Ermənistanın baş naziri Nikol Paşinyan son dövrlər hakim “Vətəndaş müqaviləsi” partiyası ilə görüşlər keçirərək müəyyən qərarlar qəbul edir. Cəmiyyətə və KİV-ə ötürülən məlumatda partiya iclasının daxili və xarici siyasətə, iqtisadiyyata aid olduğu deyilsə də, əslində pərdə arxasında bir sıra gizli məqamlar müzakirə edilir, qərarlar alınır və kimlərinsə “qələmi qırılır”. Maraqlıdır ki, son bir il ərzində tez-tez keçirilən iclaslar hakim partiya üzvlərinin ürəyincə deyil və artıq daxildə çaxnaşmalar, parçalanmalar və bölünmələr yaranır. İlk olaraq, baş nazirin Avropa İttifaqına üzvlüklə bağlı çıxışları və bəyanatları “Vətəndaş müqaviləsi”ndə fikir ayrılıqlarının yaranmasına səbəb olub. Növbəti fikir ayrılığı və parçalanma isə kadr islahatları və bəzi məmurların həbsi, əmlak müsadirəsi səbəbindən yaranıb. Partiyanın aşağı eşalonunda yer alanlar bu qara buludların mütləq bir gün onların da başı üzərində toplaşacağından ehtiyat etdikləri üçün sərt qərarların yumşaldılmasına çalışsalar da, partiya elitası buna qarşı çıxıb. Bununla yanaşı, Paşinyanın bəzi qərarları yeni oliqarxiyanın yaranması ilə də müşayiət edilir. Bəzi deputat və icra strukturu rəhbərlərinə əlavə imtiyaz verilir, ailə şirkətlərinə isə dövlət tenderləri peşkəş edilir.
Hakim komanda kadr dəyişikliyinə gedir
Maraqlıdır ki, iyunun 22-ində Xankavanda baş tutan iclas da hakim partiyada müəyyən narazılıqlara səbəb olub. Məsələ burasındadır ki, dövlət başçısı konkret olaraq bildirib ki, 2026-cı ilə planlaşdırılan parlament seçkilərinə qədər ciddi kadr dəyişikliyi baş tutacaq. Bu isə hakim partiyanın yüksək rütbəli üzvlərinin də yuxusuna haram qatıb. Çünki Paşinyan güclü komanda qurulacağını və seçkilərdə 50+1 səs toplamaq üçün bütün vasitələrə əl atmağın mümkünlüyündən danışıb. Sadəcə konkret ad çəkməməsi komanda üzvləri arasında gərginliyə səbəb olub.
Məlum olub ki, Xankavanda keçirilən iclas o qədər də ürəkaçan olmayıb. “Vətəndaş müqaviləsi”nin Soros qanadı baş nazirə bir sıra suallar ünvanlayıb. Hətta bəzi cəsarətlilər konkret nazirlərin fəaliyyətindən şikayətləniblər və dövlət başçısının onlara qarşı niyə bu qədər loyal yanaşdığının haqq-hesabını çəkiblər. Son dövrlər səhiyyə naziri Anahit Avanesyan hakim partiyada müxtəlif narazılıqlara səbəb olub. Bu səbəbdən onun istefası tələb edilsə də, Paşinyan Anahiti müdafiə edib. O, qeyd edib ki, avqust ayına hansısa ciddi və vacib işlər planlaşdırılır və hər kəs mümkün qədər ətrafına düşmən toplamamalıdır. Hazırda erməni siyasi elitasının ciddi ictimai dəstəyə ehtiyacı var və bu səbəbdən də kiminsə ucbatından xalqın etirazının partiyaya qarşı alovlanması onların işinə yaramaya bilər. Paşinyan gözəl bilir ki, partiyadaşlarının əlində sözügedən nazirə qarşı kifayət qədər ciddi kompromat var və bunların dövriyyəyə buraxılması ictimai narazılığı artıra bilər. Bu isə yenə də partiya elitasında ciddi narazılığa səbəb olub. Çünki iclasdan əvvəl müəyyən dairələr səhiyyə nazirinin yerinə hətta namizəd də təyin etdikləri üçün belə bir müdafiə onlar üçün soyuq duş effekti olub. Son dövrlər baş nazirin hakim partiya ilə hesablaşmaması, bütün qərarları təkbaşına alması da narazılıqların yaranma səbəblərindəndir.
Aİ-yə üzvlük nağılı və xarici ticarət fiaskosu
Maraqlı məqamlardan biri də odur ki, saat 10:00-dan 17:00-a qədər davam edən toplantıda partiya üzvləri suallarına konkret cavab əldə edə bilməyiblər. Əvəzində Paşinyan real və tarixi ermənilər haqqında uzun mühazirə oxuyub. Baş nazir sərhədlərin delimitasiyası, Aİ-yə üzvlük məsələsinin nə dərəcədə real olması barədə isə heç bir açıqlama verməyib və suallardan yayınıb.
