Paşinyanın orduda “islahatı” - yaşlı “könüllülərin” ümidinə qalan hökumət - ŞƏRH

Paşinyanın orduda “islahatı” - yaşlı “könüllülərin” ümidinə qalan hökumət - ŞƏRH Ermənistan sponsorlarının sayəsində, kölgəsində dövlət kimi görünür. Havadarları onu şişirdərək onun barəsində mif yaratmışdılar. Guya Ermənistan ordusu qüdrətlidir, erməni hərbçisi döyüşkəndir və s. Erməni cəmiyyət də sırınan başqa əsassız ideya və tarix
Analitika
15 Fevral , 2024 15:42
Paşinyanın orduda “islahatı” - yaşlı “könüllülərin” ümidinə qalan hökumət - ŞƏRH

Ermənistan sponsorlarının əlində dövlətə oxşar bir təşkilata çevrilib. Azərbaycan torpaqlarının 30 ilə yaxın davam edən işğalı dövründə havadarları Ermənistanı şişirdərək barəsində mif yaratmışdılar. Guya bu ölkənin ordusu qüdrətlidir, erməni hərbçisi döyüşkəndir və s. Erməni cəmiyyəti də ona sırınan başqa əsassız ideyalar və tarix kimi buna da inanmışdı.

Ancaq Cənubi Qafqazın bu kiçik, zəif və yoxsul ölkəsi barədə deyilənlər sabun köpüyü effekti verir. Ötən gün Ermənistan iqtisadiyyat naziri Vaan Kerobyanın istefası baş nazir Nikol Paşinyan hökuməti ilə bağlı yaradılan “təmiz”, “demokratik” imicini də dağıtdı. Məlum olub ki, nazir könüllü istefaya getməyib, onu buna məcbur ediblər. V.Kerobyanın başçılıq etdiyi nazirlikdə isə korrupsiya faktları aşkar olunub. Bu baxımdan N.Paşinyan hökumətinin də təqdim və təbliğ edildiyi kimi demokratik, ədalətli, şəffaf, rüşvət və korrupsiyadan uzaq olmadığı üzə çıxıb.

Bunlar həm də İrəvanın Azərbaycana qarşı törətdiyi təxribat, təhrikedici hərəkətləri nəticəsində aşkarlanır. Ermənistan silahlı qüvvələri fevralın 12-də şərti dövlət sərhədinin Zəngilan rayonu istiqamətində Azərbaycanın mövqelərini atəşə tutub. Bu təxribat nəyi ifşa etdi? Ermənistan ordusunda hansı dəyişikliyə səbəb oldu?

İrəvan iddia edirdi ki, Azərbaycanla sərhəddə Daxili Qoşunların, Gürcüstan tərəfdə isə Milli Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularını yerləşdirib.

Ancaq Azərbaycan Dövlət Sərhəd Xidmətinin qarşı tərəflə bağlı gördüyü cavab tədbirləri nəticəsində məlum oldu ki, Ermənistan sərhəddə “Yerkrapa”nın üzvlərini yerləşdirib. Özünü könüllü müdafiə qruplaşması sayan silahlılar bu ölkənin ordusunun tərkibinə daxildir. Bu qruplaşma 1993-cü ilin iyulundan indiyədək fəaliyyət göstərir. Onlar vaxtilə Azərbaycan torpaqlarının işğalında iştirak ediblər. Bəzi məlumatlara görə, 5 mindən 30 minədək üzvü var. Hazırda komandiri Sasun Mikaelyandır.

Məlum atışmada bu dəstənin 1957-ci il təvəllüdlü zabiti Ohanesyan Qraçi Talişeviç də zərərsizləşdirilib. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da “Yerkrapa”nın üzvü olub. Bu hadisə sübut edir ki, Ermənistan bölgədə silahlı qruplaşma yerləşdirir. 67 yaşlı “hərbçi”nin Azərbaycanla sərhəddə xidmət etməsi onu göstərir ki, bu şəxslər İrəvanın saxtakarlıq və yalanlarının tərkib hissəsidir. Sərhəddəki təxribat Ermənistan silahlı qüvvələrində mərkəzləşmiş komandanlığın olmadığını təsdiqləyir. Sərhəddəki son hadisə rəsmi İrəvana bir siqnaldır. Çünki əvvəllər olduğu kimi “Yerkpara”dan yenə də siyasi ambisiyaların reallaşmasında istifadə edilə bilər. 67 yaşlı “hərbçi”nin təmas xəttinə göndərilməsinin məsuliyyətinin N.Paşinyan hökuməti daşıyır. Bu həm də belə “könüllü” silahlı dəstənin tərk-silah olunması üçün əsas verir.

N.Paşinyan bu tip silahlı dəstələri silahlı qüvvələrin tabeliyindən çıxarmaqdansa Azərbaycanla bağlı yenə şər-böhtana dolu çıxış edib. Onun iddiasına əsasən, Ermənistan ordusunda islahatları və hərbi texnikanın alınmasını guya Azərbaycan qəbul etmir, buna görə onları təhdid edir. İstənilən ölkənin müdafiə qabiliyyətini gücləndirmək hüququ var. Ancaq bu başqa ölkənin təhlükəsizliyini təhdid edərsə o zaman silahlanma qonşu dövlətlə müharibə məqsədi daşıyır.

