Avropaya inteqrasiya, Aİ-yə üzvlük məsələsi Ermənistanın baş naziri Nikol Paşinyan və hakim partiya elitasının əsas gündəm mövzusu olmaqda qalır. Hər keçən gün isə erməni müxalifəti, politoloqları və texnoloqları hakimiyyətin bu addımını kəskin şəkildə pisləyir, məsələnin erməni dövləti üçün heç bir faydası olmadığını dilə gətirir. Hətta həbsdə olan respublikaçı, keçmiş təhsil naziri Armen Aşotyan da dəmir barmaqlıqlar arxasından bu mövzu ilə bağlı tənqidi yazı yazmaqdan bezmir. Fikirlərini statistik rəqəmlərlə, ixrac və idxal kvotası, iqtisadi analizlərlə möhkəmləndirən erməni müxalifəti Paşinyan komandasına bu məsələdə heç bir təsir göstərə bilmir. Necə deyərlər, daşdan səs çıxır, “Vətəndaş müqaviləsi”ndən səs çıxmır. Ortaya çıxan fakt isə göstərir ki, Aİ Ermənistan üçün əlçatmaz arzudur. Son aylar isə ermənilər üçün Avropaya Şengen vizası almaq çox müşkül məsələyə çevrilib. Hökumət nə qədər də viza prosesinin liberallaşdırılması ilə bağlı uğurlar əldə etdiyini bəyan etsə də, ortada faktlar var. Adi bir misal, 2023-cü ilin dekabrında Almaniya səfirliyinə viza üçün müraciət edən şəxslər buna iyul ayında nail ola bilirlər. Kor tutduğunu buraxmayan kimi, partiya elitası da Aİ-yə üzvlük məsələsindən əl çəkmir. Bu işdə isə Paşinyana Avropadakı dəstəkçiləri, himayədarları kömək edir, tezis göndərir, qısa zaman ərzində rəsmi İrəvanın Rusiya ilə münasibətlərinə daha çox xələl gətirmək niyyətini ortaya qoyur. Təsadüfi deyil ki, USAİD rəhbəri Samanta Pauer artıq Ermənistana səfərini su yoluna döndərdiyi üçün növbəti dəfə paytaxta səfər edib və 3 günlük görüşlər planlaşdırıb. ABŞ-ın seçki dövrünə qədəm qoyacağı bir vaxtda Samanta Pauerin tələsik səfəri okeanın o tayından baş nazir üçün yeni təlimatların gətirildiyinə işarədir.
İranda keçirilən prezident seçkilərində də islahatçı Məsud Pezeşkianın qalib gəlməsi Ermənistanda əməlli-başlı təşvişə səbəb olub. Seçki kampaniyası dövründə əslən azərbaycanlı olması ilə fəxr edən belə bir namizədin İran kimi dövlətin başına keçməsi, erməni siyasi elitası üçün gözlənilməz olub. İş o həddə çatıb ki, artıq hakim partiyanın mətbuata buraxdığı tezislər dövriyyəyə daxil olub. Maraqlıdır ki, bəzi erməni KİV Pezeşkianın azərbaycanlı olmadığını tirajlayır, bəziləri isə onun kürd olduğu fikrini müdafiə edir. Şərqşünaslar, politoloqlar informasiya portallarını qapı-qapı gəzərək, İranın Ermənistanla bağlı siyasətində heç bir dəyişiklik olmayacağını bildirir, yeni prezidentin milli kimliyi ilə bağlı absurd fikirlər ortaya qoyurlar. Bütün bunlar isə onu göstərir ki, rəsmi İrəvan Pezeşkianın milli kimliyini gözəl bilir və atacağı addımları, xarici siyasət kursunda edəcəyi dəyişiklikləri həyəcanla gözləyir.
Maraqlıdır ki, 2024-cü il ABŞ-la yanaşı, bir sıra Avropa ölkələri üçün də seçki ili oldu. Ehtimal etmək olar ki, payız ayında ABŞ-da hakimiyyət dəyişə bilər. Keçirilən sorğular, debatlar, rəylər onu göstərir ki, hazırkı prezident Baydenin mövqeləri namizəd, eks-prezident Trampın mövqelərindən xeyli aşağıdır.
