Ermənistanda bir neçə aydır gərgin mübarizəyə və hakimiyyətin repressiya maşınının işə düşməsinə səbəb olan Gümrü və Parkar icmalarının yerli idarəetmə orqanlarına keçirilən seçkilər başa çatdı. Seçki nəticələri müxalifət düşərgəsində bayram əhvali-ruhiyyəsinə səbəb olsa da, iqtidarda müəyyən çaxnaşma və narazılıqlara səbəb olub. Hətta hakim partiyanın üzvü Vilen Qabrielyan sərxoş vəziyyətdə jurnalistlərlə Gümrüdə mübahisə etdiyi üçün bu gün mandatından istefa verdiyini açıqlayıb. Bu isə Ermənistanda siyasi böhranın getdikcə dərinləşməsindən xəbər verir.
Gümrü meri namizədlərinin heç biri isə lazım olan səsi toplaya bilməyib. Məsələ ondadır ki, qanunvericiliyə əsasən, mer seçilmək üçün 33 səsdən 17-inə sahib olmaq lazımdır. Səs çoxluğu təmin edilmədikdə isə ən çox mandat alan iki siyasi qüvvə arasında ikinci tur seçkiləri keçirilməlidir. Əgər 16 aprel tarixində Gümrü Ağsaqqallar Şurasının ilk iclasının keçiriləcəyini nəzərə alsaq, ya koalisiya qurulacağını, ya da ikinci tur seçkilərə gediləcəyini düşünmək olar. Nəticələrə görə, hakim partiya 14, “Kommunist” partiyası 8, “Bizim şəhər” 6, “Mənim güclü icmam” 3, “Ana Ermənistan” bloku isə 2 mandat əldə edib. Deməli, ya koalisiya qurulacaq, ya da hakim partiya ilə kommunistlər ikinci turda güclərini sınayacaqlar.
Ermənistanda bələdiyyə seçkiləri iki mərhələli sistemlə seçilir. Əvvəlcə vətəndaşlar Ağsaqqallar Şurasının üzvlərini seçilər. Sonra isə bu heyətdən şəhər meri seçilir. Hakim partiyanın ikinci turda qələbə şansı minimum kimi dəyərləndirilir. Parkar seçkilərində də vəziyyət aşağı-yuxarı eynidir. “Birlik” blokunun namizədi Volodya Qriqoryan 6508 səs toplayıb. İkinci yerdə isə “Vətəndaş müqaviləsi”nin namizədi Lüdviq Qülnazaryan cəmi 3669 səsə malikdir.
Hər iki seçkinin nəticəsi bir daha göstərir ki, Nikol Paşinanın komandası əslində məğlub olub. Parkarda 11526 seçici, yəni seçicilərin təxminən 55%-i, Gümrüdə isə 47452 seçici, yəni təxminən 43%-i seçkilərdə iştirak edib. Ermənistan standartlarını və böyük seçkiləri nəzərə alsaq, bu, kifayət qədər böyük rəqəmlərdir. Təkcə onu qeyd etmək yerinə düşər ki, 2021-ci ildə Gümrüdə keçirilən seçkilərlə müqayisədə, 2025-ci ildə keçirilən seçkilərdə seçici fəallığı demək olar ki, iki dəfə artıb. Bu, vətəndaşlar arasında marağın və müxalifətin irəli sürdüyü nəyisə dəyişdirmək tezisinə inamın artması deməkdir.

