Suriya və İraqdakı PKK terror qruplaşmaları bu gün Türkiyə üçün ən əsas problemlərdən biridir. Vaxtilə bu terror qruplaşmalarını yaradan ABŞ-nin əsas məqsədi məhz Türkiyəni zəiflətmək, bu dövlətin milli təhlükəsizliyinə təhdid yaratmaq olub. Çünki Ankara NATO müttəfiqi olmasına baxmayaraq, Vaşinqtondan asılı olmayan, müstəqil siyasət yeridir. Bu isə Ağ Evi narahat edir.
Xatırladaq ki, 2014-cü ildən etibarən ABŞ bölgədəki İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmaq adı ilə PKK-nın Suriya quyruqları - PYD/YPG-ni yaratdı. Əlbəttə, İŞİD-ə qarşı mübarizə sadəcə bəhanə idi. Bunu proseslərin gələcək inkişafı da göstərdi.
ABŞ-nin məqsədi əslində İŞİD-i zəiflətmək deyildi, əksinə, məhz bu terror qruplaşmaları vasitəsilə özünün Suriya və İraqdakı mövqelərini möhkəmləndirmək idi.
Bu günlərdə Türkiyə hərbçilərinin Suriya və İraqda saxladıqları YPG-yə mənsub terrorçular Fransa və ABŞ-nin onlara təlim keçdiyini etiraf ediblər. Materialda, həmçinin qeyd edilib ki, ərazidə terrorçulara təlimlər keçirilən xüsusi düşərgə var.
Bundan başqa, ABŞ-nin bölgədəki terrorçulara kamikadze PUA-lar göndərməsi də yayılan məlumatlar sırasındadır.
Daha əvvəl ABŞ-nin Suriya və İraqdakı terrorçuları silahlandırmasına dair informasiya yayılmışdı.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada prosesin diqqətlə izlənildiyi diqqətə çatdırılmışdı.
Sözügedən etiraf bir daha onu deməyə əsas verir ki, PKK da, YPG də ABŞ və Fransanın "çətiri" altındadır.
Nəzərə almaq lazımdır ki, xüsusilə, son vaxtlar Ankara ilə Paris və Vaşinqton arasında müxtəlif məsələlərlə bağlı fikir ayrılıqları yaranır. Bu ziddiyyətlər özünü müxtəlif regionlarda, o cümlədən Cənubi Qafqazda, Şərqi Avropada, Yaxın Şərqdə göstərir. Dediyimiz kimi, Türkiyə bir çox NATO müttəfiqindən fərqli olaraq ABŞ-nin "çaldığı havaya oynamır". Və görünən odur ki, ABŞ bunu "həzm edə bilmir".
Həm ABŞ, həm də Fransa Türkiyə ilə birbaşa hərbi toqquşmadan çəkinir. Elə buna görə də Türkiyəyə təzyiq vasitəsi kimi terrorçulardan istifadə etməyə çalışırlar. Bu, təkcə təzyiq elementi deyil. Həm də Türkiyənin Suriya ilə bağlı maraqlarının təhdid altına salınması deməkdir. Çünki Suriyada mümkün sabitlik Türkiyədəki suriyalıların perspektivdə öz ölkələrinə qayıtması deməkdir. Bu, Türkiyənin daxili siyasəti, həmçinin iqtisadiyyatı üçün vacib məqamdır. Əgər suriyalılar öz ölkələrinə qayıdarlarsa, Türkiyədə işsizlik problemi xeyli azalacaq, hakimiyyətə qarşı narazılıq səngiyəcək. Bu isə ABŞ-yə, Fransaya sərf etmir. Ona görə də bütün vasitələrlə prosesə mane olmağa çalışırlar. Görünən odur ki, son zamanlar Suriya ilə Türkiyə arasında normallaşma prosesinin başlanması və Rusiyanın bu işdəki vasitəçiliyi də Qərbi narahat etməyə başlayıb.
Yəqin ki, həm Ağ Ev, həm də Yelisey Sarayı terrorçular vasitəsilə gələcəkdə Türkiyəyə təzyiqi artırmağa davam edəcək. Amma bunun ən azı yaxın gələcəkdə ciddi fayda verəcəyi inandırıcı görünmür.
Nəzərə almaq lazımdır ki, Türkiyə müxtəlif səviyyələrdə terrorçulara qarşı mübarizəni uğurla davam etdirir. Türkiyə Silahlı Qüvvələri, Milli Kəşfiyyat İdarəsi (MİT), demək olar, hər gün aralarında rəhbər şəxslərin də olduğu bir neçə terrorçunu zərərsizləşdirir.
Suriya və İraqda artıq təhlükəsiz bölgə yaradılır. İndi əsas məsələ diplomatik təmaslardır. ABŞ və Fransaya diplomatik dillə izah etmək lazımdır ki, onların bu addımları bumeranq effekti verəcək, Rusiya-Türkiyə əməkdaşlığını daha da gücləndirəcək. Necə deyərlər, sirkə nə qədər tünd olarsa, öz küpünü çatladar.