Paşinyan yeni diaspor yaradır - ŞƏRH

Paşinyan yeni diaspor yaradır - ŞƏRH Ermənistanın baş naziri Nikol Paşinyanla erməni diasporu arasındakı münasibətlərin uzun müddətdir gərgin olduğu sirr deyil. Hələ 2018-ci ildə Sorosun dəstəyi ilə baş nazir postuna yiyələnən keçmiş redaktorun ilk işi Diaspor Nazirliyini ləğv edərək, yeni k
Analitika
27 İyul , 2024 12:19
Paşinyan yeni diaspor yaradır - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyanla erməni diasporu arasındakı münasibətlərin uzun müddətdir gərgin olduğu sirr deyil. Hələ 2018-ci ildə Sorosun dəstəyi ilə baş nazir postuna yiyələnən keçmiş redaktorun ilk işi Diaspor Nazirliyini ləğv edərək, yeni kabinetdə onlara yer verməmək olmuşdu. O, qeyd etmişdi ki, daha effektiv idarəetmə strukturu diasporla əlaqə yaradacaq.

Onun hakimiyyətə gələn kimi atdığı bu ilk addım, təbii ki, xaricdəki diasporun ciddi etirazına səbəb olmuşdu. Erməni katalikos I Aram da dərhal açıqlama verərək, diasporla bağlı qərara etiraz etmiş, hətta baş nazirə açıq məktub da yazmışdı. Elə o dövrdən başlayaraq tərəflər arasında soyuq müharibə davam edir. 2020-ci ildəki acı məğlubiyyət və Azərbaycanın əzəli torpaqlarını işğaldan azad etməsi erməni hakimiyyəti ilə diaspor arasındakı çatı daha da dərinləşdirdi. Qarabağdakı sərvətlərdən məhrum olan diaspor, təbii ki, bu işdə bir nömrəli günahkar Paşinyanı görürdü.

İki tərəf arasındakı ən böyük anlaşılmazlıqlardan biri də diasporun Ermənistan hökumətinin köməkçi qurumu kimi özünü təqdim etməyi idi. Baş nazir dəfələrlə vurğulayırdı ki, diaspor heç bir halda idarəçiliyin köməkçi institutu ola bilməz, dövlətin öz mexanizmləri var. Eyni zamanda, Ermənistanın da diaspor idarəçiliyinin köməkçi aləti kimi qəbul edilməsi də onun qəti xoşuna gəlmirdi.

Bu hadisələrin fonunda isə keçmiş redaktor erməni diaspor strukturları əleyhinə hərəkətə keçir, siyasətini də bu prizmadan aparmağa başlayır. Məsələn, 2024-cü ilin 19 iyun tarixində bir qrup diaspor ermənisi ilə görüşən baş nazir bəzi qalmaqallı bəyanatlar verib. Əslində, onun müəyyən mesajları uzun illərdir qondarma erməni soyqırımı və son illərdə də vüsət alan Qarabağ və Qarabağ erməniləri ilə bağlı manipulyasiya quran diaspora birbaşa ünvanlanmışdı. Diaspor daxilindəki bir sıra strukturlar isə hər gün yeni fikirlər, tezislər irəli sürür, Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsini heç bir vəchlə qəbul etmir.

Təbii ki, baş nazir uzun illər xarici ölkələrdə, xüsusən də ABŞ və Avropada ciddi oturuşmuş, Ermənistanla ciddi və qopmaz əlaqələri olan, daim pul göndərən, Erməni Kilsəsi kimi arxa-dayağı olan bir quruma qalib gələ bilməyəcəyini dərk edirdi. Bütün bunları nəzərə alan hökumət başçısı diasporda fəaliyyət göstərən yeni strukturlar yaratmaqla bu məsələlərə dəstək verən strukturları zəiflətməyi qarşısına məqsəd qoyub. Bu səbəbdən də əminliklə söyləmək olar ki, müxtəlif ölkələrdə diaspor məsələləri üzrə müvəkkillərin təyin olunması da buna hesablanıb.

