmin müsahibədə “İranla Qarabağın sərhədindən” bəhs edilir. Bu sayaq davranışlara görə, İran rəsmilərinin Fələstin məsələsinə münasibətdə mövqeyi elə də səmimi görünmür. Təbii ki, bu, müsəlman dövlətlərinin bir-birinə münasibətindən sadəcə bir nümunədir. Hətta Fələstin münaqişəsinin indiyədək həll olunmamasının başlıca səbəblərindən biri də bu sayıla bilər. Bəs Donald Tramp bu qərarı niyə indi verib? Yaxud 22 il əvvəl Konqresin qəbul etdiyi sənədi niyə indi imzalayıb? Belə baxanda bu qərar Yaxın Şərqdəki mövcud vəziyyətlə uyğun gəlmir. Ona görə də yuxarıdakı sualları aşağıdakı kimi cavablandırmaq olar:
- Donald Tramp və onun administrasiyası müsəlman dövlətlərinin məsələyə münasibətini və gücünü bilir;
- ABŞ Yaxın Şərqdə, eləcə də İraq və Suriyadakı münaqişələr həll olunandan sonrakı dövrə hazırlaşır;
- İsrail məsələsinin indiki qarışıqlıqda həllinin mümkünlüyünə Donald Trampı inandırıblar;
- Tramp 2016-cı ilin martında yəhudi lobbisinin toplantısında demişdi: “ABŞ-ın səfirliyini yəhudi xalqının əbədi paytaxtı Qüdsə köçürəcəyik”. Müsəlman dövlətləri Trampın yuxarıda göstərilən vədini yerinə yetirəcəyinə hazır olmayıb;
- Tramp seçki kampaniyasına verilən 20 milyon dolların borcunu qaytarıb və s.
Qeyd edək ki, “New York Times” qəzeti Şeldon Adelson adlı kazinolar şəbəkəsinin başçısının Donald Trampın seçki kampaniyasına 20 milyon dollar, Respublikaçılar Partiyasının hesabına isə 1,5 milyon dollar köçürdüyünü yazıb. Donald Tramp iş adamı və milyarderdir. Belə ehtimal etmək olar ki, o, pulu və hakimiyyəti az sevmir. Ona görə də belə nəticəyə gəlmək olar ki, ABŞ prezidenti başçılıq etdiyi Respublikaçılar Partiyası ilə birlikdə Qüdsü 21,5 milyon dollara satıb. Nəzərə almaq lazımdır ki, iş adamı Donald Tramp prezident seçksində siyasətçini məğlub edib.
Beləliklə, ABŞ dünya siyasətində yüz ilə yaxındır əsas güclərdən biri, son 30 ildə isə təkbaşına gücdür. Odur ki, Qüdslə bağlı qəbul edilən qərar da bu gücün nümayişinin təzahürüdür. İƏT-ə üzv dövlətlərin, az qala, hamısı İsrail və ABŞ-la strateji müttəfiqdir, ticarət edir, eyni siyasi, hərbi blokdadır. Donald Tramp Vaşinqton-Təl-Əviv gücünə sığınaraq bu münasibətlərə məhəl qoymayıb. O, qərarı ilə Qərbdəki müttəfiqlərinə problem yaradıb. Donald Trampın Qüdslə bağlı qərarı belə tezliklə yerinə yetirilməyəcək. Ancaq bu məsələ ilə tarixə düşəcək. Onun gerisi yenə tarixlikdir. Qalan münasibətləri isə atalar sözü ilə belə xarakterizə etmək olar: “Dəyirman bildiyin edər, çax-çax baş ağrıdar”.