Bakı. 3 aprel. REPORT.AZ/ ABŞ-ın səhm bazarı ötən gün 1929-cu ildən bəri olan ən pis aprel başlanğıcını etdi. “S&P500” fond birjası indeksi bir gün ərzində 2,2% azalıb. Sonuncu dəfə bu cür kəskin azalma 89 il bundan əvvəl – 2,5% həddində baş verib və bu, “Böyük Depressiya” dövrünün başlanğıc siqnalı olub.
İndeksin azalması, əsasən, 2 amillə izah olunur. Bunlardan biri Çinin ABŞ-a cavab olaraq müəyyən etdiyi ticarət tarifləridir. Belə ki, ABŞ prezidenti Donald Trampın dəmir və alüminium idxalına gömrük rüsumunun tətbiqi ilə bağlı qərarından sonra Çin bu ölkənin istehsalı olan 120 məhsula qarşı eyni addımı atmaq, ticarət tarifləri müəyyən etmək barədə qərar qəbul edib. Bu addımlar iki ölkə arasında ticarət müharibəsinin başlanması demək olduğundan qlobal səhm bazarı kəskin ucuzlaşmaya məruz qalıb.
Əslində ABŞ-ın illik dəyəri 60 mlrd. olan idxal mallarına gömrük rüsumunun tətbiqinə qarşı qərarına Çinin yalnız 3 mlrd. dollarlıq məhsullara tarif müəyyən etməsi və ABŞ-ın Çinə ən böyük ixrac məhsulu olan soya ilə bağlı heç bir addım atmaması rəsmi Pekinin Vaşinqtona danışıqlara getmək istəyindən xəbər verir. Bununla belə, tərəflər arasında razılıq əldə olunmasa, Çin əlavə tədbirlər görə bilər ki, bu da səhm bazarındakı qiymət azalmasını gücləndirə bilər. Yeri gəlmişkən, hazırda Asiyanın əksər fond birjalarında da indekslərin enməsi müşahidə edilir.
“S&P500” indeksinin azalmasını şərtləndirən digər amil isə texnologiya nəhəngləri “Amazon” və “Facebook”la bağlı yayılan mənfi xəbərlər və onların səhmlərinin dəyərdən düşməsidir. Məsələn, D.Trampın “Amazon”u Mərkəzi Poçt Sistemindən istifadə etməsinə baxmayaraq, oxşar bizneslə məşğul olan digər şirkətlərlə müqayisədə az vergi ödəməkdə rəqiblərini bazardan çıxarmaqda ittiham etməsi elektron ticarət nəhənginin səhmlərini 5% ucuzlaşdırıb. Bundan başqa, “Facebook”un 50 mln. istifadəçisinin şəxsi məlumatlarının D.Tpampın seçki kampaniyasını aparan “Cambridge Analytica” şirkətinə ötürməsi barədə deyilənlər də sosial şəbəkənin bazar dəyərini azaldıb. “Facebook”u ucuzlaşdıran həm də “Apple” və “Tesla” kimi şirkətlərin rəhbər şəxslərinin sosial şəbəkəyə yönəlmiş tənqidləridir.
Səhm bazarındakı böhranın mənfi nəticələrinin istiqraz bazarına da sıçradığı görünür. Belə ki, ABŞ-ın yüksək faizli dövlət istiqrazlarının riskinin göstəricisi 2016-dan bəri olan ən yüksək həddə çatmışdır. Dünya bazarında xam neftin ucuzlaşması isə “qara qızıl”ın qiymətinə bağlı borc qiymətli kağızlarını dəyərdən salıb. Bu prosesin davam edəcəyi istisna deyil. Hər şey mərkəzi bankların pul-kredit siyasətindəki dəyişikliklərin dünya iqtisadiyyatının artım tempinə təsirindən, neftə tələbatdan asılıdır.
Bu arada, maliyyə bazarlarındakı gərginlik daha etibarlı investisiya aləti sayılan qızıla tələbatı artırmaqda, bu qiymətli metalı bahalaşdırmaqdadır.