Azərbaycan paytaxtı oktyabr ayında bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. Bu ayın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.
Sabahdan isə Bakıda beynəlxalq əhəmiyyətli daha bir tədbir başlayacaq. Belə ki, oktyabrın 25-dən 29-dək Azərbaycan paytaxtında Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçiriləcək.
Bu qurumun başlıca prinsipi heç bir hərbi bloka qoşulmamaqdır. Hərəkatın əsası 1955-ci il aprelin 18-24-də İndoneziyanın Bandunq şəhərində keçirilən konfransda qoyulub. Təşkilat həmin toplantıda qəbul olunan “Bandunq prinsipləri” əsasında yaradılıb. Həmin toplantıya Asiya və Afrikanın təmsil edən 29 dövlətin liderləri qatılıb.
Rəsmi olaraq 1961-ci ilin sentyabrında keçmiş Yuqaslaviyanın (indiki Serbiya) paytaxtı Belqradda yaradılan hərəkatın 2011-ci ilin mayında üzvlərinin sayı 120-yə çatıb. Onlardan 37-si Asiya, 53-ü Afrika, 26-sı Amerika, 3-ü Okeaniya ölkəsidir. Avropa qitəsindən isə bir ölkə - Belarus təşkilatın üzvüdür.
17 dövlətin, o cümlədən Argentina, Braziliya, Mekska, Serbiya, Qazaxıstan, Ermənistan, 10 beynəlxalq təşkilatın (o cümlədən
Hərəkat – BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatdır. Bu gün dünya əhalisinin, təqribən, 55 faizi bu beynəlxalq birliyə üzv ölkələrdə yaşayır. Bu dövlətlər dünyanın neft ehtiyatlarının 75 faizindən, təbii qaz ehtiyatlarının 50 faizindən çoxuna, habelə nəhəng insan və təbii resurslara malikdirlər.
Hərəkat münaqişələrlə bağlı da ortaq mövqeyi bölüşür. Azərbaycanın yürütdüyü xarici siyasət kursu Qoşulmama Hərəkatının prinsipləri ilə uyğunluq təşkil edir.
Üzv olduqdan 8 il sonra hərəkatın Zirvə Görüşünə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq təşkilatlarda böyük nüfuzunun göstəricisi sayıla bilər.
Azərbaycan heç bir dövlətin daxili işlərinə müdaxilə etmir, xarici qüvvələrin də özünün daxili işlərinə qarışmasına imkan vermir. Eyni zamanda təcavüzkar xarici siyasət kursu həyata keçirmir. Bütün bunlar isə hərəkatın “Bandunq prinsiplərinə” uyğundur və rəsmi Bakı bunlara əməl edir.
Qoşulmama Hərəkatının başlıca prinsipləri BMT Nizamnaməsinə uyğun olaraq aşağıdakı təməl maddələri ehtiva edir:
- Bütün xalqların suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə hörmət;
- BMT Nizamnaməsinə uyğun olaraq hər bir xalqın özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququna hörmət və milli müstəqillik hərəkatının tanınması;
- Bütün irqlərin və xalqların bərabərliyinin tanınması;
- Hər hansı bir ölkənin ərazi bütövlüyünə təcavüz etməkdən və daxili işlərinə müdaxilədən çəkinmə;
- BMT Nizamnaməsinə uyğun olaraq bütün münaqişələrin sülh yolu ilə həlli;
- İnsan hüquqlarına hörmət,
- Müxtəlif xalqlar, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında qarşılıqlı hörmətin qorunması, dialoqun inkişaf etdirilməsi və tolerantlığın təşviqi,
- Müdafiə paktlarına və ya hərbi bloklara qoşulmamaqla hər hansı güclü dövlətin maraqlarına xidmət etməkdən, dövlətlərin bir-birinə və ya ərazi bütövlüyünə qarşı güc tətbiqindən qaçma,
- Soyqırım, müharibə cinayətləri, insanlığa qarşı törədilən hər hansı zorakı əməllərin, terrorçuluğun - kim, harda və nə məqsədlə həyata keçirilməsindən asılı olmayaraq – bütün formalarının kəskin tənqidi,
- Qarşılıqlı maraq və əməkdaşlığın təşviqi,
- Ədalət və beynəlxalq öhdəliklərə hörmət.
Azərbaycan yuxarıda sadaladığımız prinsiplərin hamısına birmənalı olaraq əməl edir. Bu üstünlükləri sayəsində rəsmi Bakı üzv dövlətlər arasında əlaqələdirici rol oynayır.
Bakıda belə bir forumun keçirilməsi Azərbaycana daimi diplomatik nümayəndəliklərinin olmadığı ölkələrlə əlaqələri möhkəmləndirmək üçün əlavə imkanlar yaradır.
Azərbaycan torpaqlarının Ermənistanın təcavüzü nəticəsində işğal olunması hərəkatın tədbirlərində üzvlərin diqqətinə çatdırılır. Bu, bütün məsələlərin səsvermə yolu ilə həll edildiyi və hər bir səsin bərabərhüquqa malik olduğu BMT-də və digər beynəlxalq platformalarda Dağlıq Qarabağ məsələsi ilə bağlı potensial dəstək qazanmaqdır.
