Paşinyanın "müasir" Ermənistanı - həbslər, rüşvət, korrupsiya, zəif müxalifət - ŞƏRH

Paşinyanın "müasir" Ermənistanı - həbslər, rüşvət, korrupsiya, zəif müxalifət - ŞƏRH Son üç ildə Ermənistan ard-arda ağır və taleyüklü məğlubiyyətlərə düçar olub, siyasi vektorunu dəyişməyə cəhd edib. Bütün bu proseslərin isə erməni cəmiyyətinə və dövlətçiliyinə ciddi təsirləri olub. Erməni müxalifəti baş verən hadisələrdə hökumətin başçı
Analitika
31 Oktyabr , 2023 17:49
Paşinyanın müasir Ermənistanı - həbslər, rüşvət, korrupsiya, zəif müxalifət - ŞƏRH

Son üç ildə Ermənistan ard-arda ağır və taleyüklü məğlubiyyətlərə düçar olub, siyasi vektorunu dəyişməyə cəhd edib. Bütün bu proseslərin isə erməni cəmiyyətinə və dövlətçiliyinə ciddi təsirləri var. Erməni müxalifəti baş verən hadisələrdə hökumətin başçısı Nikol Paşinyanı günahlandıraraq onun istefasını tələb etsə də arzusuna çata bilmir.

Etirazları boğmaq

Bəs görəsən, Nikol Paşinyan bu qədər uğursuzluq və biabırçı xarici siyasətə rəğmən hakimiyyətdə necə qalır? Bunun isə bir sıra səbəbləri var. Təbii ki, bu səbəblər sırasında erməni müxalifətinin zəif təşkilatlanması və saxta tezislərdən doymuş cəmiyyətə yeni ruh, yeni nəfəs gətirə bilməməsi də var. Məsələn, 19 sentyabr tarixində Azərbaycanın Qarabağ regionunda başlatdığı lokal xarakterli antiterror tədbirlərindən sonra İrəvanda narazı kütlə müxalifətin təkidi və tələbi ilə küçələrə çıxsa da, onların sayı bir neçə mini keçmədi. Hökumət əleyhinə başlayan etirazlar tez bir zamanda söndü. Müxalifət sonradan “taymaut” götürdüyünü elan etsə də, artıq insanları meydanlara və küçələrə əvvəlki kimi çıxara, ciddi etiraz dalğası yarada bilmədiyini də dərk edir. Paralel olaraq isə Paşinyan bu etirazlarda lokomotiv rolunu oynaya biləcək siyasi xadimləri müxtəlif ittihamlarla həbs etdirir.

Qısacası, 2018-ci ildə avtoritar rejimi devirən Nikol Paşinyan hazırda Ermənistanda onun bənzəri olan bir sistem qurub. O, bunun üçün hakimiyyəti və hökumətin siyasətini tənqid edən şəxsləri neytrallaşdırmağa, məhkəmələri isə ona sadiq hakimlərlə doldurmağa başladı. Təsadüfi deyil ki, bu yaxınlarda baş tutan bir sıra hakim təyinatı da Ermənistanda müəyyən narazılıqlara səbəb olub. Erməni müxalifəti baş naziri ədliyyə sistemini də monopoliyaya almaqda ittiham edib. Buna səbəb isə müxalifət lideri Armen Aşotyanın hələ də həbsdə qalması və hər dəfə həbs müddətinin uzadılması, Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryanın küçə mitinqlərinə görə həbs edilməsi, hakimlərin hər dəfə müxtəlif bəhanələrlə bu həbs müddətini uzatması göstərilir. Məsələ bununla da bitmir. Nikol Paşinyanın şəxsi tapşırığı ilə 19 sentyabr mitinqində iştirak edən qarabağlılar da təqib edilir. Erməni KİV-lərində son günlər bir çox Qarabağ ermənisinin həbs edilərək polis bölmələrinə aparılması, döyülməsi ilə bağlı kifayət qədər fakt işıqlandırılıb. Maraqlıdır ki, yuxarının əmrini icra edən polis həbs zamanı qarşısındakı şəxsin azyaşlı olmasına belə baxmır. Bu isə artıq Ermənistanda avtoritar rejimin polis dəyənəyindən “səmərəli” şəkildə istifadəsini sübut edir. Paşinyan etirazları boğmaqla hakimiyyətinə qarşı hər hansı bir təhlükəni əvvəlcədən dəf etməyi planlaşdırır.