Bununla yanaşı da bəzən diasporun müxtəlif layihələrini “tərifləyir”, münasibətləri tam qoparmır və daxildən özünə tərəfdarlar toplamağa başlamışdı. Məsələn, cari ildə “иГорц” layihəsində iştirak edən mütəxəssislərin 70 faizinin Ermənistana köçüb yaşamaqla bağlı qərarını hakimiyyət başçısı tərifləyir, onlara qısa müddət ərzində vətəndaşlıq veriləcəyini deyir. Bununla yanaşı, dövlət başçısı bildirib ki, hazırda Ermənistanda ciddi dəyişiklik gedir və bu dəyişikliyin diasporda da olacağı qaçılmazdır. Bu isə baş nazirin qarşı tərəflə münasibətlərdə dəyişiklik gözlədiyindən xəbər verir.

2024-cü ilin 17-20 sentyabr tarixləri arasında İrəvanda dövlətin dəstəyi ilə 2-ci Dünya Erməni Sammitinin keçirilməsi planlaşdırılır. Tədbirə diaspordan da yüzlərlə nümayəndə dəvət ediləcək. Ehtimal etmək olar ki, hökumət diaspordan geniş dəstək aldığını göstərmək üçün iştirakçı siyahılarını özü seçəcək və tədbirdə kimlərin iştirak edəcəyinə qərar verəcək. Bununla yanaşı, qeyd etmək yerinə düşər ki, diaspor tərəfindən yaradılan “Şogatak” televiziya kanalının yayımı dayandırılıb. Baş nazirin göstərişi ilə telekanalın maliyyə fəaliyyəti araşdırılır.

Eyni zamanda Ermənistan əhalisinin sürətlə xarici ölkələrə axını diasporun kəmiyyətcə artması məsələsini də ortaya çıxarıb. Bu məqsədlə yaradılan “Ermənistan Yenidənqurma və İnkişaf Bankı”nın əsas məqsədi guya bütün diasporun konsolidasiya olması deyilsə də, medalyonun digər tərəfində hazırkı hökumətə qarşı müxtəlif aksiyaların təşkilinin maliyyələşdirilməsinə qədər bir sıra işlərlə məşğul olduğu bilinir. Bəlkə də elə bu səbəbdən də hakim partiyanın diqtəsi ilə diaspor potensialının dövlət idarəçiliyi sisteminə cəlb edilməsinə mane olan bəzi qanun layihələri ortaya çıxır.

Diaspordakı ermənilər əsas məqsəd olaraq reptariasiyanı təmin etmək, bu barədə qanunun qəbulunu sürətləndirmək, xaricdən gələn ermənilərin dövlət idarəçiliyi işlərinə cəlb imkanı əldə etmək istəyir. Təbii ki, “Vətəndaş müqaviləsi”ndə oturanlar yaxınlaşan təhlükəni sezdikləri üçün hər dəfə bir bəhanə ilə belə bir qanunun qəbulunu yubadırlar.

2018-2024-cü illərdə, yəni Paşinyan hakimiyyəti dövründə rəhbər orqanlara cəlb edilən diaspor ermənilərinin sayı digər illərə nisbətən kifayət qədər azdır. Məsələn, Moskva, Hindistan və Fransada təhsil alan, “Eloyan Architects” memarlıq studiyasının qurucusu Avetik Eloyan. 2018-ci ildə Şəhərsalma Komitəsinin sədri təyin edilsə də, 2019-cu ilin yanvar ayında heç bir səbəb göstərilmədən tutduğu vəzifədən uzaqlaşdırılıb. Eyni ilin fevral ayında baş nazirin müavini Tiqran Avinyana müşavir təyin edilən Avetik növbəti ilin aprel ayında işdən qovulub. Bu isə göstərir ki, Nikol Paşinyan diaspor ermənilərini idarəetmə strukturlarına buraxma işində çox könülsüzdür və hansısa təzyiq nəticəsində belə bir əmr imzalasa da, sözügedən şəxsə yerini belə isitməyə imkan vermədən işdən azad edir.

Maraqlıdır ki, 2019-cu ilin 14 iyun tarixində ABŞ-dən gətirilən Zare Sinanyan diaspor komissarı təyin edilib. Baş nazirə sədaqəti ilə seçildiyi üçün bu günə qədər də öz postunu qoruyur. Sinanyanın diaspor səfərləri qalmaqalla bitib, diaspor xadimlərini təhqir edib.

Siyahıya davam edək, 2018-ci ildə Danimarkadan dəvət edilmiş Tatevik Revazyan mülki aviasiya komitəsinin sədri təyin edilib. Amma onun fəaliyyəti dövründə Ermənistanda qeydiyyatdan keçmiş aviaşirkətlər Aİ-nin qara siyahısına düşüb.

