Son günlər Ermənistanın ictimai-siyasi həyatı növbəti təlatümlü dövrünə qədəm qoyub. Ölkə daxilində siyasi hava o qədər gərginləşib ki, strateq və texnoloqlar yeni üsullar fikirləşmək və gərginliyi azaltmaq üçün aciz qalıblar.
Eyni zamanda Ermənistanın demokratiya və bir sıra göstəricilərdə dünya reytinqlərində geriləməsi, Respublikaçılar partiyasının sədr müavini, hazırda həbsxana həyatı yaşayan Armen Aşotyanın bu məsələ ilə bağlı tənqidi çıxışı da gərginliyi artıran faktorlardan sayılır. Bu sıraya müxalifətin artıq aktivləşməsi, bir sıra partiyaların birgə iclas keçirərək hökumətin addımlarını tənqid etməsi, yeni blok və koalisiyaların yaranması, keçmiş siyasilərin partiya qurmaq üçün sıraya düzülməsi də əlavə edilməlidir.
Bu yaxınlarda Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyanın istefa verməsinə də məhz bu hadisələr prizmasında baxmaq lazımdır. Marukyan hakimiyyətin xarici siyasətini bəyənmədiyi üçün istefa etdiyini bildirib. Əslində isə növbədənkənar parlament seçkilərinə hazırlaşan Nikol Paşinyanın sifarişi ilə Marukyan bu yaxınlarda yeni partiya ilə siyasətə qayıda bilər və seçkilərdə müxalifətin səsini parçalamaq üçün cib müxalifəti rolunu üstlənə bilər.
Bütün bunlarla yanaşı, daxili gərginliyi azaltmaq, gələcəkdə baş verə biləcək istənilən problemi xalqa yükləmək İnternational Republican İnstitute (IRI) tərəfindən Ermənistanda yeni sosial sorğu keçirilib və açıqlanan nəticələrdən məlum olur ki, sorğu küçələrdə, xalq arasında keçirilməyib, sırf “Mülki Müqavilə”nin baş qərargahında hazırlanıb.
Məsələn, guya sorğuda iştirak edənlərin 50 faizi bildirib ki, Ermənistan düzgün yolda irəliləyir, 12 faiz cavab verməkdə çətinlik çəkib, 38 faiz respondent isə dövlətin düzgün yolda hərəkət etmədiyini vurğulayıb. Seçkilərdə də, 50, 51 faizlik baryerlə müxalifətə qalib gələn Paşinyan hökuməti bu sorğuda məhz xalqın 50 faizinin dəstəyini aldığını şüuraltı yeritməklə, sabah çıxacaq problemdə “xalq da bizi dəstəkləyirdi” yalanının arxasında gizlənməyə çalışır.
Qeyd etmək yerinə düşər ki, son dövrlər sərhəd təxribatları törədərək sülh danışıqlarını sabotaj edən Ermənistan hökuməti sorğuda da bu məsələnin üstündən keçməyib. Məlum olub ki, respondentlərin 47 faizi bildirib ki, bu gün ölkənin qarşılaşdığı əsas problem milli təhlükəsizlik və sərhəd təhlükəsizliyi məsələsidir. Əslində isə bu gün erməni dövlətinin ən böyük problemi ölkədaxili ciddi problemlərdir. Artıq miqrasiya yox, depopulyasiya ilə üzləşən Ermənistanda işsizlik, korrupsiya çox ciddi rəqəmlərlə özünü büruzə verir. Hətta Qarabağ ermənilərinin artıq 30 mindən çoxunun ölkəni tərk etdiyi bildirilir. Bu qədər problem içində sərhəd təhlükəsizliyi məsələsinin ilk sırada yer alması isə təsadüfi deyil.
Maraqlıdır ki, ölkədə artan rusofobiya və Rusiya ilə əlaqələri qoparma tendensiyası yerli sakinlər və müxalifət tərəfindən sərt şəkildə tənqid edilir. Hətta bir sıra siyasi xadimlər Fransanın ağuşuna sığınmağın, Avropaya bel bağlamağın təhlükələri barədə palaz-palaz məqalələr dərc etsələr də, “Mülki müqavilə” yolundan dönməyəcəyini hər vəchlə bildirir. Belə ki, sorğu nəticələrinə görə, artıq ermənilərin 61 faizi Fransanın əsas siyasi partnyor sayır, Rusiya siyahıda 5-ci pillədə qərarlaşıb. Eyni zamanda təhlükəsizlik sahəsində də vacib partnyor kimi Fransa göstərilir. Rusiya bu siyahıda da ciddi şəkildə geriləyərək 4-cü yerə layiq görülüb.
