Bakı. 25 sentyabr. REPORT.AZ/ ABŞ dollarının əsas rəqibi olan avro ilə müqayisədə məzənnəsi 2017-ci ilin sonuna qədər 4%-ə yaxın möhkəmlənə bilər.
"Report"un analitik qrupu bildirir ki, dolların möhkəmlənməsi üçün bir sıra səbəb yaranıb. Birincisi, dollar avro ilə müqayisədə bu ilin əvvəlindən həddindən artıq çox - 14,8% ucuzlaşıb. Belə bir ucuzlaşma üçün isə heç bir əsaslı səbəb yoxdur.
İkincisi, ABŞ-da uçot dərəcəsi hazırda 1-1,25% olduğu halda, Avropada 0% təşkil edir. FED balansını azaltmağa başlayarsa, Avropa Mərkəzi Bankı hələ monetar stimullaşdırmanı davam etdirir.
Üçüncüsü, FED-in ilin sonuna qədər uçot dərəcəsini bir dəfə də artırma ehtimallarının artması və 2018-ci ilin əvvəlindən balansını daha sürətlə azaltmağa başlayaraq maliyyə bazarlarında dollar qıtlığı yaradacağı amilidir.
Dördüncüsü, Almaniyada dünən keçirilən parlament seçkilərinin nəticələrinin avro üçün yaratdığı təhlükədir. Belə ki, siyasi tənqidçilər yaranan koalisiya hökumətinin 4 il sonra keçiriləcək növbəti seçkilərə qədər davam etməyəcəyini düşünürlər.
"Sadalanan amillərin avronu ucuzlaşdıracağı, dolları möhkəmləndirəcəyi proqnozlaşdırılır. 2018-ci ilin əvvəlində dolların yenidən bir qədər ucuzlaşması gözlənilsə də, II yarımillikdən etibarən möhkəmlənmə prosesinin sürətlənərək avronun məzənnə paritetindən aşağı düşməsi ehtimal edilir", - deyə "Report"un analitikləri əlavə ediblər.