​Qərbin Azərbaycana ədalətsiz yanaşması böyük ideyaların gerçəkləşməsini əngəlləyir - ŞƏRH

​Qərbin Azərbaycana ədalətsiz yanaşması böyük ideyaların gerçəkləşməsini əngəlləyir - ŞƏRH Beynəlxalq ictimaiyyət Azərbaycana, onun problemlərinin həllində ədalətli mövqe ortaya qoymalı və bunu əməli ilə göstərməlidir
Analitika
14 İyul , 2015 13:26
​Qərbin Azərbaycana ədalətsiz yanaşması böyük ideyaların gerçəkləşməsini əngəlləyir - ŞƏRH

Bakı. 14 İyul. REPORT.AZ/ Ötən gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında Azərbaycanın sosial-iqtisadi və hərbi vəziyyətinin, eləcə də xarici siyasətinin konturlarını açıqladı.

Azərbaycanın Qərbə və əks tərəfin Azərbaycana münasibəti ölkə ictimaiyyətinə məlumdur.

25 ilə yaxındır Azərbaycanın ərazisi işğaldan azad edilməyib. Halbuki, bunun üçün BMT-nin 4 qətnaməsi var və həmin sənədlərdə təcavüzkarın ünvanı açıq formada göstərilib. 

Ancaq ötən müddət ərzində işğalçıya, Ermənistana yeri göstərilmir.

Bu azmış kimi Azərbaycan öz torpaqlarını azad edəcəyi halda sanksiyalar tətbiq olunacağı ilə hədələnir.

Prezidentin çıxışında bu məsələ belə vurğulanıb: "Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş daş üstündə qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük".

Bu baxımdan Azərbaycan ictimaiyyəti çox gözəl bilir ki, torpaqlarının işğaldan azad olunmasına mane olanlara heç şübhəsiz, Qərb başçılıq edir. Prezident "Bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, anti-Azərbaycan qüvvələrdir"- dedikdə həmin qüvvələri nəzərdə tutur.

Qərbin Azərbaycana daha çox neft- qaz mənbəyi və ya enerji daşıyıcılarının tranzit ölkəsi kimi baxmasının ədalətsizlik olduğu da sirr deyil. Azərbaycan Qərb dövlətləri ilə əməkdaşlıq etmək istəyir. Ancaq bunun qarşılığında fərqli münasibət görür. Prezident İlham Əliyev müşavirədə çıxışında buna sərt etirazını bildirib və deyib: "Azərbaycanı nə qədər təhqir etmək olar? Bizi nə qədər alçaltmaq cəhdləri göstərilə bilər? Artıq bizim hövsələmiz tükənib. Biz Avropa Şurasız da yaxşı yaşaya bilərik, yaşamışıq da".

Bu sayaq qurumlara üzv olanda Azərbaycanın ərazi bütövlüyü tanınıb. Ancaq bu bütövlüyün təmin olunması istiqamətində həmin qurumlar heç bir addım atmayıb, işğalçıya qarşı heç bir sanksiya tətbiq edilməyib. Ən ağrılı hal isə işğalçı Ermənistan ilə Azərbaycandan eyni şərtlərə əməl etmək tələb olunub və olunmaqdadır. Ciddi məsələlərin həllində özlərini kənara çəkən belə qurumlar məşvərətçi olduqlarını bildirsələr də, bir qayda olaraq, təzyiq elementi rolunda çıxış edirlər.

Bu qurum ərazisi işğal altında olub, hüquqları tapdanan Azərbaycanla işğalçı, başqa dövlətin ərazisini ilhaq edənə bir mövqedən yanaşır. Bu necə ədalətdir? Azərbaycan Prezidenti haqlı olaraq, belə qurumların qəbul etdiyi sənədləri "kağız parçası" adlandırıb.

Prezidentin çıxışında əsas məqamlardan bir də budur: beynəlxalq ictimaiyyət Azərbaycana, onun problemlərinin həllinə ədalətli mövqe ortaya qoymalı və bunu əməli ilə göstərməlidir. Dövlət başçısının dünənki mesajlarında da bu açıq-aydın qeyd edilib: "Azərbaycan bütün ölkələrlə, beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk. Avropa İttifaqı ilə əməkdaşlıqda ölkəmizin ümumilli maraqları əsas götürülür".

Bu mövqe dünya ilə əməkdaşlıq etməyin ən doğru yoludur. Axı, dünyada irqi ayrı-seçkiliyin olmadığı, güclünün zəif üzərində hökmranlığının yasaqlandığı, dövlətlərarası münasibələrin beynəlxalq hüquq çərçivəsində həll edilməsinin vacibliyinin vurğulandığı, imperializmin olmadığı, yeni müstəmləkəçilik siyasətinin yürüdülmədiyi iddia edilir. Bu iddia doğrudursa, o zaman Azərbaycana münasibətdə bu görünməlidir. Ölkə cəmiyyəti bunu Dağlıq Qarabağın işğaldan azad olunmasında görmək istəyir. Əks halda Qərbin bu sayaq çıxışları təkcə Azərbyacanda deyil, başqa ölkələrdə bumeranq effekti verəcək. Dünyada hakim rolu oynamaq istəyənlərin ədalətsiz, öz maraqlarından çıxış edən haqsız mövqeyi isə böyük ideyaların gerçəkləşəməsinə ciddi maneədir.

Yeri gəlmişkən, bir məsələni də xatırlatmaq istərdik. Azərbaycan həm də Yaxın Şərq ölkəsidir. Bu baxımdan ölkə əhalisi həmin ərazidə baş verənlərə görə suçlunun kim olduğunu yaxşı bilir.

Son xəbərlər

Orphus sistemi