Paşinyanın əsas dəstəkçiləri ABŞ-ın indiki hakimiyyət orqanları, şəxsən Fransa prezidenti Emmanuel Makron sayılırdı. Eyni zamanda Böyük Britaniyanın keçmiş hökuməti də baş nazirə laqeyd yanaşmırdı. Məsələn, Ermənistanda Xarici Kəşfiyyat Xidmətinin britaniyalıların “sponsorluğu” və tələbi ilə yaradılması barədə kifayət qədər faktlar var. İndi yaranan mənzərəyə nəzər salanda görürük ki, Böyük Britaniyada artıq yeni hökumət formalaşır. Fransa prezidenti Emmanuel Makron seçkilərdə solçulara uduzdu. Ermənilərə yaxınlığı ilə seçilən Marin Le Pen də seçkilərdə qalib gələ bilmədi. Makronun mövqeləri kifayət qədər zəiflədiyi üçün, artıq Paşinyana əvvəlki dəstəyi göstərə bilməyəcək. Elə Le Pen də İrəvana səfəri zamanı verdiyi vədləri yerinə yetirə bilməyəcək.
ABŞ-da da mənzərə eynidir. Baydenin respublikaçı Trampa məğlub olması, Paşinyanın payız aylarında siyasi cəhətdən tam yetim qalması ilə nəticələnə bilər. Çünki Donald Tramp tamamilə başqa səpkidə xarici siyasət yürüdəcək. Bu seçki Ermənistanda Ağ Evin maliyyəsi ilə işləyən, fəaliyyət göstərən anti-Rusiya qanadını da qorxudub. Erməni KİV-ə nəzər salanda bunu açıq-aşkar hiss etmək mümkündür.
Bu dəyişikliklər fonunda isə əminliklə söyləmək olar ki, artıq Qərbdə Nikolun başını sığallayan qalmayıb. Yeni hökumətlərin isə belə bir nəvaziş göstərib-göstərməyəcəyi sual altındadır.
Məhz bu hadisələrin fonunda hakim siyasi elita Rusiya ilə münasibətlərə yenidən baxmağa başlayıb. Qərbdəki dəstəkçilərini bir-bir itirən Nikol Paşinyan yenidən Moskvanın ağuşuna atılmaq üzrədir. Artıq baş nazirin anti-Rusiya isteriyasından bir qədər geri çəkildiyi görünür. Artıq Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan təlimat əsasında Belqoroda səfər edib və Ukrayna ərazisində həlak olan rus əsgərlərinin abidəsi önünə gül dəstələri qoyub. Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan böyük nümayəndə heyəti ilə Moskvaya yola düşüb və orada rusiyalı həmkarı ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib. Aydındır ki, nə Vaqarşak, nə də Akop Paşinyandan icazəsiz belə bir addım ata bilməzlər. Bir çoxları Ermənistanın anti-Rusiya hakimiyyətinin niyə birdən-birə Belqorodu və xüsusi hərbi əməliyyatların qurbanlarını yad etməsindən narahatdır. Bu sualın cavabını Avropada gedən siyasi proseslərdə axtarmaq lazımdır. Hakimiyyət tərəfindən komandaya Qərbdəki vəziyyət aydınlaşana qədər anti-Rusiya fəaliyyətini müvəqqəti dayandırmaq barədə “direktiv” verildiyi göz önündədir. Bundan əlavə, siyasi kulislərdə gəzən söz-söhbətə görə, bir sıra deputat və siyasi xadimə də artıq Rusiya əleyhinə bəyanatlarda və çıxışlarda ehtiyatlı olmaq, daha yumşaq olmaq tapşırılıb.
Bununla yanaşı, söyləmək lazımdır ki, Paşinyan hökumətinin anti-Rusiya isteriyasının zəifləməsi müvəqqəti xarakter daşıya bilər. Bir neçə aydan sonra Qərbdə sular durulduqdan, özünə yeni hami və ağa tapdıqdan sonra Nikol yenidən düyməyə basa bilər və eyni tendensiya qaldığı yerdən davam edə bilər. Burada Baqrat Qalstanyanın başlatdığı hərəkatı da nəzərə almaq lazımdır. Yenidən müntəzəm görüşlər keçirən erməni keşiş bəyan edib ki, sentyabr ayında daha gücü aksiyalara start verəcək. Hazırda hərəkat yenidən formatlaşdırma, institutlaşma və daha aydın siyasi gündəliyin müəyyənləşdirilməsi mərhələsindədir. Bu isə onun Kremldəki dayaqlarından və ağalarından yeni təlimat alması ilə əlaqələndirilə bilər.
Hər halda, payız ayları həm Paşinyan, həm də Baqrat üçün həlledici ola bilər. Baqratın sönük hərəkatı yenidən alovlandırma cəhdlərinin necə nəticələnəcəyinə gəldikdə isə daxili təlatümlərdən bezən sadə erməni vətəndaşının “çevir tatı, vur tatı” hərəkata maraq göstərəcəyi ehtimalı sıfıra yaxındır. Paşinyan isə həm ABŞ-dakı seçki nəticələrini, həm də Avropadakı yeni hökumətlərin münasibətlərini gözləməklə məşğul olacaq.
Kamil Məmmədov