Bəs hər iki seçki nəticələrinə görə, hansı ümumi fikirləri səsləndirmək olar? Birincisi, Paşinyanın partiyası bu icmada hakimiyyəti ələ keçirmək üçün 3 illik cəhdi fiaskoya uğradı və partiya açıq şəkildə məğlub oldu. Hakim partiya Gümrüdə digər rəqiblərindən çox səs toplasa da, bu, Paşinyan komandasının şəhər hakimiyyətini ələ keçirməsi üçün kifayət deyil. Üstəlik, Ağsaqqallar Şurasına namizəd olan qüvvələr əvvəlcədən “Vətəndaş müqaviləsi” ilə koalisiya yaratmayacaqlarını əvvəlcədən açıqlayıblar.
Maraqlıdır ki, həm Parkarda, həm də Gümrüdə hakim partiyanın aldığı səslərin göstəriciləri bir-birinə yaxındır: 32 və 36 faiz. Əgər hakim komandanın inzibati resurslardan sui-istifadə etdiyini, müxalifət namizədlərinə qarşı repressiyalara əl atdığını (söhbət həbslər, qərargahlarda axtarışlardan gedir) nəzərə alsaq, bu, biabırçı nəticədir. Hətta seçkidə iştirak etmək üçün Cavaxdan avtobusla 15-20 nəfər gətirilmişdi.
Hərçənd hakim komanda bu nəticələri şəffaf və demokratik seçkilər kimi təqdim etsə də, partiya daxilində ciddi çaxnaşma var. Paşinyan isə seçkilərdə uğur qazanan və iştirak edən qüvvələri təbrik edərək, seçkilərin azad və ədalətli keçirildiyini, “vətəndaşın seçimi bizim üçün qanundur” tipli fikirlər səsləndirdi. Amma “Vətəndaş müqaviləsi” nəticələrdən şoka düşüb. Partiya elitası səhərə qədər oyaq qalıb və nə baş verdiyini anlamağa çalışıb.

Bütün bu fiaskoların fonunda Paşinyanın yaxın gələcəkdə hakim komandada “terror” əsdirəcəyi və köklü dəyişikliklər edəcəyi gözləniləndir. Bu isə onun hər kəsdən narazı olduğunu göstərir. İlk olaraq, Andranik Köçəryan və Vilen Qabrielyanla vidalaşmaq nəzərdə tutulub ki, sonuncu ayıq tərpənərək, Gümrüdəki insidenti bəhanə gətirib mandatından əl çəkdi. Çünki gəzən söhbətlərə görə, Qabrielyan müəyyən dairələrin göstərişi ilə hakim partiyanı gözdən salmaq üçün Gümrüdə bilərəkdən insidentə imza atıb. Bu səbəbdən də repressiya maşını işə düşmədən könüllü şəkildə istefa verib. Yaxın vaxtlarda onun müxalifət düşərgəsinə qoşulacağı, 2026-cı il seçkilərində müstəqil namizəd kimi iştirak edəcəyini də gözləmək olar. Əslən Bakı ermənisi olan Vilenin 2026-cı il seçkilərində Qarabağ ermənilərindən istifadə edəcəyini ehtimal etmək olar. “Qardman-Şirvan-Naxicevan” kimi qondarma bir təşkilata rəhbərlik edən eks-deputatın Qarabağ klanına qoşulma ehtimalı da gündəmdədir.

Hakim partiyanın başının üstünü isə qara buludlar alıb. Paşinyan Parkar məğlubiyyətinə görə ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan və əmək və sosial məsələlər naziri Narek Mkrtçyanı əsas günahkar hesab edir. Eyni zamanda, baş nazir ilk növbədə ən mühüm seçki “əməliyyatı” həvalə edilən və uğursuzluğa düçar olan Armavir qubernatoru Argişti Mexakyanı da günahkarlardan biri hesab edir. Adı çəkilən bu üç məmur liderə Lüdviq Gülnazaryanın səsvermə ilə bağlı problemi olmadığını, onu birbaşa mer kürsüsünə qoya biləcəklərini bildirmişdilər. Amma ortaya çıxan mənzərə göstərir ki, vəziyyət düzgün analiz edilməyib və partiya elitasına səhv məlumat çatdırılıb. Bu da onların yaxın vaxtlarda cəzalandırılacağı anlamına gəlir.
Bütün baş verən hadisələrin analizi sübut edir ki, müxalifətin “seçki yolu ilə Paşinyana qalib gəlmək mümkün deyil” tezisi kökündən yanlışdır. Artıq bütün müxalif düşərgə anladı ki, Gümrü və Parkar seçkiləri hakim partiyanın məğlub olacağını da göstərir. Bu səbəbdən 2026-cı il seçkilərinə ciddi təşkilatlanma və yeni proqramla qatılmaq artıq əsas şərt kimi qəbul edilib. Yaxın vaxtlarda erməni müxalifətində yeni blok və birləşmələrin görüləcəyi də istisna edilmir.
Bir sözlə, Gümrü və Parkar fiaskosu Paşinyanın sonunun başlanğıcı da hesab edilə bilər. Baş nazir üçün simvolik və totem sayılan Gümrü seçkilərinin uğursuzluğu 2026-cı ildə keçiriləcək seçkilərin də fiaskosu ilə nəticələnə bilər.
Kamil Məmmədov