Qarabağın separatçı erməniləri Daşnaksütyunla birləşir - Paşinyan hökumətinə qarşı yeni təhlükə - ŞƏRH

Qarabağın separatçı erməniləri Daşnaksütyunla birləşir - Paşinyan hökumətinə qarşı yeni təhlükə - ŞƏRH Bu yaxınlarda Ermənistan prezidenti Vaaqn Xaçaturyan Qarabağdakı keçmiş qondarma qurumun strukturlarının saxlanılmasına qarşı çıxıb. Erməni rəsmi əslində bir neçə müddətdir Nikol Paşinyan hökumətinin Qarabağın separatçı ermənilərinə qarşı yürütdüyü siyasə
Analitika
1 Dekabr , 2023 11:50
Qarabağın separatçı erməniləri Daşnaksütyunla birləşir - Paşinyan hökumətinə qarşı yeni təhlükə - ŞƏRH

Bu yaxınlarda Ermənistan prezidenti Vaaqn Xaçaturyan Qarabağdakı keçmiş qondarma qurumun strukturlarının saxlanılmasına qarşı çıxıb. Erməni rəsmi əslində bir neçə müddətdir Nikol Paşinyan hökumətinin Qarabağın separatçı ermənilərinə qarşı yürütdüyü siyasəti dəstəkləyib. Sentyabr ayından baş nazirin gizli göstərişi ilə Qarabağ ermənilərinə qarşı ögey münasibət göstərilir. Hakim komanda separatçı Samvel Şahramanyan və onun timsalındakı digər “keçmiş vəzifələr”in Ermənistanda dövlət çevrilişi və Qarabağ klanını yenidən canlandırma kimi niyyətlərindən ehtiyat edir. Bəlkə də bu səbəbdən də aradan 3 ay vaxt keçsə də, erməni hökumətinin başçısı hələ də separatçı rejimdə vəzifə tutan heç kəsi qəbul etməyib. Əksinə, onları sıxışdırmaq, incitmək, birləşməməyə imkan verməmək, təşkilatlanmalarının qarşısını almaq üçün müxtəlif göstərişlər verir. İş o həddə çatıb ki, Ermənistandakı ali məktəblərdə təhsil alan qarabağlılara qarşı ayrı-seçkilik, kobud rəftar məsələsi də gündəmə gəlib və parlamentin İnsan Hüquqlarının Müdafiəsi və İctimai Əlaqələr üzrə Daimi Komitənin sədri Taquhi Tovmasyan qeyd edib ki, universitetlərin professor və müəllim heyəti qarabağlı tələbələrə qarşı qərəzli mövqe nümayiş etdirir.

Təxminən iki həftə əvvəl keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyanın Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanla gizli görüş keçirməsi barədə xəbər mətbuata sızıb. Təbii ki, tərəflərin görüşü hökumətin diqqətindən yayınmayıb. Qarabağ klanının liderlərindən sayılan Sarqsyanın Şahramanyanla görüş keçirməsi çox güman ki, Nikol Paşinyan hökumətinə qarşı bir planın qurulmasından xəbər verir. Elə bu görüş də baş nazirin səbr kasasının daşmasına səbəb olub. Uzun müddətdir xoşu gəlməyən dövlət xadimlərini, hərbi elitanın üzvlərini parlamentin “44 günlük müharibənin şəraitini araşdıran komissiya” vasitəsilə cəzalandıran Paşinyan düyməyə basdı və bir neçə gün əvvəl Samvel Şahramanyan dindirilmə üçün dəvət edildi. Bir neçə saat davam edən sorğu-sual barədə mətbuata ətraflı məlumat verilməsə də, siyasi kulislərdə tezliklə separatçı “liderin” ciddi cəzalandırılacağı barədə məlumatlar dolaşmağa başladı.

