Livandan Qarabağa terrorçular köçürülür - bəs vasitəçilər niyə susur?

Livandan Qarabağa terrorçular köçürülür - bəs vasitəçilər niyə susur? Ermənistan əhalisinin sayı Livan və Suriyadan gətiriləcək terrorçuların sayəsində artacaq.
Analitika
14 Sentyabr , 2020 15:22
Livandan Qarabağa terrorçular köçürülür - bəs vasitəçilər niyə susur?

Təxminən 200 il əvvəl olduğu kimi yenə Azərbaycan torpaqlarına ermənilər köçürülür. Azərbaycanın düşmənləri Cənubi Qafqazda yürüdülən müstəmləkəçilik siyasəti nəticəsində aborigen, yerli sakin olmayan, gəlmə ermənilərə dövlət yaratmaqla özlərinin yaratdıqları beynəlxalq hüququ tapdaladılar. Osmanlı dövlətinə qarşı birləşib onu parçalayandan sonra türk imperiyasının düşmənləri Orta Şərqdə, xüsusilə Livanda, Suriyada Türkiyəyə (sonradan Azərbaycana) qarşı müxtəlif təşkilatlar yaratdılar. Onların bəzilərini xatırlatmaq olar:

- “Erməni gizli azadlıq ordusu” (ASOA) - 1975-ci ildə Livanın paytaxtı Beyrutda yaradılıb. Mənzil-qərargahı Suriya paytaxtı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır;

 - “Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” (ASALA) - 1975-ci ildə Beyrutda yaradılıb. Təlim-məşq bazaları isə Suriyada yerləşir.

- “Geqaron” - 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılıb;

 - “Erməni azadlıq hərəkatı” (AOD) - 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir;

- “Erməni azadlıq cəbhəsi” - 1979-cu ildə yaradılan bu terrror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır;

- “Erməni soyqırımı ədalət komandosları”nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir;

 - “Erməni birliyi” - 1988-ci ildə Moskvada yaradılıb. ASALA ilə sıx əlaqələri vardır, keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Dağlıq Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir;

 - “Apostol” - 2001-ci il aprelin 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılıb. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktları həyata keçirməkdir.

Bu baxımdan, Azərbaycanın Qarabağ bölgəsinin işğalında Livan və Suriyadan olan ermənilərin, habelə ərəblərin də iştirak etdiyinə dair təsdiqlənən xəbərlər əsassız deyil. Başqa sözlə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə Livan və Suriyadan ermənilərin, muzdluların köçürülməsi, yerləşdirilməsi və onların fəaliyyəti beynəlxalq güclərin xeyir-duası əsasında əvvəlcədən düşünülmüş, planlaşdırılmış aksiyadır.

Yeri gəlmişkən, 1992-ci il fevralın 26-da Xocalı soyqırımının törədilməsində həmin terrorçular da iştirak edib. Həmin dövrdə Levon Ter-Petrosyanın Ermənistanın prezidenti olması isə təsadüfi deyildi. Petrosyan 1945-ci il yanvarın 9-da Suriyanın Hələb şəhərində doğulub. Atası Akop Ter-Petrosyan Livan və Suriya kommunist partiyalarının yaradıcılarından biri olub.

Bu ilin avqustunda Beyrutda çoxsaylı insan itkisi ilə nəticələnən partlayışdan sonra Ermənistanda “humanizm” hissləri “baş qaldırdı”. Livandan Ermənistana və işğal altında olan Dağlıq Qarabağa ermənilərin köçürülməsi məsələsi yenidən gündəliyə gətirildi. Ermənistanın diaspor üzrə ali komissarı Zare Sinanyan hadisədən sonra bildirdi ki, Ermənistan vətəndaşlığını qəbul etmiş 20 min livanlı erməni ölkəyə dönmək istəyir. Rəsmi Yerevan bunu “repatrasiya” adlandırır. Qeyd edək ki, Suriyada müharibə başlayandan 15 min suriyalı erməni Ermənistana köçüb. Onların bir qismi Qarabağa, Laçın rayonuna yerləşdirilib. 2018-ci ildə 76 belə erməni ailəsi Azərbaycanın işğal altında olan bu rayonuna köçürülmüşdü. Bu ilin aprelində isə Zare Sinanyan parlamentin təhsil, mədəniyyət, diaspor, gənclər və idman məsələləri üzrə komissiyasının iclasında bildirmişdi ki, Ermənistan kütləvi repatrasiyaya (qayıdışa) hazır deyil: “Gəlin, düz danışaq. Əgər pandemiyaya görə repatrasiya baş versə, bizim bunu qarşılamağa hazırlığımız yoxdur. Əgər insanlar Ermənistana qayıtsa, biz onları saxlaya biləcəyik? Əsas məsələ budur”. O qeyd etmişdi ki, repatrasiya istiqamətində iş aparmazdan əvvəl bir suala cavab vermək lazımdır: “Qayıdacaq insanları Ermənistan şərait və lazımi işlə təmin edə biləcək”. Z.Sinanyan vurğulamışdı ki, 30 il ərzində 2-2,5 milyon insanı Ermənistana repatrasiya etmək hökumətin strategiyasına daxildir. Ümumiyyətlə, 30 ilə yaxındır Ermənistan əhalisinin sayı 3 milyona çatmır. Belə vəziyyətdə olan bir ölkədə iki ay ərzində nə baş verdi ki, Zare Sinanyan Livandan “repatrasiyadan” danışmağa başladı.