Ermənistan üçün iqtisadi təhlükə olaraq, ikinci yerdə Rusiya qərarlaşıb. Respondentlərin 51 faizi şimal qonşusunu iqtisadi cəhətdən təhdid kimi qəbul etdiklərini bildiriblər. Rəqəmlərdən də göründüyü kimi, ölkənin Moskva ilə əlaqələrini qoparma siyasətinə xalqı alət edən Nikol Paşinyan hökuməti bu cür sorğu fırıldaqları ilə gözdən pərdə asmaq yolunu tutub və bu məsələdə də “xalqın gözü tərəzidir” misalını özünə deviz seçib. Maraqlıdır ki, bir tərəfdən sorğu nəticələri ilə oynayan hakim partiya Moskvanı iqtisadi təhdid kimi görür, digər tərəfdən də ölkənin əsas ticari tərəfdaşı da Rusiyadır və Avrasiya İqtisadi İttifaqına üzvlüyü erməni dövlətinə gəlirdən başqa heç nə vəd etmir. Bütün bunların fonunda atılan addımların məntiqsizliyi bir daha özünü göstərir.
İş orasındadır ki, məsələ bununla da bitməyib. Guya respondentlərin 89 faizi ABŞ-la münasibətlərdən razı olduğunu, 87 faizi Aİ ilə münasibətləri yaxşı qiymətləndirdiyini, 66 faizi isə Kreml ilə İrəvan münasibətlərinin pis olduğunu qeyd edib.
Beləliklə, hakim partiyanın siyasəti nəticəsində artıq Rusiya ilə münasibətlər elə bir həddə gəlib çatıb ki, artıq xalqın dili ilə şimal ölkəsi təhdid kimi qəbul edilir. 2018-ci ildə isə bu rəqəm cəmi 6 faiz təşkil edirdi. Paşinyan hakimiyyəti dövründə, yəni 2021-ci ildə bu göstərici 15 faizə qədər artmışdısa, bu gün aparılan siyasət nəticəsində 40 faiz təşkil edib. Artıq ölkədə anti-Rusiya təbliğatı geniş vüsət alıb. Hadisələrin bu tendensiya davam etməsi isə müxalifətin hiddətinə səbəb olub. Artıq müəyyən siyasi dairələrdə gedən söz-söhbətə görə, sorğunun sifarişçisinin ABŞ olduğu qeyd edilir.
Təbii ki, nəticələrə baxanda da bu fikir formalaşır. Görünür, okeanın o tayından gələn sifariş cəmiyyəti və ictimai fikri bu formada yönləndirməklə bağlıdır. Təsadüfi deyil ki, demokratiya ilə bağlı reytinqlərdə Ermənistanın göstəricilərinin kəskin aşağı düşməsi və məhz bu sorğunun nəticələrinin dərc olunması fonunda ABŞ Dövlət Departamenti açıqlama verərək, Ermənistandakı demokratiyanın inkişafına 52 milyon dollar vəsait ayrıldığını bəyan edib. Eyni zamanda qeyd etmək yerinə düşər ki, Qərbin və ABŞ-nin Qarabağ erməniləri üçün ayırdığı iri məbləğdə pullar da Paşinyan hökuməti tərəfindən başqa məqsədlər üçün istifadə edilir. Bu vəsaitin böyük bir hissəsi hazırda Ermənistandakı sosial-iqtisadi layihələrə ayrılmaq üçün nəzərdə tutulub. Atılan addımın məqsədi isə növbədənkənar parlament seçkilərində seçkiqabağı kampaniyalarda qalib gəlmək üçün vasitə sayılmasıdır.
Erməni siyasi kulislərində isə artıq növbədənkənar seçkilər barədə pıçıltılar dolaşır. Belə bir sorğu və atılan addımlar da bunun yaxın zamanlarda reallaşacağına işarədir. Bu səbəbdən də “Mülki müqavilə”nin seçkilərdə müxalifət üzərində qalib gəlməsi üçün belə tip sorğuların növbəti dövrlərdə keçiriləcəyinə, ictimai rəyi buna kökləyəcəyinə şübhə yoxdur.
Kamil Məmmədov