Yuxarı

Qızılın ucuzlaşması davam edəcək

Qızılın ucuzlaşması davam edəcək 621
Bu ilin əvvəli ilə müqayisədə hazırda qızılın qiyməti 9% yüksəkdir

Bakı. 20 iyun. REPORT.AZ/ Dünya bazarında qızılın qiyməti son 1 ayın minimum həddinə düşüb. "Report" xəbər verir ki, hazırda 1 248 ABŞ dollarına satılan qızılın hər unsiyasının qiyməti son 1 ayda 4% geriləyib. 

Qızılın qiymətinin ucuzlaşması qlobal maliyyə bazarlarında riskli aktivlərə tələbatın artması ilə yanaşı Federal Ehtiyat Sisteminin (FED) iyun ayında uçot dərəcəsini artırması ilə bağlı olub. "Report"un analitik qrupu bildirir ki, qızılın qiymətinin texniki təhlillərə əsasən, 1 300 dollar/unsiya səviyyəsində önəmli maneə mövcuddur. Bu səviyyəni iyun ayının 6-7-də keçə bilməyən qızıl kəskin ucuzlaşma ilə üzləşib. Hazırda qızılın qiymətinin yüksəlməsi üçün heç bir səbəb yoxdur. Analitik qrup bildirir ki, qızılın qiyməti yaxın aylarda 1 200 dollar//unsiyadan aşağı - 1 170 dollar/unsiyaya düşə bilər. Xatırladaq ki, ilin əvvəli ilə müqayisədə qızılın qiyməti 100 dollar və ya 8,7% baha satılır.

Qeyd edək ki, dünən, iyunun 19-da Nyu-York FED-in sədri Uilyam Dadli (Willliam Dudley) əmək bazarında canlanmanın bir müddət sonra inflyasiyanı sürətləndirəcəyini bildirərək uçot dərəcəsinin artırılması qərarını dəstəkləyib. Bu gün, iyunun 20-də isə Çikaqo FED-in sədri Çarlz Evans (Charles Evans) hazırda ABŞ iqtisadiyyatının inkişaf tempinin uçot dərəcəsini mərhələli şəkildə artırılmasını zəruri etdiyini bildirib.

FED-in məsul şəxsləri tərəfindən gələn açıqlamalar ABŞ dollarını möhkəmləndirməyə, qızılın qiymətini isə azaltmağa başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi