Bakı. 29 mart. REPORT.AZ/ Rusiya keçmiş sovet məkanında Qərblə informasiya mübarizəsində üstün görünür. Ancaq Moskvanın bu təbliğatı ABŞ başda olmaqla, Qərb üçün də təsirsiz görünür. Çünki rəsmi Vaşinqton və müttəfiqlərinin əksəriyyəti Rusiyaya qarşı sərt mövqe ortaya qoyublar, sanksiyaları yavaş-yavaş genişləndirirlər. Bu baxımdan, mart ayı Moskva üçün ağır ay sayıla bilər. Çünki 2013-cü il martın 17-də Avropa İttifaqı Ukraynadakı vəziyyətə müdaxiləyə və Krımın ilhaqına görə Rusiyaya qarşı sanksiya tətbiq etmişdi. Ancaq aradan üç il ötdükdən sonra Rusiyaya qarşı yeni sanksiyalar dalğası başlayıb. Bu, onu göstərir ki, Kremlin xarici siyasəti kursu dəyişməyib, əksinə, daha da kəskinləşib. Bu yaxınlarda prezident Vladimir Putinin Krımın heç vaxt Ukraynaya qaytarılmayacağını yenidən açıqlaması da bunu bir daha təsdiqləyir.
Böyük Britaniya martın 4-də ölkə ərazisində - Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücuma görə Rusiyaya qarşı qadağa təbirlərinə başlayıb. Belə ki, rəsmi London Rusiyanın Britaniyadakı 23 diplomatını ölkədən çıxarmaq barədə qərər qəbul edib. Krallığın baş naziri Tereza Mey bildirib ki, bu diplomatlar Rusiya kəşfiyyatının əməkdaşlarıdır: “Rusiya bu iyrənc əmələ görə cavabdehdir. Biz onlara izahat üçün vaxt verdik, onlar bu məhlulun Böyük Britaniyaya necə düşdüyünü izah edə bilərdilər, ancaq əvəzində sarkazmla reaksiya verərək ittihamları inkar etdilər. Heç bir şübhə yoxdur ki, Rusiya hökuməti Skripal və onun qızına qarşı sui-qəsddə günahkardır”.
Baş nazir Moskva ilə bütün ikitərəfli təmasları dayandırdıqlarını, xarici işlər naziri Sergey Lavrovun Britaniyaya səfəri ilə bağlı dəvəti geri götürdüklərini və bu ölkədə keçiriləcək futbol üzrə dünya çempionatına heç bir hökumət nümayəndəsi və kral ailəsi üzvlərinin qatılmayacağını bəyan etmişdi: "Əvvəlki əlaqələr artıq mümkün deyil". O, həmin çıxışında sanksiyalarla bağlı qanunvericiliyə düzəlişlər təklif edəcəklərini söyləmiş, hadisə barədə BMT və NATO-da məsələ qaldıracaqlarını də vurğulamışdı.
Qeyd edək ki, Sergey Skripal 1999-cu ilə qədər Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində (QRU) çalışıb. 2006-cı ildə Britaniyaya casusluq üstündə vətənə xəyanət ittihamı ilə həbs edilərək rütbədən məhrum olunub. 2010-cu ildə S.Skripal Rusiya və ABŞ arasında casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilib.
T.Mey bildirib ki, S.Skripal və qızı Yuliyaya qarşı keçmiş SSRİ və Rusiyada hazırlanmış “Noviçok” adlı kimyəvi silahdan istifadə olunub.
Britaniyanın Rusiyaya qarşı sərt sanksiyalarının ardınca martın sonuncu həftəsi Qərb dövlətləri də oxşar addımlar atmağa başlayıb. ABŞ prezidenti Donald Tramp bir çox Avropa ölkələrinin liderləri ilə müzakirələr aparıb və onları Rusiya diplomatlarının qovulması kampaniyasına qoşulmağa çağırıb. Qərb ölkələri, ABŞ, Kanada və Avropa İttifaqı ölkələri ilə yanaşı, daha bir neçə dövlət Sergey Skripalın zəhərlənməsinə görə rus diplomatlarını ərazisindən çıxarır. Ümumilikdə, 106 rusiyalı diplomat həftə ərzində iş yerini tərk etməlidir. Bundan əlavə, daha 12 rus diplomat BMT yanındakı nümayəndəlikdən qovulacaq. Avropa İttifaqı Şurasının sədri Donald Tuskun sözlərinə görə, "Skripal işi"nə görə rus diplomatları, ümumilikdə, 14 ölkədən getməlidirlər. O, əlavə tədbirlərin görüləcəyini və digər qovulmaların da olacağını istisna etməyib.
Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib ki, rəsmi Kreml bu ölkələrin hər biri barədə cavab tədbirləri görəcək. Rusiya diplomatlarını ərazilərindən çıxaran dövlətlər bunlardır: Böyük Britaniya (23 diplomat), ABŞ (48 diplomat və BMT missiyasının 12 əməkdaş), Ukrayna (13 diplomat), Fransa (4 diplomat), Polşa (4 diplomat), Kanada (səfirliyin və baş konsulluğun 4 əməkdaşı), Litva (3 diplomat, o cümlədən 2 hərbi attaşe), Danimarka (2 diplomat), İtaliya (2 diplomat), Hollandiya (2 diplomat), Almaniya (4 diplomat), Çexiya (3 diplomat), Estoniya (hərbi attaşe), Latviya (1 diplomat və "Aeroflot"un 1 əməkdaşı), Finlandiya (1 diplomat), Rumıniya (1 diplomat), Xorvatiya (1 diplomat). Gürcüstan da Rusiyanın diplomatını ölkədən çıxarır. Qeyd edək ki, həmin diplomat İsveçrənin Tbilisidəki səfirliyində işləyir.