Çünki az-maz savadı və təcrübəsi olan siyasətçi dərhal başa düşür ki, Aİ-yə üzvlük məsələsi nağıl və növbəti seçkilər üçün xal toplamaqdan başqa bir şey deyil. Avropada Ermənistanı gözləyən yoxdur. İlk olaraq, ondan başlayaq ki, Avropaya inteqrasiya üçün sənaye və kənd təsərrüfatında ciddi islahatlar aparılmalıdır. Ermənistanda isə bu sahələrin ciddi fiaskoya uğradığını nəzərə alsaq, Avropa bazarına hansı çıxışdan danışılır, hələ də məlum deyil. Üstəlik nəzərə almaq lazımdır ki, son dövrlər erməni dövlətindən Qərbə ticarət ixracında ciddi azalma var. Rəqəmlərə müraciət edək: 2024-cü ilin ilk dörd ayının məlumatlarına görə, Ermənistanın Aİ ölkələri ilə ticarət həcmi 24.3 faiz azalıb. Almaniya ilə 148 milyon dollar, yəni 35.8 faiz, Fransa ilə 42 milyon dollar, yəni 17 faiz azalma təşkil edib. ABŞ-a gəldikdə isə bu azalma birdən-birə 39 faiz, yəni 144 milyon dollar təşkil edib. Aİ-ni kənara qoysaq, heç qonşularla da xarici ticarət ürəkaçan olmayıb. İranla ticarət dövriyyəsində 202.7 milyon dollar, yəni 7.9 faiz azalma, Gürcüstanla isə 80.1 milyon dollar, yəni 6.5 faiz azalma müşahidə edilib.
Bu rəqəmləri nəzərə alsaq, Paşinyanın iclasda niyə susduğunu anlamış olarıq. Bir ara erməni çaxırı ilə lovğalanan və bunu bütün dünyaya sata biləcəyini bildirən hakim partiya illüziyaya qapılıb desək, yanılmarıq. Dünyada bu sahədə ciddi uğurlara imza atan İtaliya, İspaniya, Almaniya və Hollandiyaya Ermənistanın çaxır satması sözügedən ölkələrin İrəvana ərik, lavaş və kabab satmasına bənzəyir.
Qafanda konsulluq
Xankavanda keçirilən iclasda alınan qərarlardan biri də nəyin bahasına olursa-olsun Qafanda Rusiya konsulluğunun açılmasının qarşısını almaqdır. Əslində rəsmi Moskva çoxdandır bu arzusunu dilə gətirib və Qafan rəhbəri Qevorq Parsyan da konsulluq üçün yer ayırıb. Amma “Vətəndaş müqaviləsi”nin yuxarı eşalonu bir neçə aydır ki, layihənin reallaşmaması üçün fəaliyyətə keçib. Məsələn, hakim partiyadan olan deputat Marina Qazaryan bu işə bütün gücünü qoyub. O, hətta konsulluğun açılmasının Qafan sakinlərini məmnun etmədiyini, buna qarşı olduqlarını sübut etmək üçün imza kampaniyası təşəbbüsü ilə də çıxış edib. Təbii ki, hadisələrin bu məcrada inkişaf etməsi Yelisey sarayından gələn təlimatlardır. Fransa Rusiyanı regiondan sıxışdırmaq üçün bütün alətlərdən istifadə edir və Qafanda açılacaq konsulluq Paris üçün yeni başağrısı ola bilər. Bu səbəbdən də hakim partiyanın qatı Qərbyönümlü qanadı vasitəsilə hərəkətə keçilib.
Diaspora qarşı “səlib yürüşü”
İyun ayının 19-u baş nazir Ermənistanın müxtəlif nazirliklərində müvəqqəti işçi kimi çalışmış bir qrup diaspor ermənisi ilə görüşüb. Görüş zamanı Paşinyan konkret olaraq bildirib ki, üçüncü respublikanın tarixində diaspora Ermənistan Respublikasının idarəçiliyinin çox vaxt və ya bəzən yardımçı qurumu kimi qəbul edilib. Amma diaspor Ermənistanın idarəçiliyinin köməkçi institutu ola bilməz, çünki Ermənistan Respublikası da hər bir dövlət kimi öz mexanizmləri olan bir alətdir, burada bu mexanizmi kimin və necə idarə etməsi çox aydın şəkildə təsvir edilib. Bununla da hökumət başçısı diasporun ölkədəki və idarəetmə rıçaqlarındakı təsirini azaldacağının anonsunu vermiş sayılıb. Elə Xankavanda keçirilən iclasda da bu barədə ciddi qərarlar qəbul edilib, müəyyən şəxslərə göstərişlər verilib.
Göründüyü kimi, Xankavanda keçirilən iclas əslində Paşinyan üçün hakimiyyətin təkrar istehsalı, hakim partiyaya inamın artırılması naminə yeni addımların atılacağı deməkdir. Bunun üçün isə müəyyən şəxslərin kütləyə “qurban” veriləcəyi, əslində dövlətin işinə bu tip məmurların mane olduğu görüntüsü veriləcək. Eyni zamanda isə diasporun təsirindən qurtulmaq üçün ciddi addımlar atılacaq, bununla da 2026-cı ilə planlaşdırılan seçkilərdə erməni diasporunun təsiri minimuma endiriləcək.
Kamil Məmmədov