Koronavirus pandemiyasının mənfi təsirlərini üzərindən atmağa çalışan Azərbaycan ötən ili kifayət qədər uğurlu makroiqtisadi göstəricilərlə başa vurub.
"Report" xəbər verir ki, ölkənin Ümumi Daxili Məhsul (ÜDM) 5,6 % artaraq 92,8 milyard manata çatıb. Qeyri neft sektoru üzrə artım 7 % səviyyəsində olub. Strateji valyuta ehtiyyatları 2,5 milyard ABŞ dollarına yaxın artaraq 53,2 milyard ABŞ dollarına çatıb ki, bu da xarici dövlət borcundan 6 dəfə çoxdur.
Qeyri-neft ixracı 47 %-dən çox, o cümlədən kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ixrac 18,3 % artıb. Lakin qlobal iqtisadiyyatda cərəyan edən mənfi proseslər ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin formalaşmasına əlavə təzyiq göstərib. Nəticədə illik inflyasiya 12 % həddində qərarlaşıb.
2021-ci ildə Azərbaycanda ümumi inflyasiyanın təqribən 60 %-i ərzaq inflyasiyasının payına düşüb. Beləliklə ərzaq məhsullarının qiymətində 8,1 % həddində artım qeydə alınıb. Lakin regionun digər ölkələrində vəziyyət Azərbaycandakından daha pis olub. Belə ki, Qazaxıstanda ərzaq məhsulları hesabat dövründə 9,9 %, Ukraynada – 10,8 %, Rusiyada – 10,62 %, Özbəkistanda - 13 %, Gürcüstanda – 15,6 % bahalaşıb.
Ərzaq qiymətlərinin artım temipin digər region ölkələri ilə müqayisədə aşağı olması hökümət tərəfindən həyata keçirilən kompleks tədbirlərin nəticəsidir. Belə ki, xüsusilə ölkənin ərzaqlıq buğdaya tələbatının maksimal dərəcədə təmin olunması istiqamətində bir sıra addımlar atılıb. Belə ki, daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləği artırılıb. Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü ilədək uzadılıb. İri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlər ayrılıb.
Yaxın vaxtlarda reallaşdırılması nəzərdə tutulan tədbirlərə yüksək keyfiyyətli taxıl istehsalını stimullaşdırmaq üçün nəticə yönümlü subsidiyaların verilməsidir. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinə konkret tapşırıq verilib. Nazirlik aidiyyəti qurumlarla birlikdə fermerlərin maraqlarını nəzərə alaraq, buğda əkini və onun istehsalı ilə bağlı verilən subsidiyaların məhsulun nəticəsinə yönəldilməsi mexanizmini hazırlamalı və həyata keçirməlidir. Dövlət Ehtiyatları Agentliyi (Dövlət Taxıl Fondu tabeliyindədir) ölkənin taxıl məhsulları ilə etibarlı təminatı istiqamətində görüləcək işlərin indidən müəyyən edilməsi və müvafiq təkliflərin hazırlanması barədə tapşırıqlar verilib. Paralel olaraq istehlak bazarına antiinhisar nəzarəti gücləndiriləcək. Məhsulların qiymətlərinin formalaşmasında şəffaflığın təmin edilməsi üçün qiymətlərin davamlı monitorinqi həyata keçiriləcəkdir. Artıq respublikanın 68 şəhər və rayonları üzrə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dövlət Vergi Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələri tərəfindən unun satışı və çörəyin çəki və qiymətinə gündəlik ciddi monitorinqlər aparılır.
Ölkənin ərzaq təhlükəsizliyi və ərzaq təminatı ilə bağlı əsas hədəflər strateji məhsulların idxalının daxili istehsalla əvəzlənməsi, kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla ərzaq bazarında tələb və təklifin tarazlaşdırılmasına və özünütəminetmə səviyyəsinin artırılmasına nail olmaqdır. Lakin nəzərə almaq lazımdır ki, heç bir ölkə özünün zəruri ərzaq məhsullarına olan tələbatını 100 % daxili imkanlar hesabına təmin etmək iqtidarından deyil. Bütün ölkələr bu və ya digər formada idxaldan asılı vəziyyətdə qalır. Bu baxımdan dünya bazarında cərəyan edən hər hansı fors-major situasiya həmin ölkələrdə qiymətlərin formalaşmasına birmənalı şəkildə təsir edir. Azərbaycan da bu mənada istisna deyil. Ölkə ərzaqlıq buğdaya olan tələbatının 40 %-ni xarici mənbələr hesabına təmin edir.
Dünya bazarlarında taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45 %-dən çox artım baş verib. Belə ki, 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 ABŞ dollardan dekabr ayında 340 ABŞ dollara qədər artıb. Kənd təsərrüfatı məhsullarının qlobal qiymətlərinin son 10 ilin maksimumunda qərarlaşması bir sıra fundamental səbəbləri var. Bunlara iqlim şəraiti, enerji daşıyıcılarının qiymətlərinin artması, pandemiya ilə əlaqədar olaraq qlobal tədarük zəncirinin sıradan çıxması, ixracatçı ölkələrin daxili bazarı qorumaq məqsədilə xaricə tədarükü məhdudlaşdırması, aparıcı idxalatçıların ehtiyatlarını kəskin artırması fərqli faktorlar daxildir. Bütün bu səbəblər hələdə aktual olaraq qaldığından ərzağın qlobal bahalaşma prosesinin ən azından yaxın perspektivdə qalacağını deməyə əsas verir. Belə ki, bu gün Çin dünyanın ərzaq ehtiyatının 50 %-ni öz əlində cəmləşdirib. Bu ilin ilk yarısı ərzində bu ölkənin qlobal qarğıdalı ehtiyatlarının 69 %-nə, düyü ehtiyatlarının 60 %-nə, buğda ehtiyatlarının 51 %-nə sahib olacağı gözlənilir.
Koronavirusun yeni ştamı olan “Omikron”un yayılma sürəti bir çox ölkənin qapanmaya gedə biləcəyi ehtimalını artırır. Bu isə iqtisadi aktivliyin məhdudlaşdırılması və qlobal iqtisadiyyatın bərpa tempinin aşağı düşməsi deməkdir. Artıq Dünya Bankı qlobal ÜDM-in artım tempi üzrə proqnozunu pisləşdirərək 4,3 %-dən 4,1 %-ə salıb. Avropada qışın sərt keçməsi və yeraltı anabrlardakı təbii qaz ehtiyatlarının normadan xeyli aşağı olması “mavi yanacağın” və digər enerji mənbələrinin qiymətlərinə əlavə təziq göstərərək bazarda volatilliyin qalmasını stimullaşdıracaq.