Maraqlı burasındadır ki, “Skripal işi” idmana da sirayət edib. Bu ilin iyununda Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının baş tutması üzərinə kölgə düşüb. Britaniya hələlik yarışın açılışına rəsmilərin qatılmayacağını bildirib. İslandiya və Avstraliya isə dünya çempionatını boykot edəcəyini açıqlayıb.
Sanksiyalar azmış kimi, mart ayında Rusiyada böyük bir faciə də baş verib. Martın 25-də Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində yanğın olub və nəticədə 41-i uşaq olmaqla, 64 nəfər yanaraq ölüb. İlkin versiyaya əsasən, faciə ticarət mərkəzinin elektrik naqilində yaranan qısaqapanma nəticəsində baş verib. Ancaq yanğından sonra tutulanlar əyləncə mərkəzinin yandırıldığını iddia ediblər. Müəssisənin sahibi Nadejda Suddenok deyib: “Biz dəfələrlə polisə zəng etdik. Bununla bağlı protokollar var. Mən hesab edirəm ki, mərkəzi yandırıblar”. Nadejda Suddenok 10 il azadlıqdan məhrum edilə bilər.
Belə ehtimal etmək olar ki, əyləncə mərkəzinin rəhbərliyinə cəzanın verilməsi hadisəni törədən görünməyən qüvvələrin gizlənməsinə şərait yaradır. Hadisənin əsil səbəbinin və günahkarların kimliyinin üzə çıxarılmamasının Kremldə oturanların xeyrinə olduğunu ehtimal etmək olar. Çünki belə hadisələrin qəsdən törədilməsinin açıqlanması ölkə vətəndaşlarında vahimə və hakimyyətə etimadsızlıq yaradır. İstənilən halda həqiqətin öyrənilməsi üçün bütün şübhələr sona qədər araşdırılmalıdır. Əks halda, günahsız 41 uşağın, 23 nəfər mülki şəxsin nahaq qanı yerdə qalar.
“Skripal işi” Rusiyada keçirilən prezident seçkisindən əvvəl başlayıb və hazırda davam edir. Bura Kemerevodakı faciəni də əlavə etsək, demək olar ki, Kremlə qarşı dinc savaş daha kəskin xarakter almağa başlayıb. Rusiyaya qarşı sanksiyalar istər-istəməz dünya tarixində baş vermiş iki hadisəni yada salır: Birinci Dünya müharibəsi 1914-cü il iyulun 28-də başlayıb, 1918-ci il noyabrın 11-də bitib, İkinci Dünya savaşı isə 1939-c il sentyabrın 1-də başlayıb, 1945-ci il sentyabrın 2-də başa çatıb. Hər iki müharibə nəticəsində yüz milyondan çox insan ölüb. I Dünya savaşından əvvəl Rusiyanın ərazisi 23 milyon 700 min kv. km olub. Onun yerində qurulan keçmiş SSRİ-nin ərazisi 22 milyon 402 min 200 kv. km, hazırkı Rusiyanın isə sahəsi 17 milyon 75 min 400 kv. km-dir.
Artıq Rusiyaya qarşı olan güclər bu ölkə ilə açıq savaşa girmirlər. Çünki müharibə Kremlə ərazi itkisinə başa gəlsə də, mövcudluğunu uzatmaq üçün amil olub. Bu, qarşı tərəfə heç də ucuz başa gəlməyib. Hər iki dünya savaşından sonra həmin güclər müstəmləkə ərazilərini itiriblər. Bundan başqa, Rusiyaya qarşı açıq savaş aparacağı ehtimal edilən dövlətlərin vətəndaşları cəmləşdirəcək, səfərbər edəcək ideyası yoxdur. Odur ki, Qərb bu məsələdə az itkili, çox qazanclı (bütün baxımlardan) xətt seçib. İndiki şəraitdə bunun ən yaxşı yolu sanksiyalardır. Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq olunsa da, ehtimal etmək olar ki, bu, hələ Qərb üçün istənilən və proqnozlaşdırılan nəticələri vermir. Ona görə də Kremlə qarşı əhatəli sanksiyanın tətbiqi taktikası seçilib. Diplomatların deportasiya edilməsini, siyasi-diplomatik təzyiqi Rusiyaya qarşı yeni hücumun başlanğıcı kimi də dəyərləndirmək olar. Görünür, perspektivdə Kremlə qarşı yeni və daha sərt iqtisadi sanksiya tətbiq olunacaq. Bütün hallarda Azərbaycanın şimalı qonşusu ilə bağlı beynəlxalq aləmdə gərginliyin artacağı istisna edilmir. Bu isə bölgəyə yaxşı heç nə vəd etmir. SSRİ dağılandan sonra müttəfiq respublikaların yarısı gələcək talelərini Qərbə inteqrasiyaya, bəziləri isə Rusiyaya bağladı. Ola bilsin, indi müstəqil olan dövlətlər yenidən oxşar seçimlə üzləşsin: Rusiya, ya Qərb?