PKK terror qruplaşması - vaz keçilməyən sovet mirası - ŞƏRH

PKK terror qruplaşması - vaz keçilməyən sovet mirası - ŞƏRH Türkiyə dövlət olaraq terrora və onun himayədarlarına qarşı mübarizəni davam etdirir.
Analitika
27 Dekabr , 2023 14:15
PKK terror qruplaşması - vaz keçilməyən sovet mirası - ŞƏRH

Türkiyə dövlət olaraq terrora və onun himayədarlarına qarşı mübarizəni davam etdirir.

Ötən həftənin sonunda İraq və Suriyanın şimalında keçirilən antiterror əməliyyatları nəticəsində 12 hərbçi şəhid olub. PKK terror qruplaşması və onun bu ölkələrdəki silahlıları da xeyli itki verib.

Türkiyə bu qruplaşmaya qarşı mübarizəni dayandırmır. PKK-nın öz maliyyəsi, hərbi sənaye kompleksi və başqa gəlir gətirən sahələri yoxdur. O zaman sual yaranır – bu terror qruplaşması necə ayaqdadır və hələ də Türkiyəyə qarşı savaşır?

PKK 1978-ci ildə Türkiyəyə qarşı yaradılıb və ölkə ərazisində fəaliyyətə başlayıb. Onun əsas sponsorunun keçmiş SSRİ-nin olduğu istisna deyil. Çünki Türkiyə həm NATO üzvü, həm də ABŞ-nin və Qərb dövlətlərinin tərəfdaşı kimi Moskvanın daim hədəfində olub. Sol təmayüllü qüvvələr Türkiyədə sosialist inqilabı etmək istəyib. Onlar müxtəlif üsullardan, o cümlədən terrordan istifadə ediblər. Yeri gəlmişkən, Ermənistanın ASALA, Daşnaksütyun terror təşkilatları da sol ideoloji düşüncənin daşıyıcıları idi. Onların əsas hədəfi dünyada türklərə qarşı mübarizə olub. Sovetlər dağılsa da, onlar fəaliyyətlərinə ara vermədilər. Düzdür, ASALA 1990-cı illərdə özünü buraxdığını bildirib, Daşnaksütyun isə Ermənistanda və diaspor arasında fəaliyyət göstərib. Ancaq PKK Türkiyənin ərazi bütövlüyünə qarşı terrorçuluğu davam etdirib. Əvvəllər Moskvanın imkanlarından istifadə etmiş bu qruplaşma indi sponsorlarını və taktikasını dəyişib. Təşkilat Suriya və İraqda yeni qollarını yaradıb. Avropa İttifaqı ölkələrində, ABŞ-də və s. yerlərdə isə cildini dəyişərək qeyri-hökumət təşkilatı adı altında fəaliyyət göstərir.

Onlar məskunlaşdıqları ölkələrdə Türkiyəyə qarşı aksiyalar keçirir, milli və dinin mənsubiyyətindən asılı yeni qüvvələr cəlb edir, maliyyə vəsaiti toplayır.

Avropa İttifaqı ölkələri, NATO, ABŞ, Avstraliya, Yaponiya, Kanada, Qazaxıstan, Suriya, İraq və İran PKK-nı terror qruplaşması olaraq tanıyır. Rusiya, Çin, Hindistan, İsrail, Misir, İsveçrə, Səudiyyə Ərəbistanı, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri isə onu terror qruplaşması olaraq tanımayanların siyahısındadır.

Bəzi dövlətlər bir zamanlar SSRİ-nin və bəzi qərb ölkələrinin Türkiyəyə qarşı alət olaraq istifadə etdiyi qruplaşmadan indi də yararlanırlar.

Rəsmi Ankaranın etirazlarına baxmayaraq, ABŞ, Almaniya, Fransa, İtaliya, İspaniya və başqaları bu qruplaşmanı silah-sursat, hərbi texnika ilə təchiz edir. Qərb blokuna aid bəzi ölkələr İŞİD-in Suriya və İraqda fəaliyyətindən sui-istifadə edərək antiterror tədbilərinin dəstəkləməsi adı altında PKK-nı və qollarını silahlandırıblar. Bu, indi də davam edir. Qruplaşmanın qolları Suriyada müxtəlif neft yataqlarına ABŞ hərbçilər ilə birgə nəzarət edir.

Bu halda sualın başqa bir hissəsi də cavablanır. Vaxtilə İraqın şimalı Bağdadın nəzarətindən demək olar ki çıxmışdı. O illərdə bölgəni idarə edənlər qaçaq yolu ilə milyon tonlarla xam nefti qanunsuz olaraq satıblar. Əldə olunan maliyyə vəsaiti ilə silahlı qüvvələr qurublar, hətta qərb ölkələrindən təlimçilər belə dəvət ediblər. İraqda vəziyyət normallaşandan sonra rəsmi Bağdad şimaldakı yerli idarəetmə qurumuna özbaşına “qara qızıl” satmağı qadağan etdi.

Bu, o deməkdir ki, PKK-nın da nəzarəti altında neft yatağı və ya buna oxşar obyektlər yox deyil. Bundan başqa, bu terrorçu qruplaşma narkotik ticarəti ilə də məşğul olur, Avropaya qanunsuz narkotik maddələr daşıyır. Odur ki, başqa bir maliyyə qaynağı narkotik maddələrdən gələn gəlirlərdir.

Türkiyəyə qarşı fəaliyyətdə terrorçuların yerləşdikləri ölkələrin də rolu az deyil. PKK əsasən Suriya və İraq ərazisindən qonşu ölkələrin təhlükəsizliyi və ərazisini təhdid edir. Türkiyə İŞİD-dən əvvəl hər iki ölkənin rəhbərliyi ilə antiterror əməliyyatını dəfələrlə müzakirə etsə də, onlar Kandil dağındakı düşərgələrindən endirilməyib.

Bu ilin yayında rəsmi Tehran Bağdaddakı həmkarlarını İraqdan təhlükəsizliklərinin təhdid edildiyi, həmin silahlıların ərazilərində terror törətdiyi barədə xəbərdar etmişdi. İran bildirmişdi ki, belə hal təkrarlanarsa, PKK və onun qollarının düşərgələrini bombalaycaq.

Bu xəbərdarlıqdan sonra rəsmi Bağdadla İraqın şimalındakı hökumət oxşar hadisələrin təkrarlanmayacağına dair söz vermişdilər. Problem həll olundu? Əlbəttə, yox. Bununla da İraq ərazisində belə terror qruplaşmasının varlığını mərkəzi hakimiyyətlə yanaşı, şimaldakı yerli qurum da etiraf edib. Odur ki, Bağdad və şimaldakı hökumətin onları himayə etdiklərini ehtimal etmək olar. Yaxud belə anlaşılır ki, İraq hakimiyyəti Qərbdən olan müttəfiqləri qarşısında bu terrorçuların ölkəsində qalacağına dair öhdəlik götürüb. Yoxsa, Bağdad və Ərbil PKK-nı niyə qovmur?

Dünya keçmiş sovetlərin bir çox mirasından imtina edib. Ancaq PKK terrorçu qruplaşmasını yaşadırlar. Çünki onların sponsoru dəyişir. Əvvəllər SSRİ-nin siyasətinə uyğun solçu kimi fəaliyyət göstərirdilər, indi də PKK-dan əmələ gələn “təşkilatlar” adlarının qarşısına “milli” və ya “demokrat” sözü yazmaqla yeni havadarlarına xidmət edirlər. Ona görə də PKK dibsiz quyuya oxşayır. Yaxud sponsorlar bunları “uzunömürlü” “milli azadlıq təşkilatı” olaraq beynəlxalq ictimaiyyətə sırımağa çalışırlar.

Son xəbərlər

Orphus sistemi