Təsadüfi deyil ki, sözügedən komissiya dünən elan etdi ki, dindirilmə üçün dəvət edilən Samvel Babayan sonuncu şəxsdir. Separatçı rejimin Təhlükəsizlik Şurasının katibi olmuş Samvel Babayan 3 saat sorğu-sual edilib. Məlum olub ki, Babayanın açıqlamaları hakim fraksiya üzvlərini qane edib və sözügedən şəxsin Nikol Paşinyanın adamı olması da diqqətdən yayınmayıb. Dindirilmədən sonra mətbuata bir sıra açıqlamalar verən “eks-katib” əslində odun üstünə benzin töküb. Bəyanatlarını əsasən Nikol Paşinyanı dolayı yolla müdafiə etməyə hədəfləyən Babayan Samvel Şahramanyanla bağlı məqamları ortaya qoyub. Məlum olub ki, “eks-prezident” qondarma rejimin və Daşnaksütyunun keçmiş prezidentləri vasitəsilə Ermənistanda hakimiyyət dəyişikliyi həyata keçirməyi planlaşdırır. Planın baş tutması üçün isə bir sıra rıçaqlardan istifadə ediləcək. Görüşün digər təfərrüatları barədə isə heç bir məlumat verilmir. Əgər Samvelin iki həftə əvvəl Serj Sarqsyanla görüş keçirdiyini nəzərə alsaq, Daşnaksütyunla da gizli ittifaqa getmə ehtimalı yüksəkdir. 1999-cu il 27 noyabr tarixində bir qrup silahlı şəxs Ermənistan parlamentinə hücum edərək baş nazir Vazgen Sarkisyanı, spiker Karen Dəmirçiyanı və hökumətlə məclisin 6 üzvünü qətlə yetiriblər. Cinayətdən bir müddət sonra bir sıra kulislərdə terror aktının arxasında Daşnaksütyunun dayandığı bildirildi. Bu səbəbdən də Nikol Paşinyan hökumətini hansı təhlükənin gözləməsi və hökumətin niyə bu qədər ehtiyat etməsi aydın görünür.

Qeyd etmək yerinə düşər ki, qondarma rejimin “deputat”ları bu yaxınlarda iclas çağırmaq istəyiblər. Bu iclasla da separatçı rejimə məxsus dövlət qurumlarının mövcudluğu elan edilməli idi. Amma gözlənilənin əksinə olaraq, sessiya çağırılmadı. Çünki planlaşdırılan tədbirdən bir gün əvvəl Samvel Şahramanyan bir sıra “millət vəkilləri” ilə görüş keçirərək bu fikirdən daşınmağı tövsiyə edib. O bildirib ki, müəyyən məsələləri dəqiqləşdirənə qədər heç bir addım atmaq tövsiyə olunmur. Bunu isə iki səbəblə izah etmək olar. Şahramanyan həm Ermənistan prezidentinin, həm parlamentin spikeri Alen Simonyanın, həm də Nikol Paşinyanın bu məsələ ilə bağlı kəskin mövqeyini bilir və vəziyyəti daha da gərginləşdirməmək üçün bu addımı atır. İkinci ehtimal isə ondan ibarətdir ki, Daşnaksütyun və Serjlə görüşdə alınan qərarların hansısa formada icra olunacağına ola bilər ki, “millət vəkilləri” mane olsunlar. Bu səbəbdən hələlik siyasi qanadı kənara buraxmaq məqsədəuyğun sayılıb.

Maraqlıdır ki, bütün bu hadisələrin fonunda Ermənistan küçələrində hökumətə qarşı yeni hərəkat fəaliyyətə başlayıb. Küçə yürüşləri keçirərək “Ermənistanı türkləşməyə imkan verməyək” şüarı səsləndirən təşəbbüsün sıralarına keçmiş deputat Tatevik Ayrapetyan, siyasi-xadim Suren Saakyan kimi şəxslər də qoşulub. Qarabağın separatçı erməniləri ilə Daşnaksütyun, Serj Sarqsyan ittifaqları nəzərə alınsa, bu tip təşəbbüslərin əsas mənbəyinin kimlər olduğunu başa düşmək o qədər də çətin deyil.

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi