Paşinyan Ermənistan ordusundakı acınacaqlı durumu ört-basdır etməyə çalışır - ŞƏRH

Paşinyan Ermənistan ordusundakı acınacaqlı durumu ört-basdır etməyə çalışır - ŞƏRH Bakı. 19 sentyabr. REPORT.AZ/ Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 18-də işğal altında olan Azərbaycan ərazilərinə səfər edib. O, səfər zamanı qondarma rejimin başçısı Bako Saakyan ilə görüşüb.
Analitika
19 Sentyabr , 2018 13:05
Paşinyan Ermənistan ordusundakı acınacaqlı durumu ört-basdır etməyə çalışır - ŞƏRH
0 : 00
0 : 00

Bakı. 19 sentyabr. REPORT.AZ/ Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 18-də işğal altında olan Azərbaycan ərazilərinə səfər edib. O, səfər zamanı qondarma rejimin başçısı Bako Saakyan ilə görüşüb.

N.Paşinyan həmçinin işğalçı ordunun Dağlıq Qarabağdakı hərbi hissələrinin mövcud şəraiti və əsgərlərin xidməti vəziyyəti ilə tanış olub. Hərbi hissələrlə tanışlıq zamanı hökumət başçısını və qondarma rejimin rəhbərini Ermənistan müdafiə naziri David Tonoyan, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan, qondarma rejimin "müdafiə naziri" Levon Mnatsakanyan və digərləri müşayiət ediblər.

N.Paşinyanın Dağlıq Qarabağa gəlməsinin və işğal altında olan Azərbaycan torpaqlarında yerləşdirilən Ermənistan hərbi hissələrinə baş çəkməsinin əsas səbəblərdən biri son zamanlar işğalçı ölkənin ordusunda əsgər ölümlərinin artması ilə bağlıdır. Elə ötən gün işğal altında olan Dağlıq Qarabağa xidmət edəcəyini öyrənən Ermənistanın Ararat vilayətinin Nor Xarberd kəndinin 28 yaşlı sakini, çağırışçı Arman.T özünü asaraq intihar edib.

Nə qədər gizlətməyə çalışsalar da N.Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan ordusunda, xüsusən də Dağlıq Qarabağda yerləşdirilən hərbi hissələrdə əsgər ölümləri artıb. 

Bir sözlə, 2016-cı aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatlarındakı məğlubiyyətlərdən sonra Ermənistan ordusundakı böhran getdikcə dərinləşir.

Müdafiə naziri David Tonoyan isə silahlı qüvvələrdə yaranmış böhranı aradan qaldıra bilmir və problemlərin qarşısında aciz qalıb. O, çıxış yolunu həqiqətləri xalqdan gizlətməkdə görür. Həmçinin D.Tonoyan Ermənistan ordusunda xidmət edən əsgərlərin ilin sonunadək yeni keyfiyyətli çəkmə və geyimlərlə təmin ediləcəyinə dair yalan bəyanatlar verir. Müdafiə naziri bununla xalqın diqqətini yayındırmağa və guya ordudakı vəziyyətin yaxşıya doğru dəyişdiyini göstərməyə çalışır. Lakin bu zaman belə bir sual yaranır ki, həqiqətən vəziyyət müsbət mənada dəyişibsə onda niyə erməni gənclər Ermənistan ordusunda xidmət etməkdən boyun qaçıraraq intihar edirlər?

İşğalçı ölkənin ordusunda açınacaqlı vəziyyətin hökm sürdüyünü və qorxu içində olduqlarını təsdiqləyən yalnız bu deyil. Azərbaycan ordusunun genişmiqyaslı təlimləri Ermənistan hökümətinin, xüsusilə də Azərbaycana qarşı təhdidi dolu bəyanatlar səsləndirən baş nazir N.Paşinyanın canına vəlvələ salıb.

Hökumət başçısının işğal altında olan Azərbaycan torpaqlarına səfərindən sonra öz şəxsi "Facebook" səhifəsindən sərsəm bəyanatlar verməsi də bunu göstərir. Onun sözlərinə görə, cəbhə xəttində gərginlik var, amma vəziyyət tamamilə ordunun nəzarətindədir. Amma baş nazir əvvəllər olduğu kimi yenə də yalan danışır. 

Əvvəla, N.Paşinyan münaqişənin sülh yolu ilə həll edilməsində maraqlı olsaydı, Azərbaycana qarşı təhdid dolu bəyanatlar səsləndirməzdi, danışıqlar masası arxasına keçərdi. Ona görə də işğalçı ölkənin baş naziri heç də söylədiyi kimi sülh danışıqlarının tərəfdarı deyil. Onun bu bəyanatları sadəcə Ermənistanın daxili auditoriya üçün nəzərdə tutulub və hakimiyyətə gələndən sonra heç bir iş görə bilməyən, problemlər içində çabalayan N.Paşinyan tərəfdarlarını sakitləşdirməyə cəhd göstərir.  

İkincisi, N.Paşinyanın müharibəyə hazır olmaları barədə açıqlamaları əslində aprel döyüşləri və Günnüt əməliyyatlarından sonra erməni cəmiyyətində formalaşmış qorxu hissini aradan qaldırmağa yönəlib. Hökumət başçısı da yaxşı bilir ki, iki il ərzində Azərbaycan ordusundan sarsıdıcı zərbələr alan Ermənistanda hazırda qorxu hökm sürür.  

Nəhayət, N.Paşinyan müxtəlif bəyanatlar verməklə Ermənistan ordusundakı acınacaqlı durumu ört-basdır etməyə və hərbçilər arasında guya ruh yüksəkliyi yaratmağa çalışır. Lakin işğalçı ölkənin baş naziri özü də çox gözəl bilir ki, onun bu cəhdləri əbəsdir. Çünki Azərbaycan ordusu düşmənə elə bir zərbə endirib ki, bundan sonra bir daha çətin özünə gəlsin.

Analitik Ehtiram Aşırlı

Son xəbərlər

Orphus sistemi