Ermənistanda hakimiyyət dəyişsə də, iqtidara yeni siyasi qüvvələr gəlsə də, ölkənin əsas problemləri həll edilməyib. Əksinə, bu istiqamətdə vəziyyət daha da ağırlaşıb. Hadisələr bir daha sübut etdi ki, Ermənistan iqtisadiyyatı bütövlükdə xaricdən, xüsusilə Rusiyadan asılıdr. Ölkənin bu vacib sahəsinə birbaşa xarici sərmayə qoyuluşu böhran vəziyyətdədir. Məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində Ermənistan iqtisadiyyatına birbaşa xarici sərmayə qoyuluşu 5 dəfə azalıb. 2018-ci ilin yanvar-iyun aylarında Ermənistan iqtisadiyyatına 38 milyard dram (80 milyon 138 min 280 dollar), 2019-cu ilin yanvar-iyun aylarında isə 7,8 milyard dram (16 milyon 449 min 437 dollar) birbaşa xarici sərmayə qoyulub. Bu göstərici iqtisadi inkişafı təmin etmək üçün arzulanan həddən çox aşağıdır.
Əslində, Ermənistanın baş naziri Nikol Paşinyan və onun havadarlarının Rusiyadan ayrılmaq, yaxud bu istiqamətdə cəhdləri baş tutmadı. Rəsmi Yerevan yenidən Moskvaya sarılmağa üstünlük verdi. Rusiyalı erməni iş adamı, milyarder, “Taşir” şirkətinin başçısı Samvel Karapetyanın Ermənistana qayıtması da bunu təsdiqləyir. Bu həm də Kremlin Yerevan üçün yaşıl işığıdır.
Azərbaycanın işğal altında olan
Bu arada 2008-ci il martın 1-2-də etiraz aksiyasının qan içində boğulması nəticəsində prezident olmuş Azərbaycanın daha bir keçmiş vətəndaşı, Qarabağ icmasının sabiq nümayəndəsi Serj Sarqsyan ABŞ-ın Yerevandakı səfiri Lin Treysi ilə sonuncunun təşəbbüsü əsasında görüşüb. Amerikalı diplomat Sarqsyanın Respublikaçılar Partiyası da daxil olmaqla Ermənistandakı bütün siyasi partiyalarla uzunmüddətli əlaqələrə əhəmiyyət verdiyini vurğulayıb. L.Treysi bu görüşün davamlı xarakter alacağını da qeyd edib. Başqa sözlə, ehtimal etmək olar ki, səfir bununla da ölkəsinin Ermənistan hakimiyyəti və Serj Sarqsyanın timsalında müxalifətlə də əməkdaşlıq etdiyini söyləyib. Keçmiş prezident səfirə partiyası üçün “Ermənistan və Qarabağın təhlükəsizliyinin”, eləcə də regional sabitlik və sülhün vacib olduğunu vurğulayıb.
Yeri gəlmişkən, Nikol Paşinyan “Facebook” səhifəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda maraqlı dinamikanın olduğunu yazıb: “Gərginlik azalsa da qalır. Təəssüf ki, itkilərimiz də var. Heç kim Qarabağ probleminin və münaqişənin dinc yolla həllinə nail olunduğunu demir. Bununla belə, danışıqlar prosesində kifayət qədər maraqlı dinamika, axtarış yollarına cəhdlər, onu tapmaq istəyi müşahidə olunur”. Paşinyan 3, 4 və ya 5 il əvvəllə müqayisədə gərginliyin azaldığını da qeyd edib. O bildirib ki, danışıqlarda başlıca mövqeyi erməni etnik qrupunun mənafeyini müdafiə etməkdir.
Göründüyü kimi, Koçaryan həbsdən çıxmaq, Sarqsyan yenidən gündəmə gəlmək, Paşinyan isə prosesi ermənilər arasında nüfuzunu artırmaq üçün Qarabağ məsələsindən maksimum faydalanmağa çalışırlar. Ancaq heç biri işğalçı kimi Azərbaycanın Qarabağ bölgəsinə göndərilən hərbçilərinin vəziyyətindən danışmır. Ermənistanda çağırışçılar bu torpaqlara gəlməkdən imtina edirlər. Onların valideynləri övladlarını işğal altında saxlanılan Azərbaycana buraxmaq istəmirlər. Çünki onların oğulları yalnız işğalçı kimi atəşkəsi pozarkən zərərsizləşdirilmirlər. Həmin əsgərlər zabitlər və əsgər yoldaşları tərəfində özünüöldürmə həddinə çatıdırılırlar.