Qarabağ məsələsi Ermənistan üçün prioritet deyildi

Bəzi siyasi analitiklər Ermənistanın müharibədəki acı məğlubiyyətindən sonra Paşinyan hakimiyyətinin sonunun çatdığını proqnozlaşdırsalar da, bu, baş vermədi. Xırda-para etiraz aksiyaları, küçə yürüşləri isə Paşinyan hakimiyyəti üçün real təhlükə deyildi. Tendensiya isə Qarabağın ermənilər üçün əsas prioritet olmadığını sübut etdi. Məsələ ondadır ki, Qarabağla bağlı tezisi daha çox diaspora ortaya atmışdı. Xarici ölkələrdə rahat ofislərdə oturub qəhvə və ya viski qurtumlayan erməni Ermənistanda səfalət içində yaşayan yerli ermənini başa düşə bilməzdi. Məhz Paşinyanın Qarabağdakı məğlubiyyətdən sonra hakimiyyətdə qalmasına təsir edən amillərdən biri də bu idi. İrəvanda və digər ərazilərdə yaşayan, normal maaş alıb güzəran sürən erməni heç bir halda müharibədə iştirak etmək, kiminsə ambisiyalarına qurban getmək istəməzdi. Yoxsul erməni kəndli üçün də Qarabağ məsələsi prioritet sayıla bilməzdi. Çünki onun kifayət qədər problem və qayğısı var, yenisini əlavə etməyə o qədər də meyilli deyil.

Bununla yanaşı, son illərdə həm Paşinyanın, həm də Ermənistanın digər rəsmilərinin Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul edən bəyanatları da bu məsələyə təsirsiz ötüşməyib. Elə dünən Ermənistan parlamentinin üzvü Armen Xaçatryan bəyan edib ki, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması beynəlxalq səviyyədə qəbul edilmiş hüquqi bir faktdır. Bütün dünya bilir ki, Qarabağ Azərbaycanın ərazisidir. Armen Xaçatryan kimi bir çox deputat da eyni fikri dəfələrlə səsləndirib və bunun da erməni cəmiyyəti tərəfindən qəbul edilməsi göz önündədir. Artıq sıravi erməni heç kəsin ambisiya və planına görə müharibə istəmir.

Rüşvət və korrupsiya

Ermənistanın son illər rüşvət və korrupsiya bataqlığında boğulması da sirr deyil. Məsələn, erməni jurnalist Yuri Manvelyan açıq-aşkar bildirir ki, artıq Ermənistanda korrupsiya və sui-istifadə halları çox geniş yayılıb və bu hal daha çox orduda özünü büruzə verir. Məcburi xidmətdən yayınmaq üçün ermənilər külli miqdarda rüşvət verirlər.

Ermənistan hökuməti dəfələrlə açıqlama verərək rüşvət və korrupsiyaya qarşı mübarizə tədbirlərinin sərtləşdirildiyini bəyan etsə də, real mənzərə başqadır. Məsələn, Ermənistanın Korrupsiya ilə mübarizə komitəsinin sədri Sasun Xaçatryan açıqlama verərək bildirib ki, Ermənistanda korrupsiya ilə bağlı cinayət işlərinin sayı xeyli artıb. Komitə hazırda 1003 işə baxır. Bu hələ işin rəsmi tərəfidir. Rəsmi olaraq korrupsiya ilə bağlı 1003 iş varsa, qeyri-rəsmi olaraq hansı rəqəmlərdən söhbət gedir?

“Jogovurd” qəzeti isə hakim partiyanın deputatları ilə bağlı qalmaqallı məqalə dərc edib. Məlum olub ki, “məxməri inqilab”dan əvvəl evsiz olan və kirayələrdə sürünən Paşinyan komandası çox qısa müddət ərzində İrəvanın ən bahalı yerlərində ev-eşik sahibi olublar. Onlar arasında Hayk Konjoryan, Ovik Ağazaryan, Matevos Asatryan, Rüstəm Bakoyan, Vilen Qabrielyan, Arpi Davoyan, Qayan Yeqiazaryan, Arman Yeqoyan, Arsen Torosyan kimi adlar var. Siyahı isə kifayət qədər uzundur. Məlum olub ki, deputatların sahib olduqları mülk və mənzilləri aldıqları maaş ilə heç cür əldə etmək mümkün olmazdı. Bununla yanaşı, bir çox deputat mənzili və evi öz adına rəsmiləşdirməyərək dövlətdən kirayə pulu almaqdan da çəkinmir. Bu mənzərə isə Paşinyan hakimiyyətinin necə də miskin və rüşvətxor olduğunu bir daha sərgiləyir.

