2018-ci ildə Sorosun ciddi dəstəyi ilə hakimiyyətə gələn Ermənistanın baş naziri Nikol Paşinyan kiçik diktator olmaq yolunda mətin addımlarla irəliləyir. Məsələ burasındadır ki, hər çıxışında demokratiyadan, insan hüquqlarından dəm vuran erməni siyasətçi ölkəni kiçik həbsxanaya çevirməklə məşğuldur. 2008-ci il mart hadisələrinə görə, o dövrkü hakimiyyəti polis zorakılığında ittiham edərək, bu günə qədər də məhkəmə çəkişmələri aparan keçmiş jurnalist adi bir ovuc etiraz aksiyalarını polis dəyənəyi və gözyaşardıcı qumbaralarla dağıtmaqdan belə çəkinmir. Artıq nəinki polis, hətta bütün hüquq-mühafizə orqanları, ədliyyə sistemi də sadəcə hakimiyyətin maraqlarını qorumaqla məşğuldur. Erməni müxalifəti isə bu vəziyyəti nasist Almaniyasındakı gestapo rejimi ilə müqayisə edir. Etirazların yatırılması zamanı polisin fəaliyyətinə gəlincə, açıq şəkildə qəsdən qeyri-mütənasib güc tətbiqi müşahidə edilir. Təxminən 50 nəfərin toplaşdığı yerdə dərhal eyni sayda və əksər hallarda daha çox polis peyda olur və mitinq dağıdılır. Bu taktika kifayət qədər uzun müddətdir ki, istifadə olunur: polis bir-birinə göz vuraraq insanları saxlamağa və polis bölmələrinə sürükləməyə başlayır. Hələ bu da azmış kimi, bu yaxınlarda polis sisteminin nümayəndələri ilə görüşən baş nazir bildirib ki, onların tərəfindədir. Eyni zamanda Paşinyan güc strukturlarının rəhbərlərinə şəxsən bildirib ki, aksiyadakı zorakılığa görə heç bir polis əməkdaşı məsuliyyətə cəlb edilməməlidir. Aksiyada iştirak etdiyinə görə isə 59 nəfər məsuliyyətə cəlb edilib, 29-u barəsində həbs qətimkan tədbiri seçilib, 13 nəfər ev dustağıdır. Digər şəxslərə qarşı açılan cinayət işi isə davam edir. Maraqlıdır ki, ortada polisin zorakılığı ilə bağlı yüzlərlə videogörüntü və faktlar olsa da, hələ də heç bir əməkdaş məsuliyyətə cəlb edilməyib. “Demokratik”, “qeyri-zorakı” şüarları ilə hakimiyyətə gələn Nikol Paşinyanın hakimiyyəti dövründə vəkillər və vətəndaşlar polis bölmələrində işgəncələrə məruz qalıb, döyülüblər.
Qeyd etmək yerinə düşər ki, Paşinyan çıxışlarının birində açıq-aşkar bildirmişdi ki, Ermənistanda mənim dediyimin əksinə qərar çıxara biləcək məhkəmə və hakim varmı? Təkcə bu ifadə də erməni dövlətində ədalət və məhkəmə sisteminin necə idarə edildiyini ortaya qoyur. Hakimlər isə bir qayda olaraq, həbslə bağlı göstərişlərə uyğun qərar verirlər. Çünki belə bir qərar verməsələr, onların özləri üçün problemlər yaranacaq. Ermənistan cinayət məcəlləsinin 236-cı maddəsi artıq hökumətin əlində müxalifətə qarşı “dəyənəyə” çevrilib. Hazırda müxalifət düşərgəsinin bir sıra üzvləri, məsələn, Gerasim Vardanyan bu maddə ilə ittiham edilir. Sözügedən maddə 3-6 il arası həbs cəzası ehtiva edir. Üstəlik, bu maddə tamamilə özbaşına və qərəzli şəkildə tətbiq olunur. Xüsusilə, ötən il İrəvan meriyasına seçkilər zamanı sosial şəbəkələrdə hakim partiyadan olan namizədin mitinqlərdə iştirakına görə açıq maliyyə güzəştlərinin təklif olunduğu məlum hallar olub, lakin bununla bağlı bir dənə də olsun cinayət işi açılmayıb, heç kim hələ də məsuliyyətə cəlb olunmayıb.
Bu günə qədər də uzun aylardır həbsdə olan bir sıra müxalifət nümayəndələrinə qarşı konkret həbs cəzası verilmir. İttiham aktı üzrə heç bir fakt və maddə sübuta yetirilə bilmir. Aylardır davam edən məhkəmələr sırf hakimiyyətin sifarişini yerinə yetirir. Çünki bu şəxslərin azadlığa çıxması hazırda davam edən və müəyyən pauza götürdükdən sonra yenidən başlayacaq “Vətən naminə Tavuş” hərəkatının güclənməsinə səbəb ola bilər. Armen Aşotyan, Narek Malyan və Mamikon Aslanyan bir ildən çoxdur ki, həbsdədir və məhkəmə prosesi acı bağırsaq kimi uzanır. İnternetdə podkast veriliş hazırlayan və hakimiyyəti tənqid edən Narek Samsonyan və Vazgen Saqatelyan iki ay müddətinə həbs edilib. Jora Avetisyan və onlarla şəxs siyasi məhbus kimi sırf Nikol Paşinyanın istəyi üzrə aylarla həbs yatıb. Samvel Vardanyan isə aksiyada iştirakına görə həbs edilib, yolda onların avtomobili maskalı şəxslər tərəfindən saxlanılıb. Vardanyan avtomobildən endirilərək döyülüb, işgəncələrə məruz qalıb.
Yuxarıda sadalanan faktlar sübut edir ki, hazırda Ermənistan polis dəyənəyi üzərində yaşayır və Paşinyan getdikcə sərt diktatora çevrilir. Bunu sübut edən başqa faktlara müraciət edək. 2018-ci ildə korrupsionerlərlə bağlı verilən vəd özünü doğrultmayıb. Keçmiş soyğunçulara qarşı açılan cinayət işlərinin çoxu bağlanıb, bəzilərinə bəraət verilib. Bir sıra talançıya qarşı simvolik hökmlər çıxarılıb. Davam edən işlərə gəldikdə isə ortada külli miqdarda faktlar olsa da, məhkəmə guya onların cinayətini sübuta yetirə bilmir. Məsələn, Abovyanın keçmiş meri Karapet Quloyan barəsində başlanmış cinayət işinin istintaqı aylardır yubanır və cari ilin oktyabr ayında iddia müddəti başa çatacaq. Çox güman ki, təqsirləndirilən şəxs məhkəmənin qərarı iddia müddəti başa çatdığı üçün məsuliyyətdən azad ediləcək. Kimdir bu Quloyan? O, erməni oliqarx, hazırda deputat kimi fəaliyyət göstərən Qaqik Tsarukyanın kürəkənidir. Karapetə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, bir sıra icma mülkiyyətində olan torpaq sahələrini qanunsuz olaraq özgəninkiləşdirmək, digər torpaq sahələrini özbaşına zəbt etmək, qeyri-qanuni tikintiləri dayandırmamaq maddələri ilə cinayət işi açılıb. Sonradan isə vəzifəli şəxsə təsir etmək məqsədi ilə rüşvət vermək, çirkli pulların yuyulması faktları da işin üstünə əlavə edilib. Tsarukyanın kürəkəni cəmiyyətə 538 milyon erməni dramı məbləğində ziyan vursa da, hələlik məhkəmə tələsmir. İş orasındadır ki, şahid qismində iştirak edən şəxsin də ifadələri bu işə təsir etmir. Artıq istintaq mənasızlaşıb və şahidlər də məhkəməyə getməkdən boyun qaçırırlar.
Maraqlıdır ki, Kotayk vilayətinin prokuroru da ötən il kabinetində həbs edilib, işgəncələrə məruz qalıb. Amma nədənsə bu yaxınlarda Kasasiya Məhkəməsi onun şikayətini təmin edib və sabiq prokuror azadlığa buraxılıb. Maraqlıdır ki, həbs onun telefonu uzun müddət dinlənildikdən sonra baş tutub və hansısa sehrli əl artıq onun azadlığa qovuşmasına səbəb olub. Bütün bu faktlar onu sübut edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ədliyyə və hüquq-mühafizə sistemini öz prinsip və istəklərinin icrası orqanına çevirib.
Hələ bu da azmış kimi, hakimiyyəti sırf öz maraqlarını qorumaq üçün istifadə edən baş nazirin bu yaxınlarda qəribə bir cəza üsulunun olduğu ortaya çıxıb. Məlum olub ki, hakimiyyət müxalifət deputatlarını heç bir nümayəndə heyətinin tərkibinə daxil etməməklə, cəzalandırmaq qərarına gəlib. Məsələn, bu yaxınlarda Almaniyaya səfər edən heyət sırf hakim partiyadan seçilib: Hayk Konjoryan, Rüstəm Bakoyan, Babken Tunyan, Mikael Tumasyan, Hripsime Hunanyan Almaniya Bundestaqının nümayəndələri ilə görüşüblər. Halbuki Ermənistan-Almaniya parlament dostluq qrupunda müxalifət deputatları da var. Amma səfərə nədənsə sırf hakim partiya üzvləri yollanıb.
Bu yaxınlarda ortaya çıxan maraqlı bir fakt ölkədə müxalifəti məhkəmə ilə ram etməyə çalışan, hakimlərin qərarlarına təsir edən baş nazir Nikol Paşinyanın beynəlxalq məhkəmə qarşısında külli miqdarda təzminat ödəyəcəyindən xəbər verir. Məlum olub ki, 3 iyun 2024 tarixində “Walnort Finance Limited” şirkəti Ermənistanın baş naziri, xarici işlər və maliyyə nazirliklərini məhkəməyə verib. Dünya Bankının İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzinin (ICSID) baş katibi şirkətin arbitraj iddiasını iyunun 21-də qeydə alıb. “Walnort”un Ermənistanın ən böyük mədən şirkəti olan Zəngəzur Mis-Molibden Kombinatı QSC-yə yatırdığı sərmayə yatırımı sözügedən şirkətdə əhəmiyyətli pay əldə etmək üçün hökumətin siyasi motivli kampaniyası nəticəsində iflasa uğrayıb. İddiaya görə, hökumət şirkətin kombinatdakı qanuni səhmdar hüquqlarını həyata keçirməsinə mane olub və nəticədə ən azı 1,2 milyard dollar itki qeydə alınıb. Maraqlıdır ki, ekspert dəyərləndirməsindən sonra məbləğin daha da artacağı bildirilir. Mübahisə barədə bildirişdən sonra (şirkət 2023-cü ildə baş nazirə mübahisə bildirişi ünvanlayıb) Walnort-un bu məsələlərin həlli üçün danışıqlar aparmaq üçün xoş niyyətli səylərinə baxmayaraq, Ermənistan hökuməti şirkətlə ümumiyyətlə əməkdaşlıq etməmək yolunu seçib. Eyni zamanda, Walnort-un Ermənistandakı törəmə şirkətləri “Mun Metals” və “Zangezur mining”ə qarşı müxtəlif hücumlar təşkil edilib. Xarici investorun rəhbərliyi, səhmdarları və qrup şirkətləri ilə birlikdə şirkətin hüquqlarını qorumaq və onun dəyərlərini qorumaq üçün bu mübahisəyə diqqət yetirməyə sadiqdir. Artıq beynəlxalq səviyyədə tanınan vəkillər qrupu ilə danışıqlar aparıb, məsləhətçilər və ekspertlər cəlb edilib.
Göründüyü kimi, hərisliyi və oturduğu kreslonu qorumaq üçün Nikol Paşinyan bir sıra qanunsuz yollara baş vurub. Polisə arxalanan, məhkəmə hakimlərinə təzyiq vasitəsilə istədiyini yeridən baş nazir görəsən beynəlxalq məhkəmə barəsində nə düşünür? Söhbət milyardlardan gedir və bu təzminatı ödəmək dövlət borcu günü-gündən artan Ermənistan üçün çox ağır olacaq. Amma beynəlxalq hüququn üstünlüyü prinsipini rəhbər tutsaq, deməli erməni hakimiyyətinin başı ciddi şəkildə ağrıyacaq.
Kamil Məmmədov