Bakı. 15 fevral. REPORT.AZ/ Dünyanın haqq-ədalət nizamı pozulanda şər qüvvələr üstünlük qazanırlar. Onlar böyük güclərin ətrafında cəmləşib xeyirli, ədalətli işlər görən başları yeyərək dünyanı özlərinə oxşatmağa çalışırlar. Son illər Yaxın və Orta Şərqdə baş verənlər də bunu bir daha təsdiqləyir. Belələrinə alət olanlardan biri də terrorçu PKK qruplaşmasıdır.
Terrorçu PKK qruplaşması üzvlərinin Türkiyədən qaçaraq Ermənistana toplaşdığına dair erməni mətbuatında məlumat yayılıb. Onlar 30 ildən çoxdur Türkiyənin ərazi bütövlüyü və suverenliyinə qarşı çıxırlar, təhlükəsizliyinə təhdid yaradırlar, bu istiqamətdə terror fəaliyyəti ilə məşğul olurlar. PKK bunun üçün qanunsuz silahlı dəstələr yaradıb.
Türkiyənin təhlükəsizlik qüvvələri bu qruplaşma üzvlərinə qarşı antiterror əməliyyatları keçirir və terrorçuları məhv edir.
Ermənistan mətbuatının məlumatına görə, PKK rəhbərliyi hesab edir ki, Moskva və Yerevan bu terrorçu qruplaşmaya loyal yanaşır. Elə bu səbəbdən də terrorçular Ermənistana toplaşır. Ermənistan sərhədini qoruyan Rusiya hərbçiləri terrorçuların Türkiyə-Ermənistan sərhədini keçməsinə şərait yaradırlar. Sərhədi keçən PKK-çılar Ermənistanın hakimiyyət orqanlarına təslim olurlar.
Qeyd edək ki, bir neçə ay əvvəl Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində terrorçu PKK-nın 12 düşərgəsinin olduğu və orada 1750 terrorçunun təlim keçdiyi barədə məlumat yayılmışdı.
Ümumiyyətlə, PKK-çıların Ermənistana keçməsi, yaxud ora toplaşması təsadüfi deyil. Çünki onlar Türkiyə və Azərbaycanın düşmənləridir və öz çirkin niyyətlərini həyata keçirmək üçün isə ən əlverişli ərazi kimi Ermənistanı görürlər. Bundan əlavə, Ermənistan PKK-nı terrorçu qruplaşma olaraq tanımır. Deməli, Rusiya tərəfindən himayə edilən PKK Türkiyə ilə yanaşı perspektivdə Azərbaycan və İrana qarşı istifadə edilmək üçün Kremlin əlində vasitə ola bilər. İş o yerə çatıb ki, Rusiyada terrorçu PKK qruplaşmasının Suriyadakı PYD adlı qolunun nümayəndəliyi də açılıb.
Türkiyədə müxtəlif adlar altında fəaliyyət göstərən “siyasilər” türk millətinə qarşı ermənilərlə də eyni mövqedən çıxış edirlər. Onlar ermənilərin qondarma soyqırımı iddialarını qəbul edirlər. Türkiyə vətəndaşı olan üzdə siyasətçi, əslində isə PKK-çılar heç vaxt Xocalı soyqırımına münasibət bildirməyiblər. Terrorçu PKK qruplaşması Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında da iştirak edib.