2018-ci il iyulun 10-da Danimarkadan Ermənistana dəvət olunmuş Tatevik Revazyan mülki aviasiya komitəsinin sədri təyin edilib. O, Kopenhagendə aviasiya sahəsində çalışaraq özünü biznesin idarə edilməsi və təşkilati kommunikasiya üzrə mütəxəssis kimi təqdim edib. Avropa rəsmiləri tərəfindən Ermənistanın Mülki Aviasiya Komitəsində və bir sıra aviaşirkətlərində yoxlamalar aparıb və xüsusilə, uçuşların təhlükəsizliyi istiqamətində nöqsanlar aşkar edib. Onlar Avropanın uçuş təhlükəsizliyi standartlarına cavab vermir və buna görə də kommersiya məqsədləri üçün Aİ hava məkanına daxil olmağa icazə verilmir. Bu hadisədən sonra Tatevik işdən qovulub.

Bununla belə, Paşinyan yuxarıda da qeyd etdiyimiz kimi, diaspora öz adamlarını göndərir, müxtəlif vəzifələrə təyin etdirir. Məsələn, bir müddət əvvəl xeyriyyəçi iş adamı Serjik Angelyan Almaniyadakı diasporla iş üzrə baş komissarın ictimai müşaviri təyin edilib. Serjik baş nazirə bağlı fondların donorlarından biridir. 1996-cı ildə yaradılmış “Angelyan” şirkətinin sahibidir. 2018-2022-ci illərdə Hamburqun erməni icmasının sədri olub. Müxtəlif dövrlərdə hakim partiyaya məxsus fondlara ianələr etməklə məşhurdur. Təkcə 2022-ci ildə “Gülüş şəhəri” fonduna birinci mərhələdə 6 min, ikinci mərhələdə isə 18 min dollar bağışlayıb. Maraqlıdır ki, 10 il əvvəl yaradılan bu fonda hazırda hakim partiya nəzarət etsə də, qəyyumlar şurasının sədri Baqrat Qalstanyandır.

Ümumiyyətlə, Nikolun diaspor icmalarına öz adamlarını yerləşdirməsinin əsas məqsədi icmaların həyatına qarışmaqdır. Elə yuxarıda adı qeyd edilən Angelyanın təyinatı Almaniya erməni icmasında problemə səbəb olub. Eyni fikri Zare Sinanyanla bağlı da söyləmək mümkündür. Sinanyan ənənəvi diaspor təşkilatlarına əks cəbhələr yaradır, yeni təyinatlar edir. Məhz onun təyinatından sonra diasporu birləşdirən partiyaların artıq təsiri azalıb.

Baş nazirin bu icmalarda sırf iqtidaryönlü mövqedə olan kadrları var. Bu işi həyata keçirmək üçün isə 2021-ci ilin noyabr ayında baş müvəkkilin səlahiyyətlərini genişləndirmək məqsədilə “Dövlət qulluğu haqqında”qanunda xüsusi dəyişiklik edilib. Nəticədə diasporla iş üzrə müvəkkilin ictimai əsaslarla çalışan müşaviri vəzifəsi yaradılıb. Bu vəzifəyə təyinatlar isə birbaşa Nikol Paşinyan tərəfindən həyata keçirilir. Vəzifə təyinatı ilə bağlı əsas meyarlardan biri hökumətin diasporla bağlı siyasəti haqqında müsbət təsəvvürə malik olmalıdır. Bu səbəbdən də Angelyanın necə bu postda oturması artıq aydın olur.

Qısacası, Nikolun fondlarına rüşvət verərək vəzifəyə təyinat alıb və baş nazirin diasporla bağlı əmrlərini yerinə yetirir. Almaniyadan əlavə, Niderland və Polşada da müşavirlər təyin edilib.

Bütün bu hadisələrin analizi sübut edir ki, Qərbin müəyyən siyasi kulislərində kök atmış diaspora öz adamlarını yeritmək, alınan qərarlara təsir etmək, köç nəticəsində diaspor sıralarını dolduran erməniləri təşkilatlandıraraq ölkə rəhbərliyi əleyhinə çıxışların qarşısını almaq hazırda Nikol Paşinyan, Zare Sinanyan və digər müşavirlərin əsas tapşırığıdır.

Son olaraq söyləmək lazımdır ki, sentyabr ayına planlaşdırılan tədbirlə baş nazir getdikcə diasporun içinə daha çox nüfuz etməyi qarşısına məqsəd qoyub.

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi