Proqnoz: Qızılın ucuzlaşması davam edəcək

Proqnoz: Qızılın ucuzlaşması davam edəcək Qızılın qiyməti ilin sonuna kimi 1 190 dollar/unsiyaya düşə bilər
Analitika
3 Noyabr , 2017 18:16

Bakı. 3 noyabr. REPORT.AZ/ Dünya bazarında qızılın qiymətində geriləmənin davam etməsi gözlənilir.

"Report"un analitik qrupu xəbər verir ki, buna səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr ayında uçot dərəcəsini yüksəltməsi və balansını tədricən azaltması ilə bağlı gözləntilər amili göstərilir. Qeyd edək ki, qızıl heç bir faiz gəliri gətirməyən, lakin risksiz maliyyə aktivi kimi qəbul olunur. İqtisadi artımın yüksək olduğu və dünyada geosiyasi gərginliyin olmadığı zamanlar qızıla tələbat azalır.

Analitik qrup bildirir ki, 2018-ci ildə FED uçot dərəcəsini daha sürətlə artıracaq. Buna səbəb, ABŞ-da işsizliyin düşməsi, inflyasiyanın sürətlənməsi və iqtisadi artımın yüksəlməsi olacaq. Uçot dərəcəsində artım isə, öz növbəsində, qızıl aktivlərinin ucuzlaşmasına gətirib çıxaracaq.

Qeyd edək ki, qızıl hazırda 1 275 dollar/unsiyaya satılır. Bu da ilin əvvəli ilə müqayisədə 125 dollar/unsiya və ya 11%-ə yaxın çoxdur. Bu səbəbdən yaxın günlərdən etibarən qızılın 6,6% və ya 1 190 dollar/unsiya səviyyəsinə doğru ucuzlaşması proqnozlaşdırılır. 

"Texniki təhlillər qızılda bu ilin sonuna qədər 1 190 dollar/unsiya səviyyəsini dəstək kimi göstərir. Üst limit isə 1 240 dollar/unsiya səviyyəsidir. Qızılın qiymətinin 2018-ci ilin ortalarına qədər bu diapazonda hərəkət etməsi, daha sonra isə ilk mərhələdə 1 040 dollar/unsiyaya, daha sonra 700-800 dollar/unsiyaya qədər düşməsi gözlənilir", - deyə analitiklər bildiriblər.

Son xəbərlər

Orphus sistemi