2016-cı ilin aprel döyüşlərində həmin terrorçular Kandil dağı və Kamışlıdakı (Suriya) düşərgələrindən çıxaraq Ağrı dağı ərazisindən Ermənistana keçmişdilər. Terrorçular Göyçə (ermənilər Van deyir) gölü ətrafındakı Göyçə mahalında (ermənilər Vardanis rayonu adlandırır) PKK üçün ayrılan “Vardenis düşərgəsi"ndə yerləşdirilmişdilər. Ermənistana terrorçular göndərmək planına rəhbərliyi Türkiyənin Tunceli şəhərində doğulan PKK-çı Bese Hozat etmişdi. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə göndərilən terrorçular arasında PKK-nın Suriya qolu olan PYD sıralarında savaşan 150 erməni də vardı. Qarabağda vəziyyət gərginləşdiyindən terrorçular da Azərbaycanın işğal altında olan bölgələrinə göndərilmişdilər. 2016-cı ilin aprel döyüşlərində PKK-çılar ermənilər tərəfdən döyüşlərdə iştirak ediblər. Həmin tarixdə İran KİV-ləri də PKK-Ermənistan əməkdaşlığına dair faktlar ortaya qoymuşdu. İndi isə onların Türkiyədən qaçaraq Ermənistana toplaşması Dağlıq Qarabağda da yeni hadisələrin baş verəcəyi ehtimalını irəli sürməyə əsas verir. PKK-çılar Türkiyənin diqqətinin Afrin də daxil omaqla Suriyada keçirdiyi antiterror əməliyyatlarından yayındırmaq üçün Azərbaycana qarşı aksiyalar keçirə bilərlər. Bundan başqa, ermənilərlə PKK-çıların strategiyası da oxşardır. Hər ikisi Qara dənizə və Aralıq dənizinə çıxış əldə etmək niyyətindədir. Odur ki, Türkiyə və Azərbaycana qarşı düşmənçilik, oxşar hədəflər bu qüvvələrin birgə çıxış etməsinə əsas verir.
ABŞ terrorçu PKK qruplaşmasının Suriyadakı YPG və PYD adlı qollarını silah-sursatla təchiz edir. Rəsmi Ankaranın etirazından sonra Vaşinqton “Suriya Demokratik Qüvvələri” ilə birlikdə fəaliyyət göstərdiyini dəfələrlə bildirib. ABŞ və PKK-nı dəstəkləyənlər isə məsələdən yayınaraq PKK-ya deyil, YPG, PYD və “Suriya Demokratik Qüvvələri”nə (SDQ) silah verib onlarla əməkdaşlıq etdiklərini söyləyirlər. Bu qurum isə YPG və PYD silahlılarından, başqa sözlə, yenə PKK terrorçularından formalaşıb. Nəticədə ABŞ-ın terrorçu olaraq tanıdığı PKK-nı silahlandırdığı təsdiqlənib. Ancaq baş verənlər bunların nə mahiyyətində, nə də fəaliyyətində heç bir fərqin olmadığını təsdiqləyir. ABŞ-da da bu məsələnin ciddi olduğunu etiraf etməyə başlayıblar. ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Daniel Koats fevralın 13-də Konqresə təqdim etdiyi “Dünyada təhdid dəyərləndirməsi” adlı hesabatının Orta Şərq bölümündə bildirib: “YPG PKK-nın Suriyadakı silahlı qüvvəsidir”. Sənəddə qeyd olunub ki, bu qruplaşma Suriyada muxtariyyət əldə etməyə səy göstərəcək: "Ancaq Rusiya, İran və Türkiyənin müqaviməti ilə üzləşəcək. İran Suriyadan Livana quru dəhlizi açmağa cəhd göstərir”. Qeyd edək ki, 1993-cü ildə ABŞ, Almaniya, Kanada, Avstraliya, Yeni Zellandiya və Britaniya Türkiyənin istəyi əsasında PKK-nı terrorçu qruplar siyahısına daxil edib. 1998-ci ildə Qırğız Respublikası bu qruplaşmanı terrorçular siyahısına salıb. 2001-ci ildən isə Avropa İttifaqı PKK-nı terrorçu təşkilatlar siyahısına daxil edib. Bu qruplaşma 2002-ci ildə, formal olaraq, özünü buraxdığını, “Kürdüstan Demokratik və Azadlıq Konqresi”ni qurduğunu elan etsə də, qruplaşma PKK olaraq tanınır.
Tədqiqatçılara görə, PKK SSRİ-ABŞ qarşıdurmasının törəməsi də sayılır. NATO-nun cənub gücü olan Türkiyədə kürdlərin solçu terror təşkilatının yaranması SSRİ-nin planına daxil idi. PKK liderlərinin SSRİ və KQB ilə əlaqələrinə dair çoxlu sayda iddialar var. Terrorçu qruplaşmanın lideri Abdullah Öcalanın Türkiyədəki çevrilişdən az əvvəl ölkədən çıxarılması və Livana, daha sonra SSRİ-nin Yaxın Şərqdəki əsas müttəfiqi olan Suriyaya yerləşməsi bu ehtimalı təsdiqləyir. Hazırda fərqli adla mövcud olsa da, bu terrorçu qruplaşma yalnız Rusiyanın deyil, ABŞ, Almaniya, Fransa, Belçika, Hollandiya, İsrail və başqalarının da işinə yarayır. 1999-cu il fevralın 15-də Abdullah Öcalanın tutularaq Türkiyə xüsusi xidmət orqanlarına təhvil verilməsi yuxarıda qeyd etdiklərimizin doğruluğuna əyani sübutdur. 1998-ci ildə Suriya hakimiyyəti onu ölkəsindən çıxarmağa məcbur oldu və Abdullah Öcalanı Rusiyaya yola saldılar. Moskva onu bir müddət saxladıqdan sonra İtaliyaya təhvil verdilər. Bu ölkədən çıxarıldıqdan sonra Abdullah Öcalan Keniyada Yunanıstan səfirliyinə sığınıb. O, Keniyaya yunan Kiprinin verdiyi diplomatik pasportla “Lazaros Mavros” adı altında gedib. Ancaq sonunda oradan Türkiyəyə gətirildi. Abdullah Öcalan silahlı terror qruplaşması yaratmaqda təqsirli bilinərək edama məhkum edilsə də, Avropa İttifaqının qanunları əsasında cəzası ömürlük həbslə əvəzləndi.
Halbuki bu terrorçu qruplaşma Türkiyədə minlərlə qadın, uşaq və qocanı amansızcasına qətlə yetirib. PKK ilk silahlı aksiyaya 1984-cü ildə Türkiyənin şərq və cənub-şərq bölgələrində başlayıb. Abdullah Öcalana "körpə uşaq qatili”də deyirlər. PKK-çılar ilk dəfə həmin il Türkiyənin Batman bölgəsində 8 aylıq hamilə Mizgin Doru və onun 5 yaşlı qızını qətlə yetirməklə bu adı qazanıb. Bundan sonra PKK-nın körpələri, uşaqları, qadınları qətlə yetirməsi davam edib. 1987-ci il avqustun 20-də Türkiyənin Mardin əyalətinin Dargeçit rayonunda onlar Şehmus Arıkın evinə hücum edərək “Kalaşnikov”la 2 qadını, 3 uşağı və Həmzə adlı 4 aylıq körpəni qətlə yetiriblər. Onların belə qanlı əməllərinə dair çoxlu sayda nümunələr göstərmək olar. Daha bir nümunə 1993-cü ildə Türkiyənin Siirt bölgəsinə basqın nəticəsində 13-ü uşaq, 9-u qadın olmaqla 22 nəfəri qətlə yetirməsidir. Ta günümüzədək onların terror fəaliyyəti davam edir. İŞİD-in Suriya və İraqda meydana çıxması müxtəlif adlar altında mövcud olan PKK-nın fəallığını və iştahasını daha da artırdı. İndi onlar Türkiyə ərazisini ABŞ və başqa dövlətlərin verdiyi raketlərdən atəşə tuturlar. Cari ildə Suriya ilə sərhəddə yerləşən Türkiyənin Hatay bögəsinin 133 dinc sakini raket atəşi nəticəsində yaralanıb.
Beləliklə, terrorçunun təmsil etdiyi qruplaşmanın adı nə olursa-olsun, olar qatildirlər. Qatillərin himayədarları da tapılır. Bu, dünyanın müxtəlif bölgələrində ərazilər nəzarətsiz qalanda özünü daha qabarıq göstərir. Onlardan hər kəs öz məqsədi üçün istifadə edir. Elə terrorçu PKK-nın fəaliyyəti və himayədarlığı da bunu göstərir.