Ermənistanın baş naziri Nikol Paşinyan başda olmaqla hakimiyyətə gələn yeni qüvvələr nə ABŞ, nə MDB, nə də Avrasiya İqtisadi İttifaqı tərəfindən qəbul edilmir.
Deməli, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın mayın ortalarına ABŞ səfəri uğursuz olub. Yerevanın Vaşinqtondakı səfirliyinin səylərinə baxmayaraq, rəsmi Vaşinqtonun heç bir yüksək vəzifəli nümayəndəsi onu qəbul etməyib. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da onu qəbul etməkdən yenə imtina edib. O, ötən il oktyabrın 26-da Yerevana səfəri zamanı da Qriqoryanla təkbətək görüşmək istəmədiyini bildirmişdi. Onda Con Boltonun ofisinin nümayəndəsi Qriqoryanı icma təmsilçiləri ilə birlikdə qəbul etmişdi. ABŞ-da Braziliya Kosmik Agentliyinin rəhbəri Karlos de Mourla görüşdüyü üçün onu “kosmonavt Qranuş Akopyan” deyə çağırmağa başlayıblar.
Yeri gəlmişkən, Vaşinqtonun Yerevandakı səfiri Linn Treysi Ermənistanın baş naziri Nikol Paşinyanın anti-Amerika bəyanatlarından narazı qaldığını bildirib. Diplomat ABŞ-ın Ermənistana etdiyi maliyyə yardımından Nikol Paşinyanın daim gileylənməsindən də razı qalmayıb. ABŞ Ermənistanın Rusiya qüvvələri tərkibində Suriyaya hərbi heyət göndərməsini də pisləmiş, Paşinyan hökumətini Suriyadakı rejimin başçısı Bəşşar Əsədə yardım etməkdə qınamışdı.
Əslində, Nikol Paşinyan və komandasının MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqında da işi ürəkaçan deyil. Bunun əsas səbəblərindən biri müxalifətdə olarkən onun və təmsil etdiyi siyasi qüvvələrin adlarını çəkdiyimiz qurumlara qarşı çıxışlar ola bilər. O, cari il yanvarın 25-də Moskvada Avrasiya İqtisadi İttifaqının qərargahındakı çıxışında demişdi ki, deputat olduğu zaman Ermənistanın bu quruma birləşməsinin əleyhinə çıxıb. Bir müddət sonra isə onun təklifi ilə Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması barədə dinləmələr keçirilib. Paşinyan həmin toplantıda bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına və KTMT-yə üzvlüyünün daha səmərəli, faydalı və perspektivli olmasını təmin etmək üçün mümkün olan hər şeyi etmək lazımdır. Onun hökumət başçısı olandan sonra müxalifətdə olarkən etdiyi səhvləri düzəltmək üçün atdığı addımlar hələlik səmərəsiz qalıb. ABŞ Paşinyanın Rusiya ilə yaxınlaşmasını istəmir. Moskvaya doğru addım atanda isə Vaşinqtonun ona inamı azalır. Paşinyan Vaşinqtona sarı əyiləndə isə Kreml ona yaxşı baxmır. Bu da özünü Rusiyanın patronluq etdiyi təşkilatlarda da açıq-aydın göstərir.
Hər halda Paşinyan üçün Avrasiya İqtisadi İttifaqının Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən sammiti də uğurlu sayıla bilməz. Bu, açıq-aydın görünürdü. Qazaxıstanın keçmiş prezidenti, Avrasiya İqtisadi İttifaqının fəxri sədri Nursultan Nazarbayevin şərəfinə təsis edilən “Nazarbayev” ordeni Ermənistanın baş naziri Nikol Paşinyana verilməyib. İclas başlamazdan əvvəl Nursultan Nazarbayev Belarus prezidenti Aleksandr Lukaşenko, Rusiya prezidenti Vladimir Putin, Qırğız Respublikasının prezidenti Sooranbay Jeenbekov və Qazaxıstan prezidenti Kasım-Jomard Tokayevi “Nursultan” ordeni ilə təltif edib.
Bu arada mayın əvvəlində Ermənistan rəsmiləri cari ildə Paşinyanın Putinlə üç dəfə görüşəcəyini bildirirdi. Bunlardan biri Nur-Sultanda olmalı idi. Ancaq sonradan belə görüşün planlaşdırılmadığı elan edildi. Belə çıxır heç Putin Nur-Sultanda onunla salamlaşmayıb. İki görüşdən birinin Sankt-Peterburqdakı Beynəlxalq İqtisadi Forumda, o birinin isə Rusiya prezidentinin Yerevana səfəri zamanı olacağı ehtimal edilir.
Deməli, Paşinyan səfər çərçivəsində Nursultan Nazarbayevlə də görüşüb. O, bu görüşdə də böyük bir səhv buraxıb. Bildirib ki, SSRİ-nin dağılması ilə bağlı Belovej müqaviləsini Qazaxıstan lideri də imzalayıb. Ancaq hamı bu sənədi Rusiya prezidenti Boris Yeltsin, Belarus prezidenti Stanislav Şuşkeviç və Ukrayna prezidenti Leonid Kravçukun imzaladığını bilir. Bunun da səbəbi SSRİ-nin təməlini bu üç dövlətin qoymasıdır.
Beləliklə, səfəri uğursuz olan Paşinyan Nur-Sultanı vaxtından əvvəl tərk edib. Nikolun Qazaxıstana səfəri ikinci dəfədir uğursuzluqla nəticələnir. Əslində Ermənistanda iddia edirdilər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana sammitində onların təklifi qəbul ediləcək və onların namizədi yenidən qurumun baş katibi postunu tutacaq. Çünki bundan əvvəlki baş katib Yuri Xaçaturova qarşı konstitusiya çevrilişi etməkdə ittiham olunduğu üçün bu vəzifədən uzaqlaşdırılmışdı. Paşinyanın iddiasına cavab olaraq Nazarbayev bildirmişdi ki, bu, mümkün deyil: “Çünki Ermənistanın yeni nümayəndəsinin üzv dövlətlərə səfər etməsi üçün cəmi ilyarım vaxtı var. Bu müddətdə isə onun heç bir dövlətə səfərini reallaşdırması mümkün deyil. Ona görə də Ermənistanın yerinin Belarusa verilməsi daha məqsədəuyğundur”. Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın Yerevana səfəri isə bu məsələnin həll edildiyini təsdiqləyir.
Nəhayət, Qazaxıstan erməni diasporu üçün çox əlverişli ölkə sayılır. Bu məsələ Nursultan Nazarbayevlə Nikol Paşinyan arasında müzakirə edilib. Odur ki, bir hadisəni xartırlatmaq yerinə düşər. Yeni il gecəsi, yəni 2019-cu il yanvarın 1-də “Qədim Roma” restoranında erməni etnik qrupunun nümayəndəsinin dava-dalaşı nəticəsində Qazaxıstan vətəndaşı, yerli etnosun 23 yaşlı nümayəndəsi bıçaqlanaraq qətlə yetirilib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Karaqanda Xüsusi İstintaq Məhkəməsi hadisədə şübhəli bilinən üç nəfəri - Malxasyan Torq Manveloviç, Malxasyan Soxhak Samveloviç və Nadırbekov Kair Xamitoviçin barələrində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul etmişdi. Dördüncü şübhəli Narek Qururyan isə hadisə yerindən qaçaraq gizlənmiş, onun barəsində də axtarış elan olunmuşdu.
Ermənistandakı hazırkı siyasi elita hələ də beynəlxaq aləmdə özünə yer tapa bilmir. ABŞ-da Armen Qriqoryana, Qazaxıstanda isə Nikol Paşinyana münasibət bunun göstərcisi sayıla bilər.