Ermənistan sentyabrın 17-də kritik İrəvan Ağsaqqallar Şurasına seçkilərə hazırlaşır. İrəvan merini müəyyən edəcək seçkilərdə qələbə baş nazir Nikol Paşinyan üçün mühüm əhəmiyyət kəsb edir. Paytaxt İrəvan kimi strateji yeri itirmək ona gələcəkdə parlament seçkilərində ciddi itki demək olar. Bu səbəbdən də bütün inzibati və dövlət resurslarını seçkilərdə qalib gəlməyə yönəldib. Elə baş nazirin Azərbaycanla sülh prosesi və sülh müqaviləsi ilə bağlı son vaxtlar ikibaşlı və ehtiyatlı bəyanatlarını da məhz bu seçkilərlə bağlamaq olar. Yəni, Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edən Nikol son bəyanatlarında bir qədər fərqli mövqedən çıxış edir. Azərbaycanın Laçın yolunda “humanitar fəlakət” yaratdığını iddia edir, beynəlxalq hay-küy kampaniyasına dəstək verir, sülh müqaviləsi üçün şərtlər irəli sürür. Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə baş tutan son danışıqlarda Ağdam-Xankəndi yolunun açılması barədə razılıq versə də, sonradan erməni xislətinə uyğun olaraq bunu təkzib etməyə çalışıb. Lakin görünür ki, sentyabrın 17-də kimi bu tip açıqlama və bəyanatları hələ çox müşahidə edəcək, populist və hətta revanşist bəyanatlarının şahidi olacağıq.
Seçkilərdən söz düşmüşkən, proses ölkə tarixinə ən əhəmiyyətsiz və maraqsız kampaniya kimi düşə bilər. Müxalifət və müstəqil kəsim bu seçkilərə maraq göstərmir. Məsələn, tək dünən müxalif “Çiçəklənən Ermənistan” seçkilərdə iştirak etməyəcəyini və heç kimi dəstəkləməyəcəyini bəyan edib. Erməni müxalifəti əmindir ki, seçkilərdə qələbə qazanmaqla hakimiyyət mövqelərini daha da gücləndirməyə müvəffəq olacaq. Ekspert və müşahidəçilər hesab edir ki, bir tərəfdən hakimiyyətə inam və etimadın azalması, digər tərəfdən müxalifətə olan etimadsızlıq elektoratın seçkilərə marağını azaldıb. “Gallup”un keçirdiyi sorğuların nəticələrini də bunu deməyə əsas verir. Rəyi soruşulanların 34 faizi seçkilərdə iştirak edəcəklərini müəyyən edə bilmədiklərini, 11 faiz hansısa bir namizədə səs vermək niyyətində olmadıqlarını bildiriblər. Əhalinin əksəriyyəti ya heç kimə etibar etmir, ya da öz seçimini elan etməyə tələsmir.
“Gallup”un keçirdiyi sorğunun nəticələrini şərh edən erməni politoloq Qrant Mikaelyan hesab edir ki, nəticə hakimiyyət və xarici siyasətlə bağlıdır. Onun sözlərinə görə, bir çoxları da işdən qovulmaq qorxusu altında kimə səs verəcəklərini bildirməkdən çəkinib. Bütün bu faktorlar da nəticədə səsvermənin nəticələrinə təsir edib. “Hakimiyyət nümayəndəsinin də sorğularda namizədinin liderlik etməsini məntiqi hesab edir. Səbəb də odur ki, hakimiyyət inzibati və informasiya resursları və rıçaqlarından istifadə edir”, - deyə o bildirib. Ekspert hesab edir ki, müxalifət iqtidara ciddi alternativ ola bilməyib və eyni zamanda öz passivliyi ilə bu günə kimi seçicilərin etimadını itirməkdə davam edir. Əslində müxalifət öz gücünə arxayın deyil və yəqin ki, kifayət qədər səs toplaya bilməyəcəyindən haqlı olaraq qorxur. Onun qənaətincə, əvvəlkilər kimi, indiki seçkilər də siyasi xarakter daşıyır və bələdiyyə seçkiləri adlandırıla bilməz. Əgər seçkilərdə Paşinyanın namizədi keçməzsə, bu onun üçün ciddi itki demək olacaq.
Namizədlərə gəldikdə, favorit vitse-mer Tiqran Avinyan hesab edilir. Nikol Paşinyanın da dəstək verdiyi bu şəxsdir. “Gallup”un sorğusunda da respondentlər ona 9 faiz səs verib. Qeyd edək ki, seçkilərə qatılan namizədlər arasında “Avropa Partiyası”nın lideri Tiqran Xamelyan da var. Partiya Ermənistanın Aİ-yə üzvlüyünü, KTMT və Aİİ-dən çıxmasını dəstəkləyir. Sabiq mer Ayk Marutyan və “Ermənistan” blokunun lideri Andranik Tevanyanın şansları aşağıdır. Bir çox ekspertlər hesab edir ki, İrəvan merliyinə seçkilərə Qərb qüvvələri də qoşulub. Onların hədəfi hakimiyyət strukturlarında öz adamlarını yerləşdirməkdir. Və merlik postunu qazanmaqla da bu məsələ tam qətiləşəcək.
Beləliklə, istənilən halda seçkilərdə qələbə Paşinyan və hakim komanda üçün hava və su kimi vacibdir. Əks təqdirdə, məğlubiyyət onun üçün sonun başlanğıcı ola bilər.