“Yerkpara”nı orudunun tərkibində saxlamaq “islahatdır”? Ermənistanın yeni konstitusiyası yazılmadan N.Paşinyan və dövlətin başqa rəsmilərinin sülh, ərazi bütövlüyü, orduda islahatlar, silah, hərbi texnika alınması yenidən müharibəyə, işğalçılığa hazırlıq məqsədi daşıdığı istisna edilmir. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatdan sonra İrəvan dəfələrlə sənədin şərtlərini pozub. Odur ki, N.Paşinyanın bu istiqamətdə açıqlamalarının heç bir hüquqi qüvvəsi və əsası yoxdur. Belə açıqlamalar ictimai rəyi çaşdırmaq üçün edilir.

Sərhəd olayından sonra Ermənistan silahlı qüvvələrində kadr dəyişikliyi də aparılıb. Ölkə prezidenti Vaaqn Xaçaturyanın sərəncamı ilə Artur Yeroyan Vazgen Sarkisyan adına Hərbi Universitetin rəisi vəzifəsindən azad edilərək silahlı qüvvələrin baş qərargahının rəis müavini təyin olunub. Prezidentin başqa sərəncamına əsasən, baş qərargah rəisinin birinci müavini Kamo Kaçunts işdən çıxarılıb.

V.Xaçaturyanın imzaladığı sənədə əsasən, Artak Budaqyan Ermənistan-Rusiya Birləşmiş Qoşunlarının yeni komandanı təyin olunub. Yeri gəlmişkən, 2016-cı ildə Ermənistan və Rusiyanın müdafiə nazirləri iki ölkənin Silahlı qüvvələrinin Birgə Qoşun Qrupunun yaradılması haqqında saziş imzalayıb. Bu sənəd Ermənistanda yerləşən Rusiya qoşunlarının birləşmiş qrupunun, eləcə də Ermənistan ordusunun bəzi birləşmə və hissələrinin funksiyaları üçün yeni hüquqi baza müəyyən edir. Birgə qrupun idarə edilməsi üçün vahid komandanlıq yaradılıb.

Beş il müddətinə bağlanan bu saziş Rusiya və Ermənistanın müdafiə nazirlikləri səviyyəsində həyata keçirilir.

Hərbi strukturdakı dəyişikliklər N.Paşinyanın təklifləri əsasında reallaşıb. Odur ki, baş nazir silahlı qüvvələrdə kadr islahatlarına görə məsuliyyət daşıyır. Ermənistandakı Rusiya qoşunlarına qarşı rəsmi İrəvan tez-tez ritorik çıxışlar edir. Məsələn, Paşinyan bildirib ki, onlar hərbi texnikanı Fransa və Hindistanla yanaşı başqa ölkələrdən də alacaqlar. O hərbi sahədə əməkdaşlığın şaxələnməsini istədiklərini vurğulayır. Ancaq rəsmi İrəvan bu məsələdə hara fırlansa da yenə Rusiyanın orbitindən kənara çıxa bilmir. Birgə qoşunun yaradılması haqqında qanun İrəvan və Gümrüdə yerləşdirilən 102 sayılı Rusiya hərbi bazasının Ermənistan Silahlı Qüvvələrinin 5-ci Ordu Korpusu ilə birgə hərbi qruplaşma yaratmasına xidmət edir.

N.Paşinyanın fevralın 15-də verdiyi açıqlamalar Ermənistan ordusunun vəziyyətindən, rəsmi İrəvanın hədəflərindən xəbər verir. Sərhəd təxribatından əvvəl o, növbəti dəfə Azərbaycanla bağlı sərsəmləmişdi. Guya rəsmi Bakı “beynəlxalq öhdəliyə əməl etmir” və “qonşu dövlətə hücum edə bilər”. Odur ki, baş nazirin Azərbaycana qarşı növbəti açıqlaması Ermənistanın yeni təxribatlar törədəcəyini ehtimal etməyə əsas verir.

“Yerkpara”nın sərhəddə yerləşdirilməsi Ermənistan silahlı qüvvələrinin tərkibində mənşəyi məlum olmayan başqa silah qrupların mövcudluğu ehtimalını da gücləndirir. Belə dəstələr rəsmi İrəvana bəzi məsələlərdə istifadə və onun arxasında gizlənmək üçün lazımdır. N.Paşinyan 6 ildir silahlı qüvvələrdə islahat apardığını iddia edir. Ancaq məlum olur ki, onun ordusunun tabeliyində yaşlı vətəndaşlardan formalaşan “Yerkpara” mövcuddur. Çünki orduda hərbi xidmətdən yayınmaq üçün vətəndaşlar yerli hərbi komissarlara rüşvət verir. Orduda intihar və hərbçilərin bir-birini qətlə yetirməsi hallar artır.

Baş Prokurorluğunun məlumatına əsasən, Ermənistan ordusunda 2023-cü ildə qeyri-döyüş şəraitində 53 hərbçinin ölüm faktı qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə 17 hərbçi qeyri-döyüş şəraitində ölüb. 2013-cü ildə isə analoji vəziyyətdə 30 hərbçi ölüb.

Bütün bunlar N.Paşinyanın 6 ildir islahat adı altında guya yenidən formalaşdırdığı ordunun real vəziyyətini göstərir. Baş nazir özünə haqq qazandırmaq üçün çıxış yolunu Azərbaycanı şərləməkdə, yaxud sərhəddə 67 yaşlı “könüllü döyüşçü” ilə təxribatı törətməkdə görür. Ordu həm də cəmiyyətin güzgüsü sayılır. “Yerkpara”nın yaşlı üzvlərindən ibarət silahlı qruplaşma Ermənistan silahlı qüvvələrinin, bu ölkənin simasıdır.

Son xəbərlər

Orphus sistemi