Aprelin 5-də Belçikanın Brüssel şəhərində Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasınnı sədri Ursula fon der Leyen, ABŞ dövlət katibi Entoni Blinken və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel ilə görüş keçirib. Tarixi əvvəlcədən təyin edilən görüşə erməni siyasi elitası don geyindirərək bunu az qala 100 ilin ən böyük uğuru kimi xalqa sırımağa cəhd edirdi. Palaz-palaz yazılar, gözləntilər barədə ekspert rəyləri, hakim partiya nümayəndələrinin sərsəm açıqlamaları da məhz bu məqsədə xidmət edirdi. Amma görüşün nəticələrindən də məlum olur ki, Nikol Avropaya kabab iyinə getsə də, qoltuğunun altında qarpız geri dönüb. Bu isə Ermənistandakı qərbpərəstlərin və hakim komanda üçün soyuq duş effekti yaradıb. Maraqlıdır ki, rusiyapərəst qanad bu nəticələri bayram kimi qeyd etmək qərarına gəlib. Brüssel görüşündə növbəti 4 il üçün 350 milyon avro məbləğində maliyyə yardımı vədi verilib. Məbləğ “Mülki müqavilə”də ciddi çaxnaşmaya səbəb olub. Artıq partiyadaxili ciddi narazılıqlar, sərt etirazlar ara-sıra boy göstərməyə başlayıb.
Məsələ ondadır ki, görüşdən əvvəl partiya nümayəndələri ən azı 2 milyard avroya ümid edirdilər və demək olar ki, buna əmin idilər. 350 milyon avro, hələ bir də bu məbləğin 4 il ərzində verilməsi bir çoxunun məyusluğu ilə nəticələnib. Rəqəmlərə müraciət etsək, təkcə cari ilin ilk 2 ayı ərzində Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsi 2.1 milyard dollar olub. Paşinyanın isə Moskva ilə münasibətləri Brüsseldə hərraca çıxaraq tulapayı alması partiyanın elitası üçün gözlənilməz olub. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, görüşdən əvvəl səslənən fikirlərə əsasən, ən azı 2 milyard avro verilməli idi və bu pulla erməni dövləti Qafqazın Sinqapuruna çevrilməli idi.
Bu səbəbdən də gəzən söhbətlərə əsasən, artıq “Mülki müqavilə”nin bir sıra üzvləri Qərbin onların fədakarlığını qiymətləndirmədiyini bildirir və aylardır Rusiyanı tənqid etdiklərinə, 44 günlük müharibədən sonra rəsmi İrəvanın bütün günahlarını strateji müttəfiqlərinin üzərinə yıxdıqlarına görə dərin peşmançılıq hissi keçirirlər. Erməni KİV-lərinin seqmentində yayılan məlumata əsasən, dünən axşam saatlarında hakimiyyət çevrələri bir-birinə təsəlli verib, ümid ediblər ki, Paşinyan gizli razılaşmalar əldə edib və bu yaxın günlərdə gizli iclas keçirərək onları da mətləbdən hali edəcək.
Eyni zamanda qeyd etmək yerinə düşər ki, son günlər 4 kəndin Azərbaycana qaytarılması məsələsində də hakim partiyada çatlar yaranıb. Çünki rəsmilər müsahibə və söhbətlərində baş nazirin tezislərini təkrarlamaq məcburiyyətində qalıblar. Amma onun qərarları komandada birmənalı qarşılanmır. Çünki dövlət başçısı bu gün dediyi fikri sabah təkzib edir. Ona görə də artıq partiyada xarici siyasətdə kəskin dəyişiklik məsələsi ilə bağlı qeyri-müəyyən vəziyyət yaranıb. Bu qeyri-müəyyənlik isə parlamentdəki fraksiya daxilində də vəziyyəti gərginləşdirib. Hakimiyyət deputatlarının hər biri özünü lider kimi təsdiqləməyə və öz ideyası ətrafında başqalarını birləşdirməyə çalışır, bir sözlə, mövqelərini gücləndirmək üçün komanda daxilində öz komandasını yaradırlar.
Partiya nümayəndələrini narazı salan məqamlardan biri də rəsmi təbliğat və qərbpərəstlərin Brüsseldə dönüş olacağı, Ermənistanla təhlükəsizlik paktı imzalanacağı, Aİ-yə namizədliyə namizəd olmaq üçün danışıqların başlayacağı fonunun yaradılması idi. Eyni zamanda Avropa vizası ilə bağlı müəyyən müsbət irəliləyişlər də gözlənilirdi. Bununla belə, yuxarıda sadalananlardan heç biri görüşdə müzakirə edilməyib. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər nazirinin müavini Vaan Kostanyan isə bu məsələdən əvvəlcədən xəbərdar olduqları üçün partiyadaşlarını xəbərdar edərək, Brüsseldə əsasən iqtisadi məsələlərin müzakirə ediləcəyini bildirmişdilər. Amma “Mülki müqavilə” üzvləri onlara inanmayaraq, Brüssel görüşünün əsl dönüş olacağına inanmaqda davam ediblər.
Maraqlıdır ki, Aİ və ABŞ regiondakı məqsədlərini gizlətmirlər. İran, Rusiya və Çinin regiondakı nüfuzunu azaltmağa çalışırlar. Əbəs yerə deyildi ki, Blinken informasiya axınının şaxələndirilməsi üçün dəstəyin böyük hissəsinin Ermənistana veriləcəyini açıqlayıb. Bununla da erməni mediasında anti-Rusiya və anti-İran tezislərinin yaxın zamanda şiddətlənəcəyini deyə bilərik.
Paşinyana məxsus internet saytındakı yazının görüşdən və görüşün sonunda deyil, əvvəlində keçirilən mətbuat konfransından dərhal əvvəl gözləntiləri “azaltması” təsadüfi deyildi. Mətbuat konfransında 270+65 milyondan çox məsələnin bağlı qapılar arxasında müzakirə olunacağına da eyham vurulub, lakin hazırda konkret nəticələr açıqlanmır.
Bununla da Paşinyan ev tapşırığını yerinə yetirmək şərti ilə 350 milyon vəd alaraq, Rusiyaya qarşı açıq-aşkar sərt ritorikaya başlayacaq. Qərb isə Rusiyanı qıcıqlarından və regionda Moskvanın mövqelərini zəiflədən növbəti kampaniyaya start verdi.
Brüssel görüşünün Azərbaycan üçün nəticələrinə gəldikdə isə, Blinken və fon der Leyenin görüşdən əvvəl Prezident İlham Əliyevə zəng etmələri elə bir çox mətləbdən xəbər verir. Bu telefon zəngləri bir daha sübut edir ki, regionun lideri Azərbaycandır və istənilən məsələdə ona hesabat verilməli, mövqeyi, görüşü vacib olaraq diqqətə alınmalıdır. Eyni zamanda Avropa ilə enerji sahəsində əməkdaşlığın bundan sonra daha da inkişaf etdiriləcəyi də buna sübutdur. Bununla da Azərbaycan Ermənistana bir daha sübut etdi ki, xarici siyasət yürütmək, kiminsə qoltuğunun altında yaşamaq ən çirkin siyasətdir. Belə siyasəti yürüdənlər Brüsselə kabab iyinə gedib tulapayı ilə geri qayıdaraq siyasi elitada çaxnaşmaya səbəb olmaqdan başqa yol tanımırlar.
Kamil Məmmədov