Paşinyanın seçkiqabağı çağırış planı – müdafiə nazirinin bu oyunda hansı “rolu” var? – ŞƏRH

Analitika
  • 27 may, 2025
  • 15:34
Paşinyanın seçkiqabağı çağırış planı – müdafiə nazirinin bu oyunda hansı “rolu” var? – ŞƏRH

Ermənistanın daxili siyasətində artıq müxalifət arasında didişmə prosesinə start verilib. Baş nazirə qarşı impiçment prosesi müxalif düşərgədə fikir ayrılıqlarına səbəb olub. Etimadsızlıq prosesi gündəmdə olmasa da, hakim partiya fəal şəkildə seçkiqabağı kampaniya aparır. Sentyabrda “Vətəndaş müqaviləsi”nə keçirilən seçkilər parlament seçkilərinə ciddi təsir göstərəcək. İdarə heyəti üzvlüyünə namizədlik iyunun ortalarında başlayacaq və partiyanın bu dəfə yüzdən çox namizədinin olacağı proqnozlaşdırılır.

Artıq 50 nəfərin adı hallanır və bu şəxslər son günlər durmadan rayonlara səfər edir, rayon təşkilatlarının, ərazi strukturlarının üzvləri ilə görüşlər keçirir. Bu qurumların könlünü almaq, xoş xətir saxlamaq üçün isə partiyadaşlar min-bir oyundan çıxır, hətta bir-birinə, konkret olaraq rəqiblərinə “badalaq” vurmaqdan da çəkinmirlər. Çünki yalnız kollegiya seçkilərindən sonra parlamentə təqdim ediləcək seçkiqabağı siyahı məlum olacaq və mexaniki olaraq idarə heyətinə üzv olanlar parlament siyahısında da yüksək vəzifələr tutacaqlar.

Ehtimal etmək olar ki, Levon Ter-Petrosyanın, Robert Köçəryanın və Serj Sarkisyanın son açıqlamalarını həzm etməyən “Vətəndaş müqaviləsi” üzvləri parlament sessiyalarında da aktiv iştirak edəcək, onları cəzalandırmaq üçün qanuni əsaslar əldə etməyə çalışacaqlar. Robertin Moskvaya qısa səfəri isə onları daha ciddi düşünməyə, daha radikal addımlar atmağa vadar edəcək. Çünki siyasi kulislərdə dolaşan söhbətə görə, Ermənistanın ikinci prezidenti Moskvadan “xeyir-dua” alıb və təsadüfi deyil ki, Serj Sarkisyan da açıqlamasında Köçəryanın baş nazir postuna namizəd olacağı təqdirdə onu dəstəkləyəcəyini deyib. Bu isə hakim partiyanın kürkünə birə salıb və seçkilərdə qalib gəlmək üçün bütün rıçaqlardan istifadəyə start verilib.

Elə Hayk Sarkisyanın (hakim partiyanın üzvü) 26 may tarixində parlamentin Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin növbədənkənar iclasında təqdim etməyi planlaşdırdığı, pul müqabilində hərbi xidmətdən azad olmağı ehtiva edən qanun layihəsi də seçkiqabağı oyunlardan biri kimi dəyərləndirilməlidir. Maraqlıdır ki, müxalifət də uzun müddət bu layihəni müzakirə etməyi planlaşdırırdı və 26 may tarixinə qədər demək olar ki, hər gün bu layihəni tənqid edən onlarla yazı müxtəlif KİV-lərdə yayımlanırdı. Amma sessiya başlayandan dərhal sonra komitə sədrinin müavini Armen Xaçatryan sessiyanın təxirə salındığını açıqlayıb. İşin gülməli tərəfi odur ki, sessiya son anda ləğv edilib və müdafiə naziri Suren Papikyan da həmin vaxt parlamentdə olub.

Sessiyanın ləğv edilməsi əslində bir sıra mətləblərdən xəbər verir. Birincisi, bu barədə layihə rəhbəri məlumatlandırılmayıb. İkincisi, bu müzakirə üçün parlamentə gələn müdafiə nazirinə məlumat verilməyib. Bu isə sübut edir ki, layihə müəllifi sadəcə ortaya atılan şəxsdir və qərar verən orqan hakim partiya elitasıdır. Eyni zamanda hakim qanad hiss edib ki, müxalifətdən olan deputatların sayı komitənin təqdim olunan qanunvericilik zərfinə mənfi rəy vermək üçün kifayətdir və bu səbəbdən son anda ləğv qərarı qəbul edib. Eyni zamanda gəzən söhbətə görə, Suren Papikyan da müzakirənin baş tutmasında maraqlı olmayıb.

