Qərbin bitməyən oyunları - Ermənistan üçün yeni balınc - ŞƏRH

Qərbin bitməyən oyunları - Ermənistan üçün yeni balınc - ŞƏRH Azərbaycanın 19 sentyabrda başlatdığı və 23 saat 43 dəqiqə davam edən lokal antiterror tədbirlərindən sonra bölgədə reallığın dəyişməsi qlobal aktorları da hərəkətə keçirib. Qarabağda separatçı ermənilərin silahı yerə qoyaraq təslim olmasından sonra ermən
Analitika
27 Sentyabr , 2023 16:30
Qərbin bitməyən oyunları - Ermənistan üçün yeni balınc - ŞƏRH

Azərbaycanın 19 sentyabrda başlatdığı və 23 saat 43 dəqiqə davam edən lokal antiterror tədbirlərindən sonra bölgədə reallığın dəyişməsi qlobal aktorları da hərəkətə keçirib. Qarabağda separatçı ermənilərin silahı yerə qoyaraq təslim olmasından sonra erməni sakinlər könüllü surətdə ərazini tərk edərək Ermənistana üz tuturlar. Azərbaycan dövləti isə bütün dünyaya dərs olacaq humanizm addımları ataraq, erməni sakinlər üçün ərzaq, gigiyenik vasitə, yanacaq göndərir, digər tərəfdən isə güc strukturları ermənilərin təhlükəsiz keçidini təmin edir, əsgər və polislərimiz yaralı ermənilərə yardım əlini uzadır, yolda qalanları ərzaq və su ilə təmin edir.

Fürsətdən istifadə edən Qərbin siyasi dairələri isə hərəkətə keçərək Ermənistanın Rusiya ilə bağlarını tam qoparmaq niyyətlərini bir daha ortaya qoydular. Bu məsələdə ABŞ, Fransa və Almaniya xüsusi canfəşanlıq göstərir. USAİD rəhbəri Samanta Pauerin tələm-tələsik Ermənistana səfəri də müəyyən məqsədə xidmət etdiyini dərhal biruzə verir. Gorusda müsahibə verən Pauer beynəlxalq ictimaiyyətin Qarabağda təmsil olunmasının vacibliyindən danışıb. Ermənistanın baş naziri Nikol Paşinyanın son günlər Rusiya ilə açıq-aşkar münasibətləri qoparmaq barədə açıqlamalarından sonra Qərbin siyasi dairələrinin iştahlarının artması təəccüblü deyil. Paşinyanın rus sülhməramlılarını tənqid etməsi, işlərini düzgün görməməkdə ittiham etməsi Qərbi həvəsə gətirib. Gorusa guya “qaçqınlar”a baş çəkmək üçün səfər edən Pauer açıqlaması ilə əsl niyyətini ortaya qoydu. Uzun müddətdir Fransa başda olmaqla, Qərbin bir sıra dairələri Azərbaycanın Qarabağ regionuna beynəlxalq müşahidəçi və sülhməramlıların daxil olmasını arzulayırlar. Afrikada kolonialist mövqelərini itirən Fransa üçün Qafqazda eksponsianist siyasəti davam etdirmək eyni zamanda Rusiyaya qarşı fəaliyyət də sayılır. ABŞ üçün isə Rusiyanın regiondan uzaqlaşdırılması, Moskvanın Cənubi Qafqazdan çıxarılması ilə bağlı uzun illər əvvəldən hazırlanmış planı sayıla bilər. Sadəcə Qərb planın işə düşməsi üçün münbit şəraitin yaranmasını gözləyirdi və Ermənistanın baş naziri də bunun üçün hərəkətə keçib.

Bu azmış kimi, bu dəfə Fransa və ABŞ-a Almaniya da qoşulub. İkinci dünya müharibəsində törətdiyi vəhşilikləri unudan Almaniya hökuməti nədənsə insan hüquqlarının müdafiəçisi rolunu öz üzərinə götürməyi borc bilib. Utanmasan oynamağa nə var ki? Elə Almaniyanın utanmayan XİN başçısı Annalena Berbok da Qarabağa mümkün qədər tez beynəlxalq müşahidə missiyası göndərilməsinin zəruriliyini elan edib, həmçinin Azərbaycanı müşahidəçilərə icazə verməyə çağırıb. Eyni dəst-xətt, eyni ssenari, eyni plan, eyni istək. Qərb baş verən hadisələrdən istifadə edərək, Rusiyanın regiondan tamamilə sıxışıdırılıb çıxarılmasını istəyir.