Deməli, noyabrın 4-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan hərbçisi, 2000-ci il təvəllüdlü Erik Arutyunyanın intihar etdiyi barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb. Meyitinin müayinəsi zamanı gicgahında odlu silahdan açılan atəş yarası aşkar edilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin özünüöldürmə həddinə çatdırmaq maddəsi üzrə cinayət işi başlanılıb, istintaq aparılır. 19 yaşlı hərbçi Vardan Melkoyanın ölümü ilə bağlı cinayət işi dondurulub. Onun meyiti 2017-ci il iyulun 23-də səhər saatlarında Nubaraşen rayonunda, 95 saylı məktəbin yaxınlığında kəmərindən asılmış vəziyyətdə aşkarlanıb. Onun anası Karine Manukyanın iddiasına görə, oğlunu hərbi hissəyə gələn mülki şəxslər döyüb, sonra da onu asıblar. Əsgər anası prokurorluğun apardığı araşdırmadan narazılıq edib: “Onun asıldığı ağac boyundan aşağı olub. Məgər, bükülən dizlə özünü asıb ölmək olar? Başqa bir xəbərə görə, Ermənistan İstintaq Komitəsi Volodya Qaloyan adlı hərbi qulluqçunun avtomat silahla öz əsgər yoldaşını öldürmək istədiyini bildirib. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş vermiş bu insidentin təhqiqatı zamanı aydın olub ki, atəş açdıqdan sonra qaçan həmin hərbi qulluqçu digər əsgər tərəfindən güllələnib.
Rusiyanın Ermənistanda dislokasiya olunmuş sərhəd qoşunlarında müqavilə əsasında xidmət edən 30 yaşlı erməni hərbi qulluqçu yaşadığı bağ evində özünü asaraq öldürüb. Bu yaxınlarda Ermənistanda bir neçə ölən hərbçinin maraqlarını təmsil edən “İnsan Hüquqları üzrə Jurnalistlər”in vəkili Hayarpi Sarkisyan üç cinayət işi üzrə müstəntiqlərə etiraz edib. Məsələ üç cinayətin intihar hadisəsi kimi təqdim edilməsidir. Erməni vəkil bunların hərbi prokurorluq tərəfindən gizlədilən qətl cinayətləri olduğuna əmindir. Məhz bu müstəvidə müstəntiqlər Cinayət Məcəlləsinin 110-cu maddəsi ilə “İntihar həddinə çatdırma” maddəsi ilə cinayət işi açıblar. Ötən il hərbi hissənin müşahidəçisi Artur Qasparyanın meyiti hərbi hissədəki “Avtobus-3” şərti adlı sığınacağın yaxınlığında ağız və baş nahiyəsindən silah yarası ilə aşkar edilib. Hadisə üzrə yenə “İntihar həddinə çatdırma” maddəsi ilə cinayət işi açıldı. Onun meyidinin yanında ona təhkim edilmiş pulemyot və atılan güllənin iki gilizi aşkar edilib. 2018-ci il oktyabrın 1-də “N” saylı hərbi hissənin hərbi qulluqçusu Qevorq Haroyan silah otağını təmizləyərkən əsgər yoldaşı S.Qor adlı hərbi qulluqçunun silahından atəş edərək döş qəfəsindən yaralanıb. Müstəntiqlərin rəyinə görə, o, iki saat sonra hospitalda ölüb. Tavuş vilayətində müqavilə əsasında xidmət edən hərbi qulluqçu, 1998-ci il təvəllüdlü Harutyan Nerkararyan intihar edib.
Nəhayət, ötən il Ermənstan ordusunda müxtəlif şəraitlərdə 63 hərbçi ölüb. Hesabat dövründə 11 hərbçi intihar edib. Onların 27-si əsgər, 23-ü müqavilə əsasında xidmət edən hərbçi, 2-si gizir, 11-i isə zabitdir. Ölüm hallarının 38-i xidmət zamanı, 25-i isə xidmətdənkənar baş verib. Ermənistan ordusunda baş verən neqativ hallara dair informasiyaların sayını artırmaq da olar. Biz bu ölkədəki hakimiyyət dəyişikliyindən sonra da orduda vəziyyətin dəyişmədiyinə diqqəti cəlb etməyə çalışdıq.
Beləliklə, Yerevanda hakimiyyətlər bir-birini əvəzləsə də, Ermənistanda heç nə dəyişmir. Rusiya yenə Ermənistan üçün başlıca sponsor olaraq qalır, Qarabağdakı erməni icması Yerevandakıların oyuncağı rolunda çıxış edir. Gənc erməni əsgərlər isə dözülməz şərait ucbatından Qarabağda intihar edir.