Qərb üçün Ermənistanda geosiyasi labirint – ŞƏRH

Qərb üçün Ermənistanda geosiyasi labirint – ŞƏRH Uzun müddətdir Amerika və Avropa ölkələri Cənubi Qafqaza, xüsusən də Ermənistana dair müxtəlif planlar ortaya atırlar. Maraqlıdır ki, bütün planların idarəetmə mərkəzi kimi Ermənistan seçilsə də, regiondakı digər dövlətlərin, xüsusən də Azərbaycanın maraq
Analitika
24 Sentyabr , 2024 10:01
Qərb üçün Ermənistanda geosiyasi labirint – ŞƏRH

Uzun müddətdir Amerika və Avropa ölkələri Cənubi Qafqaza, xüsusən də Ermənistana dair müxtəlif planlar ortaya atırlar. Maraqlıdır ki, bütün planların idarəetmə mərkəzi kimi Ermənistan seçilsə də, regiondakı digər dövlətlərin, xüsusən də Azərbaycanın maraqlarına xələl gətirmə istəkləri sezilir. Buna baxmayaraq, rəsmi Bakının uğurlu diplomatiyası və təklif etdiyi böyük layihələr Qərbin çirkin dairələrinin istəklərini qursağında qoymağa davam edir.

Aİ və Amerikanın, onları dəstəkləyən dövlətlərin isə siyasətlərindəki çatlar getdikcə dərinləşməyə başlayır. Məsələn, bir müddət əvvəl Kanadanın XİN başçısı Azərbaycan əleyhinə verdiyi sərsəm açıqlamaya layiqli cavabını aldıqdan sonra Ermənistanla rəsmi Ottava arasında qalmaqal üzə çıxıb. Məlum olub ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Kanadaya səfəri təxirə salınıb. Bunun səbəbi isə nümayəndə heyətinə daxil olan deputatların sırf “Vətəndaş müqaviləsi” partiyasından olması səbəb kimi göstərilib və rəsmi dairələr bu görüşdən imtina ediblər.

Amerika və Qərbin isə Ermənistandakı planları geosiyasi dalana dirənmək üzrədir. Rəsmi İrəvanı Moskvadan ayırmaq cəhdləri artıq ciddi problemlərlə üzləşir və bu məqsədin reallaşması sadəcə olaraq, mümkün görünmür. Bunun isə sadə bir səbəbi var: Qərbin və Amerikanın Ermənistanı “şirəyə çəkməsi”, boş vədlər verməsi və regiona yaxından bələd olmamaq.

Məsələ burasındadır ki, onlar erməni dövlətinin Rusiya ilə əlaqələrini kəsmək istəyirlər, lakin bunun üçün lazım olan maliyyə dəstəyini vermək istəmirlər. Ermənistan isə “pulunu verən, havaya oynar” misalını rəhbər tutaraq, Qərb siyasi dairələrinin gözləntilərini reallaşdıra bilmir və qəsdən etmir, bu da həmin dairələrdə kifayət qədər narahatlıq və narazılığa səbəb olub. Rəsmi Vaşinqton və rəsmi Brüssel planları əsasən Ermənistan ətrafında qurub həyata keçirməyə çalışır. Bu zaman regionun lideri Azərbaycanın maraqlarını nəzərə almamaq, digər geosiyasi amilləri gözardı etməyin nəticəsi olaraq da İrəvan Qərbin siyasi dairələrini kifayət qədər mürəkkəb geosiyasi böhranla üz-üzə qoyub.

Nəticədə isə Qərb və ABŞ Cənubi Qafqazda bir addım irəli, iki addım geri prinsipi ilə üzləşiblər. Belə bir vəziyyət isə geosiyasi labirint effektinin yaranmasına səbəb olub. Onu da qeyd etmək, vurğulamaq lazımdır ki, Qərb siyasi dairələrinin Cənubi Qafqazla bağlı əsas məqsədi Ermənistanın Rusiya ilə münasibətlərini tam sonlandırmaqdır. Əgər bu baş versə, Rusiyanın Cənubi Qafqazdan tamamilə çıxarılması prosesində ciddi irəliləyiş əldə edilə bilər. Çünki Kreml Azərbaycana təsir mexanizmini uzun illər bundan əvvəl itirib. Hazırda iki dövlət arasında bir çox sahələrdə tərəfdaşlıq, qarşılıqlı əlaqə və sıx dostluq münasibətləri var. Ermənistanda isə vəziyyət fərqlidir.

Rəsmi Moskvanın erməni dövlətində təsir mexanizmləri kifayət qədər boldur və demək olar ki, bütün sahələrdə Rusiyadan asılıdır. Üstəlik bu asılılığı qısa müddətdə aradan qaldırmaq mümkün görünmür. Bu məqsədə nail olmaq üçün bir neçə onillik və yüz milyardlarla dollar vəsait lazımdır. Amma görünən odur ki, siyasi ambisiyasına nail olmaq üçün nə rəsmi Vaşinqton, nə də rəsmi Brüssel əlini cibinə salmaq istəmir və uzun illər gözləməyə də həvəsli deyil. Onlar qısa müddətdə və pul xərcləmədən hər şeyi reallaşdırmağa çalışırlar. Ona görə də onlar İrəvandan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya İqtisadi İttifaqından çıxmasını və Rusiya ilə hərbi müttəfiqlik sazişini tez bir zamanda ləğv etməsini istəyirlər.

Lakin iqtisadiyyatı tamamilə Rusiyadan asılı olan Ermənistanın bu istəyini yerinə yetirə bilməsi üçün Qərbin İrəvana digər sahələrdən əlavə maliyyə və iqtisadi dəstək verməsi lazımdır. İndiyə qədər Ermənistan Qərbdən belə bir dəstək ala bilməyib.

Maraqlıdır ki, İrəvan Ermənistanın Rusiyadan ayrılması layihəsini həyata keçirmək üçün Qərbin yaxın onillikdə illik üç milyard dollar maliyyə yardımı edəcəyini gözləyirdi. Amma bu ilin aprelində keçirilən üçtərəfli Brüssel görüşündə Paşinyan hakimiyyətinin bu gözləntisi Qərbin siyasi dairələri tərəfindən xoş qarşılanmayıb.

Yəni, növbəti 5 il üçün ABŞ Ermənistana 65 milyon dollar, Avropa İttifaqı isə ümumilikdə 250 milyon avro ayırıb. Ermənistanın hərbi ehtiyacları üçün ayrılan digər məbləğlər də Paşinyan hakimiyyətinə radikal qərarlar qəbul etmək üçün manevr imkanı vermir. Təbii ki, belə bir vəziyyətdə Ermənistan kimi 15 milyard dollara yaxın xarici borcu olan kiçik bir ölkə Rusiyadan uzaqlaşma siyasətini qəti addımlarla birləşdirə bilməz. Çünki Kremlin iqtisadi və enerji sanksiyaları Ermənistanın iqtisadiyyatını tamamilə çökdürməklə yanaşı, həm də dərin daxili xaosa səbəb olacaq sosial böhran yarada bilər. Sadəcə olaraq Rusiya tərəfindən təbii qaz nəqlinin dayandırılması və ya enerji resurslarının qiymətinin qlobal bazarlara uyğunlaşdırılması Ermənistanda ən müasir silahlarla edilən hücumlardan qat-qat pis nəticələr verə bilər.

Maraqlıdır ki, bütün bu hallara baxmayaraq, İrəvan hələ də Ermənistanın Rusiyadan uzaqlaşdırılması layihəsinə sadiqliyini nümayiş etdirməyə çalışır. Hətta Paşinyan hökuməti Ermənistanın Rusiya enerji mənbələrindən asılılığını aradan qaldırmaq üçün alternativ mənbələr axtardığını göstərir. Bundan əlavə, Ermənistan alternativ enerji mənbəyi kimi Azərbaycan Respublikasına ümid bəsləyir. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının enerji marşrutlarının Ermənistan ərazisindən keçməsini təklif edib. Həmçinin, Paşinyan Ermənistan parlamentinin sədri Alan Simonyandan sonra Azərbaycan Respublikasından təbii qaz idxalında maraqlı olduğunu bir daha vurğuladı. Onun sözlərinə görə, hər bir ölkə öz enerji təhlükəsizliyinə diqqət yetirməli və alternativ resurslara çıxışa çalışmalıdır. Bu, onu göstərir ki, İrəvan yaxın gələcəkdə Ermənistanın Rusiyanın enerji resurslarından asılılığını azaltmaq üçün variantlar axtarır. Belə variantın tapılması İrəvanı Qərbin istəklərinə uyğun olaraq Kremllə əlaqələri kəsmək üçün xüsusi manevr imkanını təmin edə bilər.

İranla sıx əlaqə qurmaq, enerji təminatı ilə bağlı böyük müqavilələrin bağlanması da Qərbin siyasi dairələrinin qəzəbinə səbəb ola bilər. Başqa variant olmadığı üçün hazırda Rusiyaya alternativ enerji mənbəyi kimi yalnız Azərbaycan çıxış edə bilər. Ona görə də Ermənistan Azərbaycan Respublikasının enerji ehtiyatlarına ümid bəsləyib. Bu fakt da bir daha sübut edir ki, Cənubi Qafqazın söz sahibi Azərbaycandır və getdikcə gücünü, iqtisadiyyatını artıran bir ölkə ilə hesablaşmadan regionda hansısa bir layihəni, planı həyata keçirmək mümkün deyil. Ermənistanın isə vəziyyəti günü-gündən qəlizləşir.

Rusiyadan uzaqlaşma və Qərbin ağuşuna sığınmaq siyasəti artıq çat verməyə başlayıb hadisələrin bu məcrada gedişatı nə Paşinyan hökumətinə, nə də siyasi elitasına yaxşı gələcək vəd etmir. Qısacası, erməni dövləti Qərbin ipi ilə quyuya düşməyin fəsadlarını artıq hiss etməyə başlayıb.

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi