Bakı. 20 fevral. REPORT.AZ/ Dövlət quruluşu insan orqanizminə çox bənzəyir. Orqanizmin ümumi müdafiə və mühafizə qabiliyyəti zəifləyəndə xəstəliklər bir-birinin ardınca gəlir. Sanki bu xəstəlikləri yaradan amillər bir-biri ilə sözləşiblər kimi, insanı yıxmağa cəhd göstərirlər. Bu hal sağlam orqanizmlərin xəstələnməsi zamanı da müşahidə olunur. Bu baxımdan, dövlətin və millətin düşmənləri də məqam yetişəndə xəstəliyi yaradan amil kimi baş qaldırırlar. Xəstəlikləri yaradan hallar həmişə orqanizmdə olduğu kimi, dövlətin düşmənləri də, bir qayda olaraq, ya qonşuluqda yerləşirlər və ya da regional maraqların pərdəsi altında gizlənirlər.
Fevralın 19-da Suriyada Bəşşar Əsədə bağlı silahlılarla terrorçu PKK/PYD/YPG-nin Afrinə girməsi üçün razılaşdıqları barədə məlumat yayıldı. Hətta Suriyanın rəsmi informasiya agentliyi olan SANA yaxın saatlarda Əsədə bağlı silahlıların Afrinə girəcəyini bildirmişdi. Həmin silahlıları “Xalq qüvvələri” adlandırırlar. Bunların terrorçu PKK və “acilciler”dən (sol yönlü Türkiyə Xalq Qurtuluş Partiyası Cəbhəsi) formalaşdığına dair də məlumatlar yayıldı. Başqa sözlə, Bəşşar Əsədin Afrində Türkiyə və Azad Suriya Ordusuna qarşı bu terrorçular vasitəsilə mübarizə aparacağı qeyd olunurdu. Bu məqsədlə rejimin Suriyanın müxtəlif bölgələrindən PKK-çıları toplayaraq Afrinə göndərdiyi də vurğulandı. Əlbəttə, bunların heç biri təkzib edilmədiyindən qüvvədədir. Həmin qüvvələr Afrində simvolik birlik quraraq Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusuna qarşı cəbhə xətti yaradacaqlar.
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu
Təbii ki, Türkiyə məsələyə dərhal reaksiya verdi. Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirdi ki, B.Əsədə bağlı silahlı qüvvələr bölgəni YPG-dən təmizləmək üçün Afrinə girmək istəyirsə burada problem yoxdur, əgər terrorçuları qorumaq üçün girirsə, onda Türkiyə ordusunun qarşısını heç kim ala bilməz: “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatlarında hədəfimiz terrorçuları məhv etməkdir. Biz həmişə Suriyanın ərazi bütövlüyünü müdafiə etdiyimizi vurğulayırıq”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında də məsələyə dair telefon danışıqları olub. Rusiya prezidenti Suriyada B.Əsədə sadiq ordunun Afrinə girməyəcəyini deməklə türkiyəli həmkarına zəmanət verib. V.Putin “Zeytun budağı” əməliyyatına haqq da qazandırıb. R.T.Ərdoğan, öz növbəsində, Rusiya liderinə bildirib ki, Bəşşar Əsəd bu yola gedərsə, nəticəsi çox ağır olacaq.
B.Əsədə bağlı silahlılar ötən 48 saat ərzində Afrinə daxil olmadı. Bir gün sonra bunun səbəbi də üzə çıxıb. Məlum olub ki, Rusiyanın vasitəçiliyi ilə Suriyanın Hələb əyalətinin Şehba qəsəbəsində B.Əsədin nümayəndələri ilə YPG təmsilçiləri arasında görüş keçirilib. Amma tərəflər B.Əsədə sadiq ordunun Afrinə girməsi məsələsində razılıq əldə edə bilməyiblər.
Suriyadakı rejimin nümayəndələri Afrinə girmələri qarşlığında PKK/PYD/YPG-nin 5 şərtə əməl etməsini istəyiblər:
- Afrindəki bütün rəsmi qurum və strukturlar dövlətə təslim ediləcək;
- Afrinin mərkəzi və ətrafında PKK/PYD/YPG-nin nəzarəti altında olan 52 hərbi mövqe Suriya ordusuna təhvil veriləcək;
- Yüngül və ağır silahlar Suriya ordusuna təhvil veriləcək;
- YPG-nin mülki şəxslər arasında payladığı silahlar Suriya ordusuna təhvil veriləcək;
- 18 yaşı tamam olan gənclər Suriya ordusunda hərbi xidmətə başlayacaq.
Ancaq qruplaşma rəhbərliyi bunu qəbul etməyib. Bununla belə B.Əsəd rejimi ilə terrorçular arasında müzakirələrin davam etdiyi bildirilib.
Terrorçular Afrinə heç kimi rəsmi olaraq dəvət etmədiklərini, Türkiyəyə dəstək vermək istəyənlərə qarşı olacaqlarını vurğulayıblar.
İran prezidenti Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da “Əsədlə PKK Afrin məsələsində anlaşıb” iddiasına münasibət bildirib. O deyib ki, bunun təbliğat xarakterli olduğu açıq-aşkardır. “Amma bəzi çirkin və gizli razılaşmaların olduğu da istisna deyil. Kimin nə etməyindən asılı olmayaraq, "Zeytun budağı" əməliyyatı planlaşdırıldığı kimi davam edəcək və hədəfinə çatacaq”.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri yanvarın 20-də Azad Suriya Ordusu ilə birlikdə Afrində “Zeytun budağı” adlı əməliyyatlara başlayıb. 32 gündür davam edən əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 1715 terrorçusu zərərsizləşdirilib. Hərbi əməliyyatlar zamanı 32 türk əsgəri şəhid olub, 170 hərbçi yaralanıb. Türkiyə ordusunun Afrində terrorçulardan azad etdiyi yaşayış və strateji məntəqələrin sayı 79-a çatıb. Hazırda Afrinin 75 faizi terrorçu PKK/PYD/YPG və İŞİD qruplaşmalarından təmizlənib.
Türkiyə rəsmiləri Afrin əməliyyatı, perspektivdə Münbiçdə keçirəcəkləri oxşar tədbirlə bağlı dəfələrlə bəyanat verdiklərindən məsələyə qayıtmırıq. Yazımızın əvvəlində xəstəliyi yaradan amillər və düşmənlərin birləşməsindən bəhs etmişdik. İndi həmin məsələni davam etdirmək istərdik. Türkiyənin dostları da, düşmənləri də Suriya və İraqda yaranan vəziyyətdə bir daha özlərini göstərdilər. “Qarı düşmən dost olmaz” deyiblər. Odur ki, Türkiyənin ərazi bütövlüyünə yerikləyənlər, onların əlində alət olanlar bir daha məlum oldu. Belə vasitələrdən biri də terrorçu PKK və onun müxtəlif ad altında mövcud olan ayrı-ayrı silahlı dəstələridir. Hələ 1999-cu il iyunun 29-da Abdullah Öcalan məhkəmədə bunu təsdiqləyərək bildirmişdi: “Terroru dayandırmaq lazımdır. Bundan Türkiyəyə qarşı istifadə edəcəklər. Vəziyyətin haradan haraya gəldiyi ortadadır”. O, məhkəmədən əfv diləyərək şəhid ailələrindən üzr istədi və qanlı savaşın qarşısının alınması üçün əlindən gələni etməyə hazır olduğunu söylədi. Ancaq həmin vaxtdan 19 ilə yaxın bir müddət keçib. Ancaq nə PKK, nə də onun himayədarları tutduqlarından əl çəkmirlər.
Abdullah Öcalan
Suriya bu terrorçu qruplaşmanın köhnə oylağıdır. Terrorçu qruplaşmanın başçısı Abdullah Öcalan 1979-cu ildə Türkiyədən Suriyaya qaçıb və orada PKK-nı yaradıb. Terrorçu qruplaşmanın ilk qurultayı 1981-ci ildə Suriyada keçirilib. 1982-ci ildə Suriyanın paytaxtı Dəməşqdə keçirilən ikinci qurultayda Hafiz Əsədin (Bəşşar Əsədin atası) dəstəyi ilə Türkiyəyə qarşı silahlı mübarizə aparmaq barədə qərar qəbul edilib. Həmin vaxt H.Əsəd Türkiyənin Hatay əyalətinə qarşı ərazi iddiası irəli sürürdü və iki ölkə arasında su problemi yaşanırdı. Suriya rəhbəri bu məsələləri həll etmək üçün PKK-dan istifadə edirdi. Həmin vaxtdan PKK Suriyanın şimalında yerləşdirilib. A.Öcalan terrorçu qruplaşmanı 19 il Suriyadan idarə edib. O, 1999-cu il fevralın 15-də Keniyada Yunanıstan səfirliyinə sığınıb. Türkiyə təhlükəsizlik qüvvələri onu oradan əli-qolu bağlı halda Türkiyə gətirib. Ancaq terrorçu qruplaşmanın başçısı tutulmazdan əvvəl Türkiyə hakimiyyəti Suriyada kök salan PKK-nı məhv etmək üçün bu ölkədə antiterror əməliyyatı keçirəcəyini bəyan etmişdi. Həmin vaxtlar Türkiyə Silahlı Qüvvələrinin generalı Atilla Atəş bildirmişdi ki, ölkəsinə qarşı bütün fəsadların altından Suriya çıxır: “Səbrimiz daşır. Hafiz Əsəd (Suriyanın o vaxtkı prezidenti - S.İ. ) qərar verməlidir”. Həmin illərdə Türkiyə Suriya ilə müharibə etməkdə qətiyyətli görünürdü. Məsələdən ABŞ da xəbərdar idi. Mərhum prezident Süleyman Dəmirəl illər sonra demişdi ki, o vaxt Ağ ev Hafiz Əsədə geniş məktub göndərərək Türkiyənin mövqeyini dəstəkləyib. Həmin dövrdə Ankaraya səfər edən Misirin o vaxtkı prezidenti Hüsnü Mübarək Türkiyə ilə Suriya arasında vəziyyətin gərginləşdiyinin şahidi olur və Dəməşqlə Ankara arasında vasitəçilik etmək qərarına gəlir. Türkiyə rəhbərliyinin Suriya girməklə bağlı qərarının qəti olduğunu bildikdən sonra ölkəsinə geri dönərkən Dəməşq beynəlxalq hava limanında Hafizə Əsədlə görüşür. “Ona dedim ki, bu adamı (Öcalanı nəzərdə tutur - S.İ.) niyə Suriyada saxlayırsan? Başqa bir ölkəyə göndərin getsin. Sizə bir təklifim var. Problemi danışıq yolu ilə həll edin. Süleyman Dəmirələ zəng edin, danışın”, - Hüsnü Mübarək həmin hadisələrlə bağlı xatirəsini danışarkən deyib. Nəticədə bir müddət sonra Abdullah Öcalan Suriyadan çıxarılır.
Düzdür, ABŞ-ın Türkiyəni dəstəkləməsi regional maraqlarından və Hafiz Əsəd hakimiyyətinə münasibətindən irəli gəlirdi. Çünki H.Əsəd keçmiş SSRİ-nin adamı idi. Bu isə ABŞ-ı heç cür qane etmirdi. Ona görə də Türkiyənin PKK məsələsi ilə bağlı həssaslığını nəzərə alaraq iki ölkə arasında savaşı dəstəkləyirdi. Hər halda düşmən və maraqlar dəyişməsə də, indi deyəsən əllər dəyişib. ABŞ PKK-nı terrorçu təşkilatlar siyahısına daxil edib. Ağ ev bu terrorçu qruplaşmadan törəyən müxtəlif dəstələrlə əməkdaşlıq edir, onları silah-sursatla təmin edir, təlimatlandırır. Bu terrorçulardan 30 minlik qoşun təşkil etmək istəyir. Üstəgəl, Hafiz Əsədin oğlu Bəşşar Əsədin hakimiyyətdən getməsini, Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etməklə yanaşı, Türkiyə və Suriyanın ərazisini parçalamaq istəyən terorçulara himayədarlıq edir.
RusiyaPKK-nı terrorçu təkilat olaraq tanımır. Ancaq Moskva Bəşşar Əsədi hərtərəfli himayə edərək onun hakimiyyətini qoruyur. Bununla belə, Suriyanın ərazi bütövlüyünə qarşı olan Ağ evin dəstəklədiyi PYD də Rusiyada nümayəndəlik açır. Belə bir şəraitdə kim kimdir? Məlum olur ki, ABŞ və Rusiya hələ də Abdullah Öcalanın məhkəmədə etiraf etdiyi kimi, PKK-dan və onun törəmələrindən bir-birinə və bölgə dövlətlərinə təzyiq vasitəsi olaraq istifadə edir. Yəni hər ikisi PKK-nı ortaq olaraq işlədir.
Türkiyə ABŞ-ın bölgədəki ən yaxın müttəfiqi sayılır. Ancaq Ağ ev hazırda Ankaraya münasibətdə 19 il əvvəlki kimi davranmır. Bəşşar Əsəd silahlılarının Afrinə girməsi məsələsində iki xətt aydın göründü. Bunlardan biri Əsəd-Moskva cütlüyüdür. Vladimir Putinin zəmanəti bunu təsdiqlədi. ABŞ-ın dövlət katibi Reks Tillersonun Ankaraya səfərindən bir gün sonra YPG-Əsəd birliyinin Afrinə girəcəyi xəbəri isə PKK-ABŞ işbirliyinin olduğu ehtimalını artırdı. Bu yolla həm Moskva, həm də Vaşinqton Ankaranın qətiyyətini yoxlamış kimi də göründü. Burada keçmiş müttəfiqlərin Əsəd-PKK ittifaqı hələ alınmır. Ancaq onlar Türkiyəyə qarşı 1979-cu ildə olduğu kimi yenidən birləşə də bilər. Çünki onların və xarici amillərin əsas hədəfi Türkiyədir. Türkiyə isə hələ sağlam orqanizm olaraq onu xəstə hala salacaq amillərə qarı müqavimət göstərir. Bu, ya onun immunitetini artıracaq, ya da...