Son günlər Azərbaycanın işğal altında olan Qarabağ bölgəsi ilə bağlı görüş, müzakirə və danışıqlar siyasi hadisələrin gündəliyinin əsasını təşkil edir. Düzdür, torpaqların işğalı Azərbaycanın ictimai, siyasi, mədəni həyatının gündəliyində həmişə bir nömrəli məsələ olaraq qalır. Beynəlxalq vasitəçilərin fəallaşması, hətta təkrar belə olsa, münaqişənin həlli ilə bağlı konkret təkliflər irəli sürən bəyanatla çıxış etməsi torpaqların işğaldan azad olunacağına müəyyən mənada ümidi artırır.
Bəs məlum bəyanatdan sonra nə baş verib? Azərbaycan həm də torpaqları işğal altında olan bir dövlət olaraq, daima hərbi qüdrətini artırmağı prioritet məsələlərdən sayır. Bu məqsədlə Azərbaycan Ordusunun martın 11-dən 15-dək davam edəcək genişmiqyaslı təlimləri başlayıb. Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqları yerinə yetirilir.
Bu arada, martın 12-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərində Baş nazir Nikol Paşinyan və üzvlərinin iştirakı ilə Ermənistan Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib. Mətbuat katibi Paşinyanın Xankəndinə səfərini işgüzar adlandıraraq Şuranın gündəliyi barədə heç bir məlumat verməmişdi. Ancaq görüş başa çatdıqdan sonra məsələ ilə bağlı məlumatlar yayıldı. Məlum oldu ki, Paşinyan, əsasən, Qarabağda Şuranın iclasını iki məqsədlə bağlı keçirib - ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını
Azərbaycan
Əslində, Nikol Paşinyanın Xankəndi səfəri və orada iclas keçirməsi belə ehtimal etməyə əsas verir ki, rəsmi Yerevan özünü həmsədrlərin təklifini yerinə yetirən kimi göstərir. Yaxud da bu məsələnin daha çox Qarabağdakı erməni icmasına aid olduğunu beynəlxalq vasitəçilərə çatdırmağa cəhd edir. Ancaq başqa xəbərlər də rəsmi Yerevanın təkbaşına qərar qəbul etmədiyi ehtimalını irəli sürməyə əsas verir. Martın 12-də Paşinyanın mətbuat katibi Vladimir Karapetyan Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovla görüşüb. Onlar informasiya sahəsində təcrübə mübadiləsini, əlaqələrin gücləndirilməsi üçün məşvərət xarakterli belə görüşlərin davamlı keçirilməsini, habelə Ermənistanla Rusiya arasında məsələlərə dair tədbirlərin işıqlandırlımasını və əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Qeyd edək ki, V.Karapetyan Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın adamı sayılır. Bu səfərin təsadüfi olmadığına inansaq, Karapetyanın Kremlə həmsədrlərin son bəyanatından sonra rəsmi Yerevanın atacağı addımla bağlı ismarıcı apardığını deyə bilərik. Bu həm də Ter-Petrosyanın Moskvaya ismarıcı ola bilər. Çünki əvvəllər Paşinyanla Moskvanın münasibətinin normallaşmasına keçmiş prezidentin vasitəçilik etməsi barədə də məlumatlar yayılmışdı.
Yeri gəlmişkən, Ermənistanda başqa bir qüvvədə də pusqudadır. Bu, başqa bir sabiq, keçmiş Prezident Serj Sarqsyandır. O, martın 5-də Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə gəlib. Sarqsyan Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan və başqaları ilə görüşüb. Ermənistan KİV-inin yazdığına görə, o, gələcək planlarını müəyyənləşdirmək üçün məlum toplantının başa çatmasını gözləyib. Ümumiyyətlə, hakimiyyət devrildikdən sonra onun Qarabağdakı erməni icmasının liderləri ilə müntəzəm əlaqə saxladığı bildirilir. Ola bilsin ki, Sarqsyan Rusiya Prezidentinin ona olan hirsini soyutmaq, Vladimir Putin üçün alternativ məlumat mənbəyi rolunda çıxış etməkdən ötrü Qarabağda qalıb, toplantının yekununu gözləyib. Çünki Rusiya 2018-ci ilin aprel hadisələri zamanı Ermənistanın o zamankı hakimiyyətinin də əvvəlcədən hazırlanmış ssenarinin həyata keçirilməsi ilə bağlı rolunu oynamasından şübhələnməkdə davam edir. Ermənistan mətbuatı yazıb ki, əvvəlki hakimiyyət bir ilə yaxındır rusiyalı tərəfdaşlarını günahsız olduqlarına, Paşinyanın hakimiyyətə gəlməsi prosesinə kömək etmədiklərinə inandırmağa çalışır. Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Sarqsyandan narazılığını bildirib: “O deyib ki, uzun illər davam edən dostluq, etika xatirinə belə Sarqsyan istefadan əvvəl ona zəng etməli, məlumat verməli idi”.
Nəhayət, Rusiya həmsədr dövlətlərdən biri olduğundan məlum bəyanatı həm də Kremlin mövqeyi kimi qəbul etmək olar. Bu baxımdan, Paşinyanın bəyanatdakı plandan birmənalı şəkildə imtina edəcəyi mümkünsüzdür. Sarqsyan isə vəziyyətdən sui-istifadə edərək Kremlin diqqətini yenidən özünə cəlb etməyə səy göstərir. Ancaq, deyəsən, onun qatarı çoxdan gedib. Paşinyan isə dilemma qarşısındadır: ya Ermənistan ordusunu Azərbaycanın işğal edilən torpaqlarından çıxarmalı, tarixə münaqişəni həll edən siyasi fiqur kimi düşməli, ya da status-kvonu saxlamaqla iqtidarının ömrünü uzatmalıdır. Bütün hallarda özünün də iddia etdiyi kimi, Ermənistan xalqı onu seçərək problemləri həll etmək üçün ona mandat verib. Bütün hallarda Qarabağla bağlı Yerevanın əsas oyunçulardan biri görüntüsünü yaratmaqla Qərb-Rusiya oyunu davam edir.