Onsuz da səfalət və iqtisadi çöküş yaşayan Ermənistan üçün Qərbin göndərdiyi dilənçi payı göydəndüşmə sayılır. Təsadüfi deyil ki, Qarabağa missiya göndərməklə bağlı ABŞ və Almaniyanın bəyanatları ilə yanaşı, ABŞ-ın 11.5 milyon dollar, Aİ-nin 5 milyon avro, Fransanın 7 milyon avro, İsveçin 1.3 milyon avro yardımın ayrılması Ermənistan üçün “suspayı” sayılmalıdır.

Maraqlıdır ki, 19 sentyabrda baş tutan lokal antiterror hərəkətlərindən sonra Qərbin müxtəlif dairələri Qarabağa beynəlxalq missiyanın göndərilməsi ilə bağlı bəyanatlarının sayını artırıblar. Hətta Avropa İttifaqının ali nümayəndəsi Cozef Borel də Qarabağa beynəlxalq humanitar yardımın təminatının vacibliyi barədə açıqlama verib.

Amma Qərbin bu istəkləri və planları təbii ki, Rusiyanın siyasi dairələrində gözəl anlaşılır. Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Qarabağa missiya göndərmək barədə təşəbbüsünə qısa və lakonik cavab verib: “İstənilən missiya sadəcə Azərbaycanın razılığı ilə mümkündür. İlk növbədə bundan xəbərdar olmaq lazımdır”.

İki cümləlik açıqlama ilə Kremlin mətbuat katibi planın baş tutmayacağına işarə edərək, Ermənistana da mesajını göndərib. Kremldə gözəl anlayırlar ki, Qərb hazırda Rusiyanı regiondan çıxarmaq üçün Ermənistan kartından istifadə edir və erməni siyasi dairələrinin başının altına balınc qoyur. Eyni zamanda Kreml Qərbə, həm də Ermənistana mesaj göndərir ki, Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Baş verən hadisələr (qeyd etmək yerinə düşər ki, Rusiya Dövlət Dumasının sədri də 19 sentyabr lokal antiterror tədbirləri ilə bağlı bu fikri səsləndirmişdi) Azərbaycanın daxili işidir. Azərbaycanda hansısa missiyanın fəaliyyətinə sadəcə və sadəcə Azərbaycan hökuməti qərar verə bilər.

Rəsmi Bakının isə mövqeyi bəllidir. Onsuz da 20 sentyabrdan başlayaraq Azərbaycan hökumətinin Qarabağ regionunda atdığı humanist addımlar dünyaya mesaj oldu və əslində hər kəs başa düşməlidir ki, daxili məsələlərini həll etmək üçün heç kəsin yardımına ehtiyacı yoxdur. Qarabağın erməniəsilli sakinlərinin təhlükəsiz Ermənistana köçünü təmin etmək, ehtiyaclarını qarşılamaq üçün heç bir beynəlxalq missiyaya ehtiyac yoxdur. Azərbaycanın kifayət qədər gücü və imkanı var ki, bu işləri təkbaşına, heç bir dəstək olmadan həyata keçirsin. Kreml də bunu gözəl anlayır. Dmitri Peskov da bu səbəbdən rahatlıqla açıqlama verir, Qərbə arzularının ürəklərində qalacacaqlarına işarə vurur.

Görünən odur ki, Qərbin siyasi dairələri regiondan Rusiyanı tamamilə silib atmaq üçün yeni həmləyə başlayıblar. Bu işdə qurban Ermənistan seçilib. Ermənistanın isə könlünü almaq üçün ara-sıra antiAzərbaycan bəyanatları səsləndirilir. Əslində bu, erməni cəmiyyətinin başının altına balınc qoyaraq, planlarını reallaşdırmaq üçün atılan addımdır. Yəqin ki, yaxın zamanlarda Ermənistan hökuməti Qərbin istəyi ilə Rusiyanın Gümrüdəki hərbi bazasının çıxarılmasını tələb edəcək. Bax, əsl kartlar o zaman açıqlanacaq. Əgər bu addım atılsa, regionda geosiyasi dəyişiklik qaçılmaz olacaq...

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi