Ermənistan yeni qalmaqal ərəfəsində - Moskvanın son yoxlaması, ekslərin revanşı - ŞƏRH

Ermənistan yeni qalmaqal ərəfəsində - Moskvanın son yoxlaması, ekslərin revanşı - ŞƏRH Nikol Paşinyana qarşı mütəşəkkil müxalifət yaranır
Analitika
20 Dekabr , 2019 14:23
Ermənistan yeni qalmaqal ərəfəsində - Moskvanın son yoxlaması, ekslərin revanşı - ŞƏRH

Ermənistan cəmiyyətində və hakimiyyətində Rusiyaya, ölkənin gələcəyinə və indiki hökumət başçısının siyasətinə münasibətdə qeyri-müəyyənlik davam edir. Ölkənin baş naziri Nikol Paşinyan ötən ilyarım ərzində iqtisadi sahədə heç bir uğur əldə edə bilməyib. Ermənistan vətəndaşlarına vəd olunan problemlər qalır. Belə şəraitdə ya yeni inqilablar doğulur, ya da yeni seçkilər keçirilir. Ancaq 20 il əvvəl parlamentə edilən silahlı hücum Ermənistanda dəyişikliklərin dinc yolla həyata keçmədiyini deməyə əsas verir. Nikol Paşinyanın hökumət başına gətirilməsi isə islahat və təkamül deyil, inqilabdır. Bəs baş nazir cəmiyyətdə itən nüfuzunu qorumaq üçün nə edir? Ermənistanda ölü siyasətçilər diriləcəkmi? Koçaryan-Sarqsyan cütlüyünün revanşı uğur qazanacaqmı? Nikol Paşinyanın Sarqsyan və Koçaryana hücumu davam edir.

Deməli, dekabrın 18-də Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın və "Fleş" şirkətinin prezidenti Barseq Beqlaryanın əmlakına həbs qoyulub. Hər iki şəxsə qarşı Ermənistanın Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə ittihamlar irəli sürülüb. İlkin məlumata əsasən, sabiq prezident vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2013-cü il yanvarın 25-dən fevralın 7-dək 498 mln. dram (bir milyon dollardan artıq) məbləğində dövlət əmlakını mənimsəmək və talan etməkdə ittiham olunur. Sarqsyan və Beqlaryan barəsində başqa yerə getməmək haqqında iltizam alınıb.

Ötən həftə Ermənistanın Xüsusi İstintaq Komitəsində Serj Sarqsyanla sabiq kənd təsərrüfatı naziri Serqo Karapetyanın iştirakı ilə üzləşmə keçirilib. Məlumata görə, bir müddət əvvəl Serqo Karapetyanın Serj Sarqsyana qarşı ifadə verdiyi barədə xəbərlər yayılmışdı. Ermənistanın Baş Prokurorluğu isə keçmiş prezident Serj Sarqsyana qarşı açılan cinayət işinin dayandırılması ilə bağlı vəsatəti təmin etməyib. Çünki bir müddət əvvəl vəkilləri Sarqsyanın toxunulmazlığını əsas gətirərək sabiq dövlət başçısı barəsində cinayət işinin dayandırılmasına dair Baş Prokurorluq qarşısında vəsatət qaldırmışdılar. Onlar Sarqsyanın toxunulmazlıq hüququndan çıxış edərək Xüsusi İstintaq Komitəsinin ittihamlarının hüquqi qüvvəsi olmadığını, toxunulmazlıq prinsipinin ona şamil olunduğunu bildiriblər. Baş Prokurorluq vəsatəti təmin etməyib. Bildirilib ki, Kassasiya Məhkəməsinin 2018-ci il noyabrın 15-də qəbul etdiyi qərara əsasən, Sarqsyan prezident olduğu dövrdə öz şəxsi maraqlarından çıxış edib. Ona görə də Sarqsyanın prezident kimi toxunulmazlıq hüququ yoxdur. Sarqsyanın tərəfdarları isə hadisələrə elə ciddi reaksiya vermir. Onun müdafiəsində ən çox canfəşanlığı kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfəri Mikael Minasyan edir. O, bir müddət əvvəl Nikol Paşinyanın qəzetçi olduğuna və siyasəti bilmədiyinə işarə edərək demişdi: “Baş nazir Nikol Paşinyan Ermənistanı sarı qəzetə çevirib”. Onun sözlərinə görə, Paşinyan Ermənistanı “Haykakan jamanak” qəzetinin baş redaktoru kimi idarə edir: “Söhbət heç də klassik sarı qəzetdən getmir. Onun idarəetmə prinsipləri və davranışında heç nə dəyişməyib. Sadəcə, o, redaksiyanın mikromühitini böyük miqyasla əvəzləyib. Biz indi “Haykakan jamanak” ölkəsində yaşayırıq”. Bu arada Nikol Paşinyan keçmiş prezidentin kürəkəninə qarşı da yaxın günlərdə ittiham irəli sürüləcəyini bildirmişdi: “Ermənistandakı strateji obyektlərdən birini özəlləşdirdiyi üçün Mikael Minasyana qarşı bu yaxınlarda cinayət işi başlayacaq. Mən onun bu bəyanatını həmin məsələ ilə əlaqələndirirəm. Görünür, bununla bağlı informasiya əldə edib. Minasyan hesab edir ki, Sarqsyana qarşı ifadə verəcək. Onun ifadəsi əsasında Sarqsyan həbs ediləcək. Mən ona Ermənistana qayıdıb Xüsusi İstintaq Komitəsinə ifadə verməyi məsləhət görürəm. O, çoxlu sayda obyektin sahibidir. Bu obyektlər isə adı sizə tanış olmayan bir qadının adına qeydiyyatdan keçirilib”.

Əslində, mübarizə yalnız Koçaryan-Sarqsyan cütlüyü ilə Paşinyan arasında getmir. Başqa siyasi təşkilatlar da hökumət başçısına qarşı çıxış edirlər. Vahid Ermənistan Partiyasının sədri Artur Kazinyan bildirib ki, 1,5 ildir hakimiyyət idarəetmənin əsas funksiyasını başa düşməyib. Onun sözlərinə görə, yüksək vəzifəli dövlət məmurları bunu bilmədiklərindən səhvlər edirlər: “Ölkənin operativ idarə edilməsində böhran var. Ermənistan Respublikası, sadəcə olaraq, idarə edilmir”. Yeri gəlmişkən, Kazinyanın qeyd etdiyi məsələni əvvəllər Koçaryan da bildirib. Görünür, Koçaryanın müdafiə dairəsi daha genişdir. Onun Paşinyan hökumətinə qarşı irəli sürdüyü ittihamları siyasilər təbliğ edirlər. Bu günlərdə Robert Koçaryanın həbsdən çıxması tələbi ilə Rusiya və Ermənistandakı tanınmış erməni iş adamları, mədəniyyət xadimləri və ictimai xadimlər rəsmi Yerevana müraciət ediblər. Bu arada “Daşnaksütyun” da keçmiş prezidentin müdafiəsinə qalxıb. Onlar 60 min adamın Koçaryanın müdafiəsi ilə bağlı imza topladığını bildirib. “Daşnak”ların lideri Vardanyan deyib ki, sabiq ikinci prezidentin həbsinin 2008-ci ilin mart hadisələri ilə heç bir əlaqəsi yoxdur. O, bunun daha çox siyasi təzyiq olduğunu söyləyib: “Koçaryanın həbsdə saxlanılması dövlətə ziyan verir”. Ermənistanda “Vernatun” adlı ictimai-siyasi klub da Koçaryanın həbsdə saxlanılmasını konstitusiyaya zidd saydığını bildirib. Bu klubu Nikol Paşinyan hökuməti üçün ciddi müxalifət sayırlar. İctimai birlik 2018-ci ildə “məxməri inqilab"dan sonra yaradılıb.

Ümumiyyətlə, Nikol Paşinyanın Polis rəisi və Milli Təhlükəsizlik Xidmətinə direktor təyin etməkdə çətinlik çəkməsi də gözdən yayınmır. “İrates” qəzeti bu barədə məqalə yazıb: “Ermənistanın baş naziri Nikol Paşinyan yaxın zamanda hökumətdə yeniləmə aparmaq niyyətində olsa da - “kadrı haradan götürməli” kimi həll edilməyən dilemması ilə qarşılaşıb? Onun kadrlarının coğrafiyası elə əhatəli deyil. Onun komandası diletantlardan və bacarıqsızlardan ibarət olduqlarını sübut ediblər. Ona görə də parlamentdəki qüvvələrə kart-blanş vermək istəməyən Nikol Paşinyan özgələrin kadr ehtiyatından istifadə etməlidir”. Xatırladaq ki, Ermənistanın polis rəisi Valeri Osipyan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan sentyabrda istefa verib. Ermənistan Təhlükəsizlik Şurasının katibi isə Armen Qriqoryandır. O, 1983-cü ildə Azərbaycanın indi işğal altında olan Dağlıq Qarabağ bölgəsində anadan olub. O, müxalifətdə olarkən Rusiyaya qarşı çıxışları ilə seçilib. Baş nazirin birinci müavini isə Tiqran Avinyandır. O, 1989-cu ildə Ermənistanda anadan olub. Qəzet bildirib ki, Paşinyan xidmətə başçı təyin edərkən Rusiyanın gözünə baxmalıdır: “Bundan başqa, Rusiya çoxdandır Ermənistan Milli Təhlükəsizlik Şurası katibi dəyişdirilməsi ilə bağlı şərt irəli sürüb. Ona görə də xidmətin başına elə adam gətirilməlidir ki, “Matuşka (Ana - red) - Rusiya”nın qəzəbinə tuş gəlməsin. Eyni zamanda Rusiya baş nazirinin birinci müavini onun ürəyinə yatacaq adam olmasını istəyir. Paşinyan pat vəziyyətindədir. Hakimiyyətdə olmasının bir ili tamam olur. Ona etimadsızlıq göstərilə bilər”. Yeri gəlmişkən, hökumətdə müəyyən narahatlığın olduğu barədə də yazılır. “Fakt” qəzetinin yazdığına görə, hökumət müxalifətin dayanaqlılığından ehtiyatlanır. Hökumət daha çox hakimiyyətə Artur Vanesyanın yaratdığı “Vətən” fondu ictimai təşkilatının gələcəyindən, onun “Vernatan” və daşnaklarla birləşəcəyindən narahatdır. Ehtimal edilir ki, bu birlik perspektivdə Serj Sarqsaynı hakimiyyətə gətirməyə çalışacaq. Ola bilər ki, Paşinyan bu yolla Vanesyanı və “Vernatan”ı da tələyə salmaq istəyir. Çünki korrupsiyada ittiham olunan Sarqsyanın güdazına onlar da gedə bilər. Paşinyanın hüquq-mühafizə orqanları onları hakimiyyət çevrilişinə cəhddə ittiham edə bilər. Nəzərə almaq lazımdır ki, Milli Təhlükəsizlik Xidmətində bir çox sənədin məhv edilməsində Vanesyanın da adı hallanır. Bu baxımdan, yaxın zamanda Ermənistanda yeni həbs qalmaqalının yaşanacağı ehtimalı az deyil. 

Qeyd edək ki, dekabrın 19-da naməlum şəxs “Joxovurd” qəzeti və “Armular.am”ın redaksiyalarına qanunsuz daxil olaraq dağınıqlıq yaratsalar da, heç nə aparmayıblar. Koçaryanın ikinci oğlu Levon Koçaryan siyasi partiya yaradacaqlarını, indiki şəraitdə Vanesyanla əməkdaşlığın mümkün olmadığını söyləsə də, gələcəkdə bunun baş verəcəyini istisna etməyib. Ermənistanda parlament seçkisi 2018-ci il dekabrın 9-da keçirilib. Bu baxımdan, növbəti seçki 2023-cü ildə keçiriləcək. Ancaq Koçaryan müxalifətin birləşəcəyi halda 2020-ci ildə növbədənkənar parlament seçkisinin keçiriləcəyini proqnozlaşdırmışdı. Vanesyan Ermənistan milli təhlükəsizlik əməkdaşlarını peşə bayramı günü münasibəti ilə təbrikində “dövlət marağının bütün siyasi hesab və maraqlardan yüksək” olduğunu vurğulayıb.

Nəhayət, Nikol Paşinyanın KİV-lə münasibəti də normal deyil. Ermənistan Jurnalistlər İttifaqının sədri Satik Seyranyan bildirib ki, Nikol Paşinyan bir vaxtlar KİV-ə nəzarəti mühakimə edirdi, ancaq indi özü belə edir”. Onun sözlərinə görə, baş nazir başda olmaqla bütün vəzifəlilər jurnalistlərə dərs verməyə çalışır və barmaq silkələyirlər. O, belə halların artacağını istisna etməyib: “Keçmiş həmkarımız bir vaxtlar hakimiyyətin KİV-ə nəzarətinə qarşı çıxırdı. Öz hakimiyyəti dövründə eyni hadisə baş verir”. Ermənistandakı antirusiya ovqatı da davam edir. Hakimiyyətə yaxın KİV-lər Koçaryanın azadlığa buraxılması ilə bağlı Rusiyadakı tanınmış ermənilərə cavabda bu açıq şəkildə görünür. Məqalə müəllifi Ermənistanın müstəqil dövlət olduğunu, müraciət edənlərin Rusiya-Ermənistan tarixini bilmədiklərini yazıb. Yazıda Rusiyanın Ermənistana qarşı apardığı siyasət tənqid edilib.

Beləliklə, Koçaryanını həbsi, Sarqsyanın həbsi üçün şəraitin yaradılması Ermənistanda Paşinyana qarşı mütəşəkkil müxalifətin yaranacağını istisna etmir. Müxtəlif siyasi xətlərin təmsilçisi olsalar da, onların indiki hakimiyyəti azından devirməyə cəhd göstərəcəkləri ehtimal olunur. Bu, Moskvanın Paşinyanı son yoxlaması, Sarqsyan və Koçaryanın revanşı, Vanesyanın özünü təsdiqi da sayıla bilər. Baş verəcəyi ehtimal edilən hadisələrdən hökumətin salamat çıxması Paşinyanın özünü təsdiqi üçün daha bir addım olar. 

Son xəbərlər

Orphus sistemi