Məsələyə digər prizmadan yanaşsaq, Ermənistanda icra hakimiyyəti strukturlarının da korrupsiya və rüşvət içində boğulduğunu görərik. Paşinyan tez-tez hakimiyyətində qanad və qolların olmadığını bəyan etsə də, əslində hazırda müxtəlif fərdlər və klanlar arasında nüfuz, vəzifə və pul uğrunda güclü mübarizə gedir. Bu isə regionlarda icra hakimiyyəti strukturlarını ələ keçirmək, büdcəni talamaq və rüşvət yolu ilə qısa müddətə varlanmaqdır. Tərəflər arasında icra başçısı seçilmək və təyin edilmək uğrunda ciddi mübarizə gedir.

Ermənistanda üzə çıxan korrupsiya və yeyinti sistemlərindən biri də deputatlara və nazirlərə məxsus şirkətlər vasitəsilə dövlət tenderlerində qalib gəlmək, büdcədən ayrılan pulu həzm-rabedən keçirməkdir. Bu şirkətlər dövlət tenderlərində qalib gəlir, böyük məbləğdə pulu əldə etdikdən sonra məhkəməyə müraciət edərək özünü müflis elan edir. Ədliyyə sisteminə hakim komandanın nüfuzunu nəzərə alsaq, bu sxemin kim tərəfindən idarə edilməsini də anlamaq o qədər çətin deyil. Bu cinayət sxemi hesabat təqdim etmir, banklardan kredit götürür, tenderlərdə qalib olur və sonra da özünü məhkəmə yolu ilə müflis elan edir.

Müxalifətin zəifliyi

Ermənistan müxalifətinin zəifliyinə yuxarıda toxunmuşuq. Ermənistanın ən böyük müxalifət qanadı “Respublika” Partiyasıdır. Bu partiyadan parlamentə seçilən Hayk Mamicanyan qeyd edir ki, 2025-ci ildə keçiriləcək seçkilərə qədər Nikol Paşinyanı hakimiyyətdən getməyə məcbur etməyi planlaşdırır. Amma Paşinyanın hakimiyyətdən könüllü getməyəcəyi aydındır. Müxalifətin isə yeganə ümidi etirazlar və küçə yürüşləridir. Bundan əlavə, müxalifətin planında hakim partiyanın 18-20 deputatını da bu işə razı salmaq var və artıq bir sıra görüşlər də keçirilib.

Amma Mamicanyanın unutduğu bir məsələ var. Ermənistandakı siyasi müxalifətə Paşinyanın devirdiyi əvvəlki rejimlə əlaqəli fiqurlar rəhbərlik edir. Bu fiqurlar isə 20 il hakimiyyətdə olduqları dövrdə korrupsiya və tiranlıqla məşhurlaşıblar. Yəqin ki, erməni cəmiyyəti də yağışdan çıxıb yağmura düşməmək üçün bu fiqurların tezislərinə o qədər də isti yanaşmır. Eyni zamanda, keçirilən sorğularda da xalqın və cəmiyyətin müxalifət liderlərinə etimadı çox kiçik faizlərlə əks olunur.

Maraqlıdır ki, erməni müxalifətinin liderləri Ermənistanı mövcud acınacaqlı vəziyyətdən çıxarmaq üçün konkret bir fikir və plan təqdim etmirlər. Tribunalardan sadəcə Paşinyanın istefası ilə bağlı fikirlər səsləndirilir. Belə halda isə cəmiyyətə nüfuz etmək, lokomotiv kimi irəlidə gedərək kütləni idarə etmək qeyri-mümkündür. Müxalifətin zəifliyinin səbəblərini də burada axtarmaq lazımdır…

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi