Qarşıdurmanın pik mərhələsi – erməni kilsəsi maliyyə dayaqlarından məhrum edilir - TƏHLİL

Qarşıdurmanın pik mərhələsi – erməni kilsəsi maliyyə dayaqlarından məhrum edilir - TƏHLİL Erməni Apostol kilsəsi ilə Ermənistanın hakim partiyası arasındakı ziddiyyət günü-gündən dərinləşir. Elə gün yoxdur ki, tərəflər bir-birinin ünvanına ittiham səsləndirməsin. Problemin kökü isə kilsənin təqdim etdiyi erməni milliyyətçiliyi variantıdır və b
Analitika
6 İyun , 2024 14:44
Qarşıdurmanın pik mərhələsi – erməni kilsəsi maliyyə dayaqlarından məhrum edilir - TƏHLİL

Erməni Apostol kilsəsi ilə Ermənistanın hakim partiyası arasındakı ziddiyyət günü-gündən dərinləşir. Elə gün yoxdur ki, tərəflər bir-birinin ünvanına ittiham səsləndirməsin. Problemin kökü isə kilsənin təqdim etdiyi erməni milliyyətçiliyi variantıdır və bu, dəfələrlə cəmiyyətə bir sıra fəlakətlər “bəxş edib”. Bu dəfə isə Eçmiədzin Ermənistan dövlətinin süqutuna doğru xalqı sürükləyir və baş nazir Nikol Paşinyan müdaxilə etmək niyyətində çox ciddidir.

Bilindiyi kimi, Ermənistan Konstitusiyasında Apostol kilsəsinin xüsusi rolu qeyd edilib. 2024-cü ilin fevral ayında konstitusiya dəyişikliyi ilə bağlı məsələ gündəmə gələndən kilsə rəsmi olaraq açıq-aşkar Paşinyan hökumətini və siyasətini tənqid etməyə başladı. Çünki ehtimal edilir ki, dəyişiklikdən sonra kilsənin rolu yeni konstitusiyadan çıxarıla bilər. Qarşılıqlı ittihamlar fonunda qərbyönlü fəallar və Paşinyanın tərəfdarları katolikos II Qareginin devrilməsinə, hətta kilsə torpaqlarının müsadirə olunmasına və Erməni Apostol kilsəsinə vergilərin artırılmasına çağırışlar etməyə başladılar. Baş nazir və silahdaşları ruhani mərkəzə qarşı “səlib yürüşü” fonunda artıq bütün bu illər ərzində ÜAK-ın (Ümumerməni Apostol kilsəsi) bəhrəsini gördüyü güzəştli vergi rejiminə yenidən baxılması barədə açıq danışmağa başlayıblar.

Paşinyan kilsə gəlirləri sferasında “kölgəni” aradan qaldırmağa və şəffaflıqla əvəz etməyə çağırıb. Hökumətin kilsə gəlirlərinin vergiyə cəlb edilməsi ilə bağlı təkliflə çıxış etdiyini deyən baş nazir dövlətin öz gəlirindən vergiləri kilsəyə qaytarmağa və onun tarixi-mədəni irsi olan abidələrinin bərpasını maliyyələşdirməyə hazır olduğunu qeyd edib. Kilsə isə bu təklifi rədd etdi, çünki belə olduğu halda dövlət onun gəlirlərinə nəzarət əldə edəcək. İllər boyu cah-calal içində yaşamağa vərdiş etmiş keşiş və yepiskoplar, limitsiz səlahiyyətlərdən eninə-boluna istifadə etməyi özünə borc bilən ruhani liderlər təbii ki, maliyyə vasitələrinə total nəzarəti həzm edə bilməzdilər. Hakim partiya isə bu yolla kilsənin maliyyə resurslarına nəzarət əldə etmək, onu məhdudlaşdırmaq və “diş göstərmək” yolunu tutublar.

Parlamentin spikeri Alen Simonyan isə kilsənin ticarət meydanına çevirdiyi üçün ruhani rəhbərliyi tənqid edib və bildirib ki, siyasət ticarətdir: “Hisslərimiz və tariximizlə oynamağı dayandırın. Və onsuz da siyasətlə məşğul olub, diasporadan pul yığıb, şam, koka-kola, şərab satıb, restoranlara sahib olub, vergi ödəməyib. Mən başa düşmək istəyirəm ki, niyə əli öpülən din xadimi vergi ödəyən sadə iş adamından üstün olmalıdır”.

Bu açıqlama isə tərəflər arasında qarşıdurmanın yeni mərhələyə, maliyyə rıçaqlarına total nəzarəti ələ keçirmə mərhələsinə qədəm qoymasından xəbər verir. Artıq hər iki tərəf geri dönüşü olmayan yola ayaq basıb və ikisindən birinin məğlubiyyəti ilə nəticələnməlidir.