Bu zaman isə ortaya bir sual çıxır. Qanun layihəsi hökumətin iclasının gündəliyində olub, bəyənilib və müdafiə naziri Suren Papikyana təqdim edilib. O, hətta nazirlik adından müəyyən mövqe bildirib, dəyişikliklər edib. Bu isə o deməkdir ki, Suren Paşinyanın oyununa daxil olub və proseslə bağlı məsələləri öz məntiqi çərçivəsində həll etməyə çalışır. Papikyan da hakim partiyanın seçkilərdə qələbə qazanması üçün hazırlanan planlara daxil olduğunu büruzə verir. Layihəyə görə, çağırışçı üç variantdan birini seçə bilər: 1) 24 ay hərbi xidmət keçərək dövlətdən yüksək maddi təminat almaq, 2) 6 ay xidmət etmək və dövlət büdcəsinə 15 milyon dram ödəmək, 3) 1 ay xidmət etmək və dövlət büdcəsinə 20 milyon dram ödəmək.

Bəs hakim partiyanı, xüsusən də baş naziri belə bir layihə ortaya atmağa nə vadar edib? Səbəblər müxtəlifdir. İlk olaraq, 44 günlük müharibədəki acı məğlubiyyətdən sonra Ermənistanda gənclər istənilən yolla ordudan yayınmağa çalışırlar. Təsadüfi deyil ki, rəsmi olaraq bu gün 10 min çağırışçı ordudan yayındığı üçün axtarışa verilib. İkincisi, hərbi xidmətdən yayınmaq üçün külli miqdarda rüşvətlər alınır və dövlət borcu günü-gündən atan Ermənistan hökuməti bu rüşvəti leqallaşdıraraq, büdcəyə yönəltməyi planlaşdırır. Üçüncüsü, baş nazir çıxışlarında tez-tez müharibə olmayacağı anonsunu verərək, 5 ildir vəsvəsədə olan xalqın ürəyinə su səpir və orduda xidmətin təhlükəli olmadığını, əgər təhlükəli sayırsınızsa, pul verin, xidmət etməyin fikrini aşılamağa, bununla da “yaxşı dövlət adamı” imici qazanmağa çalışır. Ordudan yayınmaq üçün nəzərdə tutulan məbləğləri də düşünsək, hədəf kütlə imkanlı təbəqədir və onlardan seçki kampaniyalarında istifadə etmək nəzərdə tutulduğunu anlamaq olar.

Rəsmi statistikalara müraciət edək. Bu yaxınlarda “Joqovurd” qəzeti yazıb ki, 71 vətəndaş məcburi hərbi xidmətdən yayınmaq üçün hər biri 15 milyon dram rüşvət ödəyib. Yuxarıdakı rəqəmin boş yerə əldə edilmədiyi beləcə məlum olub. Digər rəqəmlərə keçək: Hərbi xidmətə çağırılan kişilərin 20 faizi Ermənistan vətəndaşlığından imtina edir. Yəni, 18 yaşı tamam olanda hərbi xidmətə çağırılmır və heç bir qeydiyyatdan keçmir. Qeydiyyatda olanların 5 faizi hərbi xidmətə getmir, müxtəlif yollarla yayınır. Çağırışçıların 50 faizi səhhətinə görə məcburi hərbi xidmətdən azad edilir. Nəticə olaraq isə orduya yararlı gənclərin cəmi 30-40 faizi hərbi xidmətə cəlb edilir. Göründüyü kimi, ortada böyük bir rüşvət mexanizmi var və hakim partiya bu pulları da büdcəyə əlavə etməyi planlaşdırır.

Beləliklə, hələlik qüvvəyə minməmiş və Nikol Paşinyanın himayəsi və razılığı ilə dövriyyəyə buraxılan qanun layihəsinin aqibəti hələ müəmmalı görünür. Çünki müxalifət hazırda sosial ədalətsizlik və “varlı balası kef edəcək, kasıb balası orduda xidmət edəcək” tezisini dövriyyəyə buraxaraq, layihənin ləğvinə çalışmaqla yanaşı, gələcək seçkilərdə özünə xal yığmaq məqsədini güdür…

Kamil Məmmədov