İşğalçı Ermənistan və erməni lobbisi Azərbaycan ərazisində ikinci bir erməni dövləti yaratmağa səy göstərir. Hərəkata üzvülük Afrika, Latın Amerikası, Sakit okean ölkələrinə çıxış imkanı verir və Ermənistanın, erməni lobbisinin bəhs etdiyimiz istiqamətdən fəaliyyətinin qarşısını almağa yardım edir.
Bu baxımdan Qoşulmama Hərəkatında təmsil olunması Azərbaycanın haqq səsinin dünyada eşidilməsi üçün bir vasitədir.
Məhz, hərəkata üzv olduğumuz qısa müddət ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyət arasında məlumatlılıq daha da artıb. 2012-ci ildə Tehranda keçirilmiş zirvə görüşündə qəbul olunan Yekun Sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində münaqişənin həllinə dəstək ifadə edilib. 2016-cı ildə də eyni qaydada, münaqişənin həll olunmamasına təəssüf ifadə edilib və problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək bildirilib.
Bundan başqa, Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində Qoşulmama Hərəkatı ölkələrinin səsi mühüm rol oynayıb.
Azərbaycanın hərəkata üzv olduğu müddətdə beynəlxalq hüquqa və ədalətə əsaslanan xarici siyasəti, üzv dövlətlər arasında böyük nüfuz qazanıb. Dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qəbul edilməsi bu etimadın və nüfuzun məntiqi nəticəsidir.
Həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olan bir ölkə kimi Azərbaycan malik olduğu müqayisəli üstünlüklərdən istifadə edərək Qoşulmama Hərəkatında sədrliyi çərçivəsində Avropa İttifaqı, Afrika İttifaqı, Amerika Dövlətləri Təşkilatı, ASEAN və s. təsisatlar və regionlarla təmas və dialoqun qurulması, inkişafı, əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə səy göstərəcək.
Belə beynəlxalq səviyyəli tədbirin Bakıda keçirilməsinin siyasi üstünlüyü ilə yanaşı, bir sıra iqtisadi əhəmiyyəti də var. Bu sayaq beynəlxalq forumların ölkədə keçirilməsi həm yerli xidmət sahələrində (otellər, nəqliyyat, mağazalar) gəlir əldə etməyə, daha vacibi isə ölkənin turizm potensialının uzunmüddətli möhkəmləndirilməsinə yol açır.
Hərəkat üzvləri arasında Azərbaycanın mühüm müttəfiqləri və nüvə dövlətləri də var. Məsələn, Azərbaycana qarşı təcavüzkarlıq nümayiş etdirdiyinə görə Pakistan Ermənistanı hələ də bir dövlət kimi tanımır. Qətər, Səudiyyə Ərəbistanı – dünya miqyasında mühüm iqtisadi oyunçulardır. Belarus, Özbəkistan Azərbaycanın postsovet məkanında yaxın dostları və tərəfdaşlarıdır.
Aparıcı güclər bu sayaq tədbirlərdə öz maraqlarının ifadə edilməsinə də çalışırlar. Venesuelanın prezidenti Nikolas Maduronun Bakı torplantısına qatılmasına ABŞ etiraz edir. Azərbaycan ABŞ-la müttəfiqdir. Ancaq bu Zirvə Görüşü rəsmi Bakının deyil, beynılxaql tədbirdir. Bu baxımdan üzv dövlətlərin liderlərin toplantıda iştirakını da Azərbaycan həll etmir. Elə hərəkatın başlıca prinsiplərindən olan “başqa dövlətin daxili işlərinə müdaxilə etməmək”də budur.
Əgər rəsmi Bakı Nikolas Madurounun sammitdə iştirakına əngəl yaradardısa, Qoşulmama Hərəkatının əsas prinsipini pozmuş olardı. Yuxarıda qeyd etdik ki, hərəkat BMT-dən sonra ən çox üzvü olan ikinici beynəlxalq təşkilatdır. Bu baxımdan onun toplantılarına da hörmətlə yanaşılması 120 dövlətə münasibətdir. Ona görə də Nikolas Maduro Venesuelanın legitim prezidentidir və ölkəsinin üzv olduğu təşkilatların iclaslarında tam iştirak hüququ var. Bu məsələni İran prezidentlərinin BMT-nin Baş Assambleylarının sessiyalarına qatılmaq üçün Nyu-Yorka səfəri ilə də müqayisə etmək olar. Bu baxımdan Azərbaycan ev sahibliyi etdiyi toplantı hərəkatın adı ilə bağlıdır. Orada iştirak edənlər isə öz dövlətlərini rəsmi olaraq təmsil edirlər. Rəsmi Bakının həmin ölkələrin əhalisinə və və hakimiyyətinə hörmət nümayiş etdirməsi bütün qaydalara, qanunlara, normalar və prinsiplərə uyğundur.
Beləliklə, Azərbaycan beynəlxalq münasibətlərin inkişafına daha bir töhfə verir.