Ermənistanın baş naziri Nikol Paşinyanın hökuməti iqtisadiyyat və siyasət sahəsində naşı olduğunu, illər keçsə də heç bir təcrübə qazanmadığını atdığı hər addımı ilə sübut etməkdən yorulmur. Beynəlxalq investorlar arasında ölkənin reytinqi getdikcə enir və hakimiyyət bu istiqamətdə məqsədyönlü səylər göstərir. Artıq bir sıra iri şirkətlər Beynəlxalq Arbitraj Məhkəməsində İrəvana qarşı iddialar qaldırıblar. Onlar arasında “Sanitech International Group”, “Lydian International LLC”in səhmdarlarından sayılan “Amulsar Investor Venture”, İsveçrənin “Walnort Finance Limited” şirkəti də var. Sonuncu şirkət Zəngəzur Mis Molibden zavodunda 12.5 faiz səhmə sahibdir. Bu şirkətlər Ermənistanda müxtəlif işlərlə, yəni zibil yığımından tutmuş, mis, qızıl, molibden hasilatına qədər fərqli sektorlarda fəaliyyət göstərirlər. Amma 2018-ci ildən indiyədək investorlar böyük itkilərə məruz qalıblar. Səbəb isə aydındır: N.Paşinyan hökumətinin səriştəsizliyi və korrupsiyaya yönəlmiş cinayətkar fəaliyyəti.
Rəsmi İrəvana qarşı ilk maliyyə iddiasını “Sanitech International Group” qaldırıb. Şirkət və onun xarici investor olan bütün səhmdarları 2021-ci il martın 29-da Beynəlxalq Arbitraj Məhkəməsində Ermənistana qarşı iddialarının növbəti mərhələsini yekunlaşdırıblar. İnvestisiya arbitrajı iddiası Vaşinqtonda yerləşən Dünya Bankı Qrupunun bir hissəsi olan İnvestisiya Mübahisələrinin Həlli Beynəlxalq Mərkəzinə (ICSID) təqdim olunub. 2021-ci il aprelin 6-da iddia qeydə alınıb və dinləmələr həmin il sentyabrın 27-də başlayıb.
Şirkətin mövqeyinə görə, mübahisə Ermənistan hökumətinin ayrı-seçkilik və mülki ələ keçirmə hərəkətlərindən qaynaqlanır. Qısacası, İrəvan Bələdiyyəsi müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə şirkəti konsessiya müqavilələrinin müddəti bitmədən kənarlaşdıraraq onu başqası ilə əvəzləyib. Yeni şirkət isə dövlətə məxsusdur və zibil topalama ilə məşğuldur. “Saintech” isə iddia edir ki, bu yanaşma siyasi motivli olub və dövlət şirkəti xarici investora təqdim olunan şərtlərdən qat-qat əlverişli şəraitdə fəaliyyət göstərir. Bu isə N.Paşinyan hakimiyyətinin xarici investorlara münasibətdə özbaşına və ayrı-seçkilik xarakterli siyasət həyata keçirdiyini təsdiqləyir. Hesablamalara görə, “Saintech”in hökumətdən istədiyi kompensasiya 40 milyon dollardır. İrəvan 900 min dollara vəkil tutsa da, mövqeləri zəifdir və xarici şirkətin qalib gəlmə ehtimalı yüksəkdir.
2023-cü ilin yanvar ayının sonunda Arbitraj Məhkəməsinin Daimi Palatası (ARM) “Amulsar Investor Venture” MMC-nin Ermənistan hökumətinə qarşı qaldırdığı iddia barədə erməni tərəfini məlumatlandırıb. Şirkətin iddiası N.Paşinyan hakimiyyətinin öz vəzifəsini yerinə yetirməməsi və “Lydian International LTD” şirkətinin işinə mane olmağa yönəlmiş addımların qarşısını almaması, daha dəqiqi hərəkətsizliyi ilə bağlıdır. “Lydian International LTD” şirkəti 2020-ci ilə qədər “Lidian Ermənistan QSC”nin səhmlərinin 100 faizinə sahib olub. Amma iyul ayında şirkət bütün səhmlərindən məhrum edilib. Məlum olduğu kimi, məhz bu şirkət Vayots Dzor bölgəsinin Amulsar şəhərinin qızıl tərkibli kvarsit mədənində faydalı qazıntıların çıxarılmasına icazəni almış və hazırda da bu hüquqa sahibdir. Bundan başqa, hasilatı təmin etmək üçün bir neçə yüz milyon ABŞ dolları sərmayə qoyub, mədənin istismarı üçün bütün lazımi tədbirləri görüb.
