Ermənistan işğalından azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq layihələri ölkəmizin yaxın illərdəki sosial iqtisadi inkişafına böyük təkan verəcək. Sözsüz ki, həmin layihələrə həm dövlət, həm də özəl sahibkarlar tərəfindən milyardlarla dollarlıq sərmayə yatırılmalıdır. Lakin bazar iqtisadiyyatının əbədi və dəyişməz bir qanununa görə istənilən layihənin başlıca məqsədi mənfəətdir. Hər birimiz üçün ayrı yeri olan Qarabağda icra olunacaq layihələr belə bu mənada istisna ola bilməz. Hərçənd istər yerli, istərsə də əcnəbi ekspertlərin yekdil rəyinə görə Qarabağda həyata keçiriləcək irimiqyaslı infrastruktur layihələri artıq cari ildə ölkə iqtisadiyyatının inkişafı üçün başlıca təkanverici amil olacaq.
Qarabağ layihələri risk daşımır
Məlum olduğu kimi, 2021-ci ilin dövlət büdcəsində bu məqsədlər üçün 2,2 milyard manat nəzərdə tutulub ki, bu da ÜDM-in 2,9 faizini təşkil edir. Artıq infrastrukturla bağlı müəyyən işlər görülməyə başlayıb. Pandemiya ilə bağlı məsrəflərin artmasına və davam edən qeyri-müəyyənliyə baxmayaraq, “S & P Global Ratings” beynəlxalq agentliyi bu yaxınlarda Azərbaycanın cari reytinqini “BB+” səviyyəsində saxlayaraq reytinq proqnozunu da “mənfi”dən “sabit”ə qaldırıb. Bu irəliləyişin də başlıca amili elə uzun illərdir ölkənin iqtisadi inkişafı üçün böyük təhlükə sayılmış Qarabağ münaqişəsinin həllidir. Artıq geniş iqtisadi potensiala malik həmin ərazilər ölkəmizin ixtiyarına qayıtdığı üçün hər hansı risqlə bağlı məsələlər də həmişəlik həll olundu. “S & P”nin hesabatına görə, proqnozlarda Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış birgə bəyanatın həyata keçiriləcəyinə, bununla da təhlükəsizlik, maliyyə sektoru, tədiyyə balansı ilə bağlı risqlərinin azalacağına dair gözləntilər əks olunur.
Rusiyanın “Gazprombank” bankının da rəyində bənzər qənaətlər yer alıb: “Əldə olunmuş razılaşmalar və onların icrası münaqişənin uzanacağı təqdirdə Azərbaycanın xarici likvidlik mövqeyi və iqtisadi artımı üçün yaranacaq risqləri minimuma endirdi”. Həmçinin ölkədəki makroiqtisadi sabitlik və manatın məzənnəsi üçün də risklərin azaldığı bildirilir.
İlk qaranquşlar
Beləliklə, Qarabağda icra olunacaq layihələr sayəsində ölkədəki iqtisadi inkişafın daha da geniş vüsət alması, 2020-ci ildə xeyli azalmış ÜDM-nin bu il 2,1 faiz artacağı, sonrakı dövrdə bu artımın ildə 4 faiz səviyyəsində bərqərar olacağı gözlənilir.
Bölgədə ilkin infrastruktur qurulan kimi daha çox kənd təsərrüfatı, turizm, mədənçilik, tikinti materialların istehsalı, yük daşımaları kimi xeyli mənfəət potensialına malik sahələrdə layihələrin icrasına başlanacaq. İqtisadiyyata maliyyə axını nəticəsində koronavirus üzündən iflic olmuş işgüzar fəallıq amilləri işə düşəcək, ixrac yönlü məhsullar istehsalı da artacaq. Bu layihələrin aid olduğu qeyr-neft sektoru artıq 2021-ci ildə həm ÜDM-də, həm də dövlət büdcəsinin mədaxilində payını artırmalıdır. Baş nazir Əli Əsədovun qeyd etdiyi kimi, cari ildə hökumətin başlıca hədəfləri arasında Qarabağda turist marşrutlarının hazırlanması, kənd təsərrüfatı sahəsində müasir irriqasiya sistemləri də daxil olmaqla layihələrin həyata keçirilməsi, yeni su elektrik stansiyalar tikintisinə dair araşdırmalar da var.
“Bu sahələrə yatırımlar həm qeyri-neft sektorunun inkişafı, həm də idxala bağlılığımızın azalması baxımdan əhəmiyyət kəsb edir. Həmin ərazilərdə sərmayə yatırımını təşviq etmək üçün sənaye parkları və məhəllələri, aqro və texno parklar vs. alətlərdən istifadə oluna bilər” – deyə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib.
Xatırladaq ki, bu günlərdə həmin istiqamətdə ilk addım atan İnnovasiyalar Agentliyi də Türkiyənin Qocaeli vilayətindəki Gebze Mütəşəkkil Sənaye Bölgəsində (GOSB) fəaliyyət göstərən texnoparkla memorandum imzalayıb. 130 texnologiya şirkətinə dəstək verən texnoparkla imzalanmış memorandum Qarabağda yüksək texnologiyalar parkı qurulmasını nəzərdə tutur.
Qeyd edək ki, Qarabağ sərmayə yatırımı bölgəsi kimi 80 milyon əhalisi olan İran bazarına, habelə yaxın gələcəkdə 83 milyon əhalisi olan Türkiyə bazarına ixracat üçün əlverişli olması baxımdan da əhəmiyyət kəsb edir. Bununla yanaşı beynəlxalq maliyyə təsisatları hərbi münaqişələrdən yeni çıxan ölkələrə, özü də həm hökumət, həm də özəl layihələr üçün həvəslə kredit ayırır. Elə bu günlərdə Macarıstan İxrac-İdxal Bankı ölkənin Qarabağdakı bərpa işlərində iştirak etmək istəyən şirkətləri üçün 100 milyon ABŞ dolları həcmində kredit xətti ayırdı. Həmçinin Macarıstan hökuməti Qarabağda mina təmizlənməsi üçün 25 min avro məbləğində qrant da ayırıb. Oxşar addıma Böyük Britaniya hökuməti də hazır olduğunu bildirib. Həmçinin Türkiyə, İran, Rusiya və s. ölkələr də Qarabağdakı layihələrdə iştirak etməyə maraqlı olduqlarını bildiriblər.
Beləliklə, Zəfər Günündən cəmi iki ay yarım keçməsinə, işğaldan azad olunmuş ərazilərə dair strateji fəaliyyət planının hələ hazırlanma mərhələsində olmasına baxmayaraq, xaricdən gələn işgüzar təkliflərin ardı-arası kəsilmir. Bu sahədə vahid konsepsiya hazırlandıqdan, öncül hədəflər müəyyənləşdirildikdən sonra sərmayə layihələrin qəbulu da genişləndiriləcək.
Qulu Nuruyeff, ekspert