Bakı. 20 iyul. REPORT.AZ/ Ermənistanın dövlət olaraq əmələ gəlməsi, mövcudluğu Rusiyaya bağlıdır. Azərbaycan torpaqlarının işğalında da ermənilərə Moskva yardım edib. Deməli, bu ərazilər ermənidən çox Rusiyaya lazımdır. Bu baxımdan Rusiyanın həmin ərazilərdəki bütün davranışına erməni ağa və qul münasibəti ilə yanaşmalıdır.
İyulun 17-də Rusiya Ermənistandakı 102 saylı hərbi bazasının hərbçiləri Şirak bölgəsinin Panik kəndində təlim keçiriblər. Ermənistan KİV-i və rəsmiləri qalmaqal yaradaraq, bu təlimdən vahimələndiklərini bildiriblər.
Sakinlər təlimlə bağlı xəbərdarlıq edilmədiklərini söyləyiblər.
Kəndin icra başçısı Vardan Makeyan bildirib: “Əvvəlcə elə bildik ki, müharibədir. Camaat küçəyə axışdı, bəziləri huşunu itirdi. Atəş açırdılar. Yaxşı ki, döyüş gülləsi deyildi. İndiyədək 30 hərbçi kəndin yolunu bağlayıb. Xəbərdarlıq edilməməsi təhqiredici hadisədir. Ermənistandan bunu Rusiyada etsə idilər, indi onu faciə kimi qələmə vermişdilər. Hərbi bazaya və müdafiə etdiyinizə görə sağ olun. Ancaq kənd ərazisində təlim keçirilməməlidir”.
Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının komandanlığı Panik kəndindəki hadisə ilə bağlı sakinlərdən üzr istəyib.
Ancaq Ermənistan rəsmilər bundan kifayətlənməyib. Baş