N.Paşinyan hakimiyyətə gəldikdən sonra, 2018-ci ilin iyununda Amulsarda qızıl tərkibli kvarsit mədəninə gedən yollar fəallar tərəfindən bağlanaraq şirkət mədənin istismarı üçün bütün imkanlardan məhrum olunub. Həmin ilin iyulunda Ətraf Mühitin Mühafizəsi Nazirliyinin vəzifəli şəxslərinə qarşı cinayət işi açılıb. Onlar ətraf mühitin çirklənməsi ilə bağlı məlumatları qəsdən gizlətməkdə təqsirləndiriliblər. 2021-ci ildə cinayət işinə xitam veriləcəyi açıqlanıb. Belə ki, qondarma əsaslarla başlanmış cinayət işinin istintaqı 3 il sürüb, buna paralel olaraq Amulsar qızıl-kvarsit mədəninə gedən yolların açılması və mədəndən maneəsiz istifadənin təmin edilməsi tələblərinə polis məhəl qoymayıb. Arbitraj Məhkəməsinin Daimi Palatasında bu gün hökumətin özünün hərəkətləri mübahisələndirilir, bunun nəticəsində investorların fikrincə, xeyli itkiyə məruz qalıblar.
Amulsarda qızıl tərkibli kvarsit mədəninin istismarının mümkünsüzlüyü nəticəsində Lydian International LTD şirkəti müflis olub və 2020-ci ilin sentyabrında məhkəmə qərarı ilə ləğvetmə prosesi başlayıb. Hökumət isə şirkətin 12.5 faiz səhmlərinə sahib çıxıb. Ermənistan hökuməti şirkətin səhmlərini hədiyyə olaraq aldıqdan sonra hər kəsdə əsaslı şübhələr var idi ki, şirkətin Kanada birjasından çıxarılması, ləğv edilməsi və səhmdarların əlindən alınmasında gizli məqsədlər var. Şirkətin isə məruz qaldığı ziyan 150 milyon dollar hesablanıb.
Zəngəzur mis-molibden kombinatının səhmdarlarından biri, 12,5% səhmdar olan “Walnort Finance Limited MMC” hüquqlarının müntəzəm olaraq pozulması ilə bağlı məhkəməyə müraciət edib. 2021-ci il sentyabrın 30-da məlum olub ki, kombinatın Kremlə yaxın rusiyalı milyarder Roman Trotsenkonun simasında yeni səhmdarı var. Onun başqa bir şirkəti kombinatın səhmlərinin 60 faizini alıb və ümumi kapitalın 15 faizini Ermənistan hökumətinə bağışlayıb. Bu barədə isə bu günə qədər heç bir rəsmi izahat verilməyib. Səbəb və şərtlər məlum deyil. İsveçrə şirkətindən əvvəl səhm paketi “Zəngəzur Mining” şirkətində olub və 2021-ci ilin avqust ayında Kombinatın səhmlərinin satışında ona üstünlük verilməsi ilə bağlı məhkəmə iddiası qaldırıb. Nəzərə almaq lazımdır ki, Paşinyan 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı təşviqat kampaniyasında bir sıra bəyanatlar səsləndirib. Bu bəyanatlarda sətiraltı olaraq, hökumətin bu işə müdaxilə edəcəyi bildirilmişdi. Məsələ burasındadır ki, “Zəngəzur Mining” şirkətinin avqust ayında qaldırdığı iddia təmin edilib. Amma 30 sentyabr tarixində Zəngəzur Vilayət Məhkəməsi iclas çağırıb və iclasdan sonra məlum olub ki, səhmlərin yeni sahibi yuxarıda adı qeyd edilən Roman adlı rusiyalı iş adamıdır. Maraqlıdır ki, sövdələşmə gecə saatlarında rəsmiləşdirilib və bu da İsveçrə şirkətinin beynəlxalq məhkəmədə iddia qaldırmasına əsaslı səbəb olub. Hadisənin təsviri isə göstərir ki, Ermənistan hökumətinin “Walnort Finance Limited”ə uduzma ehtimalı çox yüksəkdir. Bu isə dövlət büdcəsindən bir neçə yüz milyon dollar təzminat ödəmə öhdəliyi ilə nəticələnə bilər.
Hər üç şirkətin məhkəmə iddiasından məlum olur ki, Ermənistanda sahibkarların hüququ pozulub, qeyri-qanuni hərəkət nəticəsində investorlar əmlakından məhrum edilib. N.Paşinyan hökuməti isə reketçiliklə pay sahibi olub. Əgər Ermənistan hökuməti hər üç məhkəmə prosesində uduzsa, söhbət bir neçə yüz milyon dollar təzminatdan gedəcək. Bu isə bir daha sübut edir ki, hakim partiyanın idarəetmə sistemi sırf “cibimi doldurum” tezisi üzərində qurulub.
Kamil Məmmədov