Tarixdə uzun illərdir, Qərb-Şərq, Avropa-Asiya qarşıdurması davam edir. Vaxtilə bu qarşıdurma türk-Avropa müharibələri kimi xarakterizə olunub. Son iki yüz ildə bu, əvvəl çar Rusiyası, sonra SSRİ, indi isə yenidən Rusiya Federasiyası-Qərb ziddiyyəti kimi müşahidə edilir.
Bu qarşıdurmada Qərb mərhələ-mərhələ uğur əldə edir. Çar Rusiyasını süquta uğradan qərblilər onun yerində sovetlərin qurulmasına imkan yaratmaqla, kommunist rejimi formasında Rusiya imperiyasının ömrünün 70 il uzanmasına dözdü. SSRİ ABŞ başda olmaqla, Qərb blokuna qarşı müqavimət göstərən yeganə güc mərkəzi sayılırdı. İkinci Dünya müharibəsində “şər imperiyası”nın savaşla süquta uğramayacağı təsdiqləndi. Əksinə, o daha da gücləndi və dünyada iki əks siyasi qütb formalaşdı. Ancaq dünya üzərində ikihakimiyyətlilik uzun sürmədi. Mübarizənin növbəti mərhələsi 1990-cı illərdən sonra dinc yolla, sürətlə həyata keçməyə başlayıb. SSRİ artıq mövcud olmasa da, Qərbin postsovet məkanında, onun varisi Rusiya ilə qarşıdurması davam edir.
Sovetlər dağıldıqdan sonra müstəqilliklərini bərpa etmiş, yaxud yenidən qurulmuş dövlətlər üzərində onların nüfuz mübarizəsi gedir.
Bu qarşıdurmaların bəziləri barədə qısa xatırlatma etmək yerinə düşər.
Azərbaycan ərazilərinin ilkin mərhələdə sovet, daha sonra Rusiya hərbçilərinin yardımı ilə Ermənistan tərəfindən işğal dönəminə diqqət yetirək. 1992-ci il fevralın 26-da baş verən Xocalı soyqırımının törədilməsində Rusiyanın 366-cı motoatıcı alayı da iştirak edib. 1988-ci ildən Qərbi Azərbaycan türklərinin Ermənistandan qovulması ilə başlayan bu proses 2020-ci ilin payızınadək davam edib. Ötən on illərdə Qərb və Rusiyanın liderlik etdiyi ATƏT-in Minsk qrupu torpaqların işğal altında qalmasına şərait yaradıb. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən təcavüzə məruz qalması, o dövrdə təbii sərvətlərinin talan edilməsi, yaşayış və sosial-inzibati binalarda daşın daş üstə qalmaması, mədəni-tarixi, dini abidələrin dağıdılması, bir milyondan çox azərbaycanlının qaçqın və köçkün vəziyyətə düşməsi Qərblə-Rusiyanın qarşıdurmasının nəticəsi idi. Onlar Cənubi Qafqazda, xüsusilə, Azərbaycan və onun enerji mənbələri üzərində nəzarəti ələ keçirmək uğurunda mübarizə aparıb. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi Qərblə Rusiyanın ölkədə bu istiqamətdə nüfuz uğrunda mübarizəsinə də son qoyub. Rəsmi Bakı hər iki tərəflə bərabərhüquqlu əməkdaşlıq edir. Azərbaycan ABŞ, Böyük Britaniya, Çin, Rusiya və Avropa İttifaqı ilə iqtisadi-ticarət əlaqələrini genişləndirir, qarşılıqlı münasibətlərə dair strateji müqavilələr, razılaşmalar imzalayır. Bununla belə, tərəflərin ziddiyyətli davranışları və nüfuz uğrunda mübarizəsi davam edir.
Qərb-RF qarşıdurması Ermənistanda daha aydın görünür. Sovetlər dağıldıqdan sonra bu ölkə əlaqələr və əməkdaşlıq sahəsində üstünlüyü Rusiyaya vermişdi. Ancaq son altı ildə vəziyyət xeyli dəyişib. Ermənistan Moskvanın patronajlığında olan təşkilatları boykot edir, hətta 44 günlük müharibədən sonra təhlükəsizlik məsələlərində Rusiyanı “etibarsız” adlandırıb. Münasibətlərdəki dəyişiklik o həddə çatıb ki, İrəvan dağıdılan işğalçı ordunun yenidən silah-sursat və hərbi texnika ilə təchiz olunmasında İran və Hindistanı Rusiyadan üstün tutur. Ölkə ərazisində Rusiyanın hərbi bazası olsa da, Avropa İttifaqı Mülki Müşahidə Missiyası adı altında Azərbaycanla şərti sərhəddə hərbçilərin yerləşməsinə icazə verib. Ermənistanda hava limanları da daxil olmaqla, dövlət sərhədini Rusiya hərbçiləri qoruyur.
İrəvan “Zvartnots” hava limanından rusiyalı hərbçiləri çıxarmaqla, Qərb-RF qarşıdurmasında birincilərə üstünlük verib. ABŞ hərbçisinin Ermənistan Müdafiə Nazirliyində xidmətə qəbul edilməsi də Rusiyanın artıq hesabdan silinməsinin göstəricisidir. Birləşmiş Ştatların Ermənistanda hərbi təlimlər keçirməsi, Avropa İttifaqının bu ölkəyə hərbi məqsədlər üçün maliyyə yardımı ayırması kimi addımlar Qərbin bölgədə Kremli sıxışdırmasının təzahürüdür. Başqa sözlə, əvvəllər Rusiyanın Cənubi Qafqazda alət kimi istifadə etdiyi Ermənistandan indi ABŞ, Fransa yararlanır. Hələ ki Ermənistanda hakimiyyət Qərbə, müxalifət sayılan kəsim isə Rusiyaya meyllənib. Bu ziddiyyət müxtəlif sahələrdə, hətta, kilsədə belə davam edir.
Qərbin Rusiya üzərində üstünlük əldə etdiyi postsovet ölkələrindən biri də Gürcüstan idi. Mixeil Saakaşvilinin başçılıq etdiyi “narıncı inqilab” bu ölkə üçün uğur gətirmədi. Gürcüstanın ərazi bütövlüyü təmin olunmayıb, keçmiş prezident, az qala demokratiyanın “Çe Gevarası” qismində ictimaiyyətə təqdim olunan Saakaşvili həbs edilib. Qərbyönümlü sayılan və səlahiyyət müddətinin bitməsinə bir neçə ay qalan Prezident Salome Zurabişvili indi onu əfv etmək niyyətindədir. İki ilə əvvəl isə o, Saakaşvilini “heç vaxt əfv etməyəcəyini” bildirmişdi. Odur ki, keçmiş prezidentin azadlığa buraxılması məsələsinə münasibət fərqlidir. Keçmiş Prezidentin həbsdən azad edilməsi ilə bağlı məsələ də Qərb-RF qarşıdurmasının aydın görünən tərəflərindəndir. 2008-ci il avqustun 7-12-də Rusiya ilə Gürcüstan arasında müharibə, Cənubi Osetiya və Abxaziyanın “özlərini müstəqil elan etməsi” də “narıncı inqilabın” verdiyi “töhfə”lər sırasındadır. Rusiya isə iddia edir ki, Gürcüstan həmin “respublikalarla” sərhədləri müəyyənləşdirməlidir. Bu, Moskvaya meyllənmə kursunu seçən hökumətin vəziyyətini daha da ağırlaşdıra bilər.
Parlamentin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsi ABŞ başda olmaqla, Qərblə Gürcüstan arasında münasibətləri daha da gərginləşdirib. Birləşmiş Ştatlar bu ölkəyə yardım məqsədi ilə ayırdığı 95 milyon dollardan artıq maliyyə yardımını dayandıraraq o vəsaiti qeyri-hökumət təşkilatlarına verəcəyi bildirilir. ABŞ-nin dövlət katibi Antoni Blinken rəsmi Tbilisini “antidemokratik fəaliyyət göstərməkdə və yalan açıqlamalar verməkdə” ittiham edib.
Ermənistanda hökumət Qərb, müxalifət isə Rusiya yönümlü olduğu halda, Gürcüstanda vəziyyət əksindədir. Bu təzadlar Cənubi Qafqazın təhlükəsizliyi və sabitliyinə, regional əməkdaşlığın inkişafına mənfi təsir göstərir.
ABŞ, Aİ, NATO-Rusiya qarşıdurmasının ən ziddiyyətli tərəfi postsovet məkanı Ukraynadır. Çünki orada Rusiya öz maraqlarını açıq şəkildə hərbi yolla qorumaq yolunu tutub, hətta Ukraynanın bir hissəsini ilhaq edib.
Son günlər Rusiyanın Kursk vilayətinə Ukraynanın həyata keçirdiyi hücum əməliyyatı, bölgənin müəyyən hissəsini ələ keçirməsi vurğulanan ziddiyyətlərin daha da kəskinləşdiyini deməyə əsas verir.
Ukrayna bununla da RF-nin beynəlxalq miqyasda tanınan ərazilərinə daxil olub, müharibəni Rusiya ərazisinə keçirib. Nəticədə Rusiya qaçqın və ya məcburi köçkün problemi ilə üzləşib. Bu həm də müharibə edən bir ölkə üçün əlavə maliyyə məsrəfinə yol açır, sosial problem yaşadır.
Kursk strateji bölgədir. Orada Atom elektrik stansiyası, hərbi baza və hərbi nüvə obyektləri var. O, həm də Moskva vilayəti ilə Ukraynanın Sumı vilayəti arasında yerləşir. Bununla yanaşı, Kursk Böyük Vətən Müharibəsi illərində cəbhədə dönüşün başlanğıcı ilə tarixdə qalıb. 81 il öncə iyul-avqust aylarında polyak əsilli sovet sərkərdəsi Konstantin Rokossovskinin də başçılıq etdiyi cəbhənin bu istiqamətində sovetlər faşistləri geri oturda bilib. Həmin əməliyyatlar nəticəsində Ukraynanın Xarkov şəhəri də faşist işğalından azad edilib. Qeyd olunan hücumdan sonra hitlerçilər bütün cəbhə boyu bir daha özlərinə gələ bilmədilər.
Ukrayna hərbçiləri son günlər ilhaq altında olan Krım yarımadası ilə bərabər, Rusiyanın müxtəlif bölgələrinə də zərbələr endirib. Bu, ABŞ və Avropa İttifaqının Ukraynaya verdiyi hərbi texnikanın yaratdığı üstünlüyün nəticəsi sayılır.
Müharibə Rusiya Federasiyanın klassik ərazisinə keçibsə, o halda sual yaranır: Moskva Şərqi Avropaya, ABŞ-nin müttəfiqlərinin ərazisinə hücum edə bilər? Bunu etməyə Rusiyanın gücü çatar? Belə bir şəraitdə Çin və İran necə davranacaq?
Bu sualların cavabı həm də Ukraynanın Rusiya ərazisinə hücumunun intensivliyindən asılıdır. Hesab etmək olar ki, Ukrayna bu məsələdə Rusiyanın daha çox ərazisini tutmaqla, onu perspektivdə ilhaq olunmuş torpaqları ilə dəyişə bilər. Çünki rəsmi Kiyev Pekində Rusiya ilə sülh danışıqlarına hazır olduğunu bildirib. Belə bir hal, ərazilərin mübadiləsi Moskvanı da dalandan çıxara bilər. Bu isə Rusiyanın Ukraynanı Qərbə uduzması deməkdir. Kursk müharibəsi onda sovetləri, indi isə bu dəfə Ukraynanı və Qərbi məğlubiyyətdən xilas edə bilər. Bu HƏMAS-İsrail savaşəna da təsirsiz ötüşməyəcək. “Ukraynada dünyanın gələcək düzəni müəyyən ediləcək” deyiminin əbəs olmadığı da bununla təsdiqlənər. 81 il əvvəl Kursk döyüşləri yeni dünya düzəni üçün də başlanğıc olub. Tehran konfransı da ondan sonra - 1943-cü il 28 noyabr – 1 dekabr aralığında keçirilib. O baxımdan, Qərb-Rusiya qarşıdurmasının indiki vəziyyəti yeni konfransın çağırılmasına şərait yarada bilər.