Yeri gəlmişkən, pandemiya ilə bağlı Rusiyadan geri göndərilən ermənilər federasiyaya qayıtmaq üçün günlərdir Ermənistan hökumətinin binası qarşısında aksiya keçirirlər. Onlar Ermənistanda yaşamağın və işləməyin mümkün omadığını bildirirlər. Belə çıxır ki, Ermənistan hökuməti Livandan erməniləri Ermənistana və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirməklə onların adına beynəlxalq donorlardan humanitar yardım almaq istəyir.

Bir müddət əvvəl Qarabağdakı erməni separatçıların başçısı “müqavilə əsasında ordu” “quracaqlarını bəyan etmişdi”. O, bununla da işğal altında olan torpaqlarda muzdlulardan ibarət hərbi birləşmələrin yaranmasının anonsunu vermişdi. Bu baxımdan, Livandan Qarabağa bu niyyətlə muzdluların köçürüldüyü və köçürüləcəyi istisna edilmir. Çünki heç bir düşüncəli livanlı erməni, yaxud ərəb bir münaqişə bölgəsindən başqa birinə köçməyi özünə qıymaz.

Məsələyə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də münasibət bildirib: “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistan son günlər xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirir...

Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir...

Xüsusilə vurğulamaq istərdim ki, işğal olunmuş ərazilərimizdə məskunlaşdırılmış əhali faktiki olaraq Ermənistanın məsuliyyətsiz, avantürüst siyasətinin qurbanına çevrilir...”.

Dünyanın harasında yaşamasından asılı olmayaraq, ermənilik siyasi-ideoloji düşüncə sistemi bu etnik qrupun başının bəlası, etimad qazanması, ona hörmət edilməsi üçün problemdir. Bu ideya həm də erməniləri güclülərin əllərində oyuncağa çevirir.

Livandan yaxud Suryadan olan adi ermənilərin hər an müharibə ola biləcək Dağlıq Qarabağda nə işi var? Deməli, Ermənistan Azərbaycanın bu bölgəsinə ASALA kimi terrorçu təşkilatların silahlılarını yerləşdirməklə müharibəyə hazırlaşır. Çünki Ermənistan əhalisi işğalçı ordunun tərkibində Qarabağda xidmət etmək istəmir. Heç bir valideyn öz oğlunun başqasının torpağında ölməsi ilə razılaşmır. Belə şəraitdə livanlı, suriyalı muzdlular bölgəyə gətirilir. Bu terrorçuların isə bir müddət sonra “peşəkar ordu” kimi təqdim ediləcəyi də istisna edilmir.

Bir çoxları iddia edirlər ki, ASALA terror təşkilatı fəaliyyətini artıq dayandırıb. Ancaq onların üzvlərinin hələ də bu təşkilata bağlı olduqlarına dari xəbərlər yayılır. Bu günlərdə Ermənistan KİV-də ASALA-nın üzvü Abraam Tovmasyanın Livanda avtomobil qəzasında öldüyünə dair məlumat yayılmışdı. A.Tovmasyan təşkilata 1980-ci illərin əvvəllərində qoşulub. Avropada ASALA-nın terrorçu bazalarından birində təlim keçib. O, 1983-cü il yanvarın 22-də Parisdə “Turkish Airlines”ın ofisinə qrup şəklində hücumda iştirak edib. 1985-ci ildə Livana qayıdıb. Terrorçunun ölümü ilə bağlı Ermənistanda matəm mərasimi keçirilib.

Daha bir məsələyə diqqəti çəkmək istərdik. Ermənistanın baş naziri Nikol Paşinyan ötən il 2050-ci (!) il üçün hədəflərindən danışarkən erməni xalqını əməlli-başlı ələ salmışdı. O, 2050-ci ildə Ermənistanın futbol üzrə dünya çempionu (!!!) olacağını, Ermənistan əhalisinin sayını 5 milyona çatdıracaqlarını (son 6 ayda Ermənistanın daimi əhalisinin sayı 3,5 min nəfər azalıb – S.İ.) və başqa avantürist proqnozlar vermişdi. Belə hesab etmək olar ki, Ermənistan əhalisinin sayı da Livan və Suriyadan gətiriləcək terrorçuların sayəsində artacaq.

Bütün münaqişələrin həllinə ədalətli hakimlik etmək istəyən beynəlxalq vasitəçilər isə baş verənləri sükutla qarşılayır. Belə çıxır, onlar ermənilərin faciəvi tale yaşamasına şərait yaradırlar. Həmin vasitəçilərin perspektivdə onların bu vəziyyətindən təzyiq vasitəsi olaraq yararlanacağını da ehtimal etmək olar. Adətən, onlar böyüklərə qarşı döyüşməyəndə belə etnik qruplardan istifadə edirlər.

Son xəbərlər

Orphus sistemi