Putindən Ermənistan və separatçılara açıq dərs - Qarabağ Azərbaycandır! - ŞƏRH

Putindən Ermənistan və separatçılara açıq dərs - Qarabağ Azərbaycandır! - ŞƏRH Ermənistanda anti-Rusiya ritorika baş nazir Nikol Paşinyanın hakimiyyətdə olduğu bütün dövr ərzində pik həddə çatıb. Hətta 44 günlük Qarabağ müharibəsində belə rəsmi İrəvan tərəfindən Moskvaya qarşı indiki kimi sərt bəyanat və fikirlər yer almayıb, desək,
Analitika
14 Sentyabr , 2023 15:00
Putindən Ermənistan və separatçılara açıq dərs - Qarabağ Azərbaycandır! - ŞƏRH

Ermənistanda anti-Rusiya ritorika baş nazir Nikol Paşinyanın hakimiyyətdə olduğu bütün dövr ərzində ən pik həddə çatıb. Hətta 44 günlük İkinci Qarabağ müharibəsində belə, rəsmi İrəvan tərəfindən Moskvaya qarşı indiki kimi sərt bəyanat və fikirlər səsləndirilməyib. Hələ o zaman rus silahının yararsızlığı ilə bağlı ara-sıra səsləndirilən ittihamlar və tənqidlər Kremlin nüfuzuna bir qədər zərər vurdu. Lakin Nikol Paşinyan bu günlərdə İtaliya nəşrlərindən birinə verdiyi qalmaqallı müsahibəsi ilə Rusiyanı açıq şəkildə ittiham etməklə gündəmi dəyişməyə və Rusiyanı daha da aşağılamağa müvəffəq oldu.

O son müsahibələrindən birində isə nəinki mövqeyindən geri çəkildi, əksinə, tənqidlərini daha da sərt və açıq şəkildə dilə gətirdi. Baş nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) və nə qədər qəribə səslənsə də, Rusiya Prezidenti Vladimir Putini hədəf alaraq KTMT-ni Ermənistan qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham etdi. Ermənistanın əlavə təhlükəsizlik, o cümlədən, beynəlxalq alətləri əldə etməyə çalışmalı olduğunu dilə gətirdi. Aparıcının, çox güman ki, ironiya ilə nədən son günlər Azərbaycanla Ermənistan arasında müharibə söz-söhbətləri fonunda Rusiya Prezidenti Vladimir Putinə zəng etməməsi barədə sualına Paşinyanın cavabı maraqlıdır. O, üzüntülü formada belə dedi: “Dekabr ayında Putinə sərhəddə gərginliklə bağlı bir neçə dəfə zəng etdim. Lakin vəziyyət dəyişmədi, bu səbəbdən də yeni danışığa ehtiyac qalmadı”.

Həqiqətən də baş nazir bir çox dövlət başçıları və beynəlxalq təşkilatların rəhbərlərinə zəng etsə də, Rusiya lideri ilə telefon danışığı aparmayıb.

Yeri gəlmişkən, Paşinyanın müsahibəsinə Rusiya Prezidenti Vladimir Putin tərəfindən, üstüörtülü də olsa, reaksiya var. O, Ermənistanın baş naziri ilə probleminin olmadığını və onunla daim təmasda olduğunu söyləyib. Prezident, eyni zamanda, Qarabağdakı terrorçu-separatçı rejimin tör-töküntülərinin keçirdiyi “seçki” şousuna da qiymət vermiş olub.

“Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb”, - Kreml sahibi vurğulayıb.

O, Paşinyanla daim təmasda olduğunu, hətta bu günlərdə ondan ətraflı məktub aldığını da dilə gətirib. Yəni demək istəyib ki, zəng eləmə, məktub göndər, baxarıq. Erməni baş nazirin məktubunun mahiyyəti və içərisində nələrin olduğuna isə aydınlıq gətirməyib. O ki qaldı Ermənistanın Rusiyadan üz döndərməsinə, Kreml lideri “forpost”u olan ölkədə hansı və nə kimi hadisələrin baş verdiyini bildiklərini dilə gətirib. “Bu barədə çox şey danışmaq olar”, - deyərək Ermənistanın düşdüyü vəziyyətin səbəbkarının məhz özü olduğunu dilə gətirib. Dəfələrlə sülh planı ilə çıxış edildiyini, lakin İrəvanın buna qol qoymadığını xatırladıb. Beləliklə, Ermənistanda artan anti-Rusiya ritorikasında Putinin bugünkü açıqlamasının erməni cəmiyyətində bomba effekti doğuracağı şəksizdir. Bu, həm də sevinclə qondarma müstəqillik tədbirlərini qeyd edən separatçıların arzularının üstündən birdəfəlik xətt çəkmiş olacaq.

Bəs görəsən, “forpost” ölkə Kremllə gərginliyə getməklə, Rusiyanın əzəli və əbədi rəqibi ABŞ ilə birgə hərbi təlim keçirib Kremli qəzəbləndirməklə nəyə nail olmaq istəyir? Ermənistanın KTMT-nin təlimlərindən imtina edib ABŞ ilə birgə təlim keçirmək qərarı, sözsüz ki, Rusiyaya açıq mesajdır.

Əlbəttə, bu ölkədə anti-Rusiya ritorikasının artmasını sübut edən tək bu faktlar deyil. Nikolun dünənki müsahibəsində vurğuladığı qalmaqallı Roma statutunu da yada salaq. Baş nazir dedi ki, bu məsələ vaxtında ortaya atılmayıb. Qeyd edək ki, həmin sənədə görə, Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində qərar çıxarıb. Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə, İrəvan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını icra etmək öhdəliyi götürür. Bu isə o deməkdir ki, Putin Ermənistana səfər edərsə, həbs olunaraq aidiyyəti üzrə təhvil verilməlidir. Çox güman ki, baş nazir yuxarıda qeyd olunanlar və digər məsələləri gündəmə gətirməklə əsas planını – Rusiyanı bölgədən sıxışdırıb çıxarmağı reallaşdımağa çalışır. Lakin unudur ki, bu planı reallaşdırmağa nə gücü, nə də imkanı çatacaq. Nə qədər istəsə də, ABŞ və ya Fransa Ermənistan üçün Rusiyanı əvəz edə bilməz.

Ortada Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan təcrübəsi var - Rusiyanın iştirakı olmadan addım atmaq istəyi hakimiyyətdən qovulması, ən yaxın tərəfdarlarının güllələnməsi ilə nəticələndi. Nikol Paşinyan da yəqin ki, bunu unutmayıb. Həmin dövrdə Ermənistanda Qarabağ müharibəsinin eyforiyası var idi və hər kəs də gözəl bilirdi ki, məhz Moskva bu qələbəni onlara "təqdim edib". Lakin indi nə 90-cı illərdir, nə Azərbaycan ötən əsrin 90-cı illərinin Azərbaycanıdır. Hər halda, proseslərin Ermənistan üçün necə nəticələnəcəyi indi hər kəsi ciddi şəkildə düşündürən bir məsələdir.

Son xəbərlər

Orphus sistemi