Politoloq: "Üsyançıların bu avantürası Türkiyə hökumətinin daxili və beynəlxalq arenadakı mövqeyini gücləndirəcək"- RƏY

Politoloq: "Üsyançıların bu avantürası Türkiyə hökumətinin daxili və beynəlxalq arenadakı mövqeyini gücləndirəcək"- RƏY İlqar Vəlizadə: "Türkiyədə baş verənlər ölkədə çox ciddi siyasi proseslərin getdiyini göstərir"
Analitika
18 İyul , 2016 15:06
Politoloq: Üsyançıların bu avantürası Türkiyə hökumətinin daxili və beynəlxalq arenadakı mövqeyini gücləndirəcək- RƏY

Bakı. 18 iyul. REPORT.AZ/ "Türkiyədə baş verənləri necə - çevriliş və ya onun "səhnələşdirilməsi" kimi qələmə vermələrindən asılı olmayaraq, hadisələr ölkədə çox ciddi siyasi proseslərin getdiyini göstərir. Bu proseslər son bir neçə ildə davam edir və açıq-aydın destruktiv xarakter daşıyır".

Bunu "Report"a açıqlamasında azərbaycanlı politoloq İlqar Vəlizadə iyulun 16-na keçən gecə Türkiyədə həyata keçirilən dövlət çevrilişinə cəhdi şərh edərkən deyib.

Politoloqun fikrincə, simptomları hələ ötən il iki parlament kampaniyası fonunda aydın görünən hakimiyyət böhranı hakim partiyanın növbəti qələbəsindən sonra da qalmaqdadır və bu böhran indi hakim elitanın daxilində müxtəlif gizli qruplarların qarşıdurmasına çevrilib. 

"Baş nazir Əhməd Davudoğlunun istefası və onun "partiyadaxili iş" kimi qələmə verilməsi ən yükəsk idarəetmə tandemi arasında ziddiyyətlərin kəskinləşməsinin nəticəsidir. Eyni zamanda, bu proseslərdən bir qədər uzaq saxlanılan hərbçilər arasında da narazılıq baş qaldırmışdı. Onlar yüksək təbəqədəki qeyri-müəyyənlikdən və silahlı qüvvələrin ölkənin siyasi rəhbərliyi tərəfindən idarə olunmasından narazı idi. İstisna deyil ki, ötən ilin oktyabr ayında Rusiya bombardmançı təyyarəsi ilə bağlı insidentdən sonra Türkiyə rəhbərliyinin baş verənlərə görə əsas günah yükünü hərbçilərin üzərinə yıxması yüksək çinli hərbçilər arasında narazılıqların baş qaldırmasında katalizator rolu oynayıb. Əlbəttə, dövlət çevrilişində maraqlı olan tərəflər arasında xarici qüvvələr də dayana bilər. Belə ki, hakimiyyəti zor gücünə ələ keçirməklə bağlı plan quranlar sonradan tanınması və xarici dəstək məsələsini düşünməmiş olmazlar. Son zamanlarda isə ölkə xaricində Rəcəb Tayyib Ərdoğanın tənqidçilərinin sayı kifayət qədər idi", - deyə İ.Vəlizadə bildirib.

Bununla yanaşı, politoloq Türkiyədə baş verən hadisələrin Ərdoğanın həm daxili, həm də beynəlxalq arenadakı mövqeyini gücləndirəcəyini imkan yaradacağını vurğulayıb: "Ssenarinin özü, hakimiyyətin hərəkətləri, çevrilişin təşkilatçılarının açıq-aydın səhvləri Türkiyə hökumətinin hadisələrin mümkün axarından, çevrilişin başlama vaxtından, üsyançıların planları və imkanlarından xəbərdar olduğunu və onlara qarşı uğurla hazırlaşdıqlarını düşünməyə əsas verir. Ümumiyyətlə, ölkə ilk dəfə deyil ki, növbəti çevriliş cəhdi gözləntisi ilə yaşayır. Paralel hakimiyyətlə bağlı olan "Ergenekon işi"ni yada salaq. Yeri gəlmişkən, bütün bu baş verənlər Ərdoğana yaxşı reytinq qazandırdı. Kim olur-olsun, üsyançıların bu avantürası Türkiyə hökumətinin həm daxili, həm də beynəlxalq arenadakı mövqeyini gücləndirəcək".

Son xəbərlər

Orphus sistemi