Hakim partiyanın təklifinə əsasən, Eçmiədzin şam satışından, ayinlərdən, vəftizdən, (suya salınma) toydan və s. mərasimlərdən əldə etdiyi gəlirdən mənfəət vergisi ödəməlidir. Eyni zamanda ÜAK-a tətbiq edilən müəyyən güzəştlər ləğv edilməlidir. Məsələn, kilsənin idxal etdiyi mal və məhsullar xeyriyyəçilik kimi təsnif edilir ki, vergi və rüsumlardan azad sayılır. Eyni zamanda kilsə daşınmaz əmlak vergisindən də azad edilib. Siyasi elita isə ruhani liderlik üzərində mütləq qələbə qazanmaq və onu nəzarət altına almaq üçün bütün bu imtiyazları ləğv etməyi planlaşdırır. Ehtimal edilir ki, parlamentin növbəti sessiyasında kilsəyə qarşı qanun layihəsi təklif edilə bilər. Artıq iş gedir və bunun üçün müəyyən baza formalaşdırılır. Eyni zamanda, qeyd etmək yerinə düşər ki, məclisdə səs çoxluğuna sahib hakim partiya yeni layihənin qəbuluna nail ola bilər. Bu isə kilsənin ümumiyyətlə zəifləməsi və maliyyə imkanlarının əlindən çıxması ilə nəticələnəcək.

Qarşı tərəf isə özünü müdafiə etmək, maliyyə rıçaqlarına dövlət nəzarətini yaxın buraxmamaq üçün müəyyən şəxslər vasitəsilə müxalif KİV-lərdə açıqlamalar verir. Məsələn, Auditorlar Palatasının sədri Nairi Sarkisyan bəyan edib ki, kilsənin işlərinə qarışmaq, kilsəni vergi sahəsinə salmaq, tezisləri gündəmə gətirmək hədələri həyasızlıqdır. İqtisadçı bildirib ki, kilsəni vergiyə cəlb etmək o qədər də asan məsələ deyil. Qeyd etmək yerinə düşər ki, müxalifətin bir sıra simaları, siyasətçi və politoloqlar, müxalif deputatlar da məsələ ilə bağlı etirazlarını bildiriblər. Çünki revanşizm alovu ilə yanan bu şəxslər gözəl dərk edirlər ki, nəzərdə tutulan qanunun qəbulu onların həzin sonunun başlanğıcı olacaq. Maliyyə resursları əlindən alınan kilsə ciddi şəkildə zəifləyəcək və imicini itirəcək, zəhərli milliyyətçi düşüncələrini yaymaq üçün isə başqa üsullara əl atmalı olacaq. Bunun üçün isə maliyyə resursları lazımdır və dövlət bu resurslara total nəzarət əldə edəcəyi üçün işlər dalana dirənəcək. Ona görə də bu şəxslərin etirazı və sərsəm bəyanatları anlaşılandır.

Bu yaxınlarda yayılan xəbərə görə isə Paşinyan Ermənistan Ədliyyə Nazirliyinə Erməni Apostol kilsəsinin fəaliyyətinin rəsmi dayandırılması üçün hüquqi baza və lazımi sənədləri hazırlamağı tapşırıb (onun kütləvi etiraz aksiyalarının təşkili və sabitliyin pozulması ilə bağlı hərəkətlərinin konstitusiyaya uyğunluğunun yoxlanılması üçün). Bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb, lakin yuxarıda deyilənləri nəzərə alsaq, inandırıcı səslənə bilər. Belə bir məlumat və tapşırıq iki tərəfin mübarizəsində labüd görünür.

Nikol Paşinyan
Nikol Paşinyan

Mübarizə metodları bununla da məhdudlaşmır. Erməni KİV-in analizi nəticəsində məlum olur ki, hakim “Vətəndaş müqaviləsi” partiyası əlindəki bütün rıçaqlardan istifadə edərək, Qriqoryan kilsəsinə qarşı total hücuma keçib. Ruhanilər və keşişlər barədə kompromat materiallar mətbuat vasitəsilə cəmiyyətə ötürülür, “Sərdarapat” abidə kompleksinə giriş qadağan edilir və bu, sırf protokol qaydaları ilə izah edilir.

Maraqlıdır ki, hakim partiyanın deputatı Arsen Torosyan parlament iclasında “Şoqkat” telekanalının bağlanmasını təklif edib. Dəfələrlə tribunadan ateist olduğunu fəxrlə elan edən Torosyanın bağlanmasını təklif etdiyi telekanalda İncilə və xristianlıq, xüsusən də qriqoryanlıq məzhəbinə aid dini proqramlar nümayiş etdirilir. Millət vəkili əlavə edib ki, kanala ayrılan 206 milyon dram vəsait “H1” televiziya kanalına ayrılsın və bu vəsait mədəni-maarifləndirmə verilişlərinin bazasını zənginləşdirməyə xidmət etsin.

Sonradan isə məlum olub ki, “Şoqkat”ın bağlanması ilə təklifdən sonra hakim partiyanın üç üzvü sözügedən kanala təşrif edərək, məsələni müzakirə ediblər. İctimai Yayım Şurasının sədri Ara Şirinyan da iclasda olub. Göründüyü kimi, “Vətəndaş müqaviləsi” Apostol kilsəsinə qarşı bütün cinahlarda hücuma keçib və artıq maliyyə resursları ilə yanaşı, media resurslarını da əlindən almağı qarşısına məqsəd qoyub.

Göründüyü kimi, Erməni Apostol kilsəsi və hakim partiya arasında münasibətlərdə dərin uçurum yaranıb və Baqrat Qalstanyanın başlatdığı hərəkata patriarxın dəstəyini də nəzərə alsaq, Paşinyanın total hücumunu anlamaq olar. 9 iyun tarixinə təyin edilən mitinqdən sonra isə qarşıdurmanın daha açıq müstəviyə keçəcəyi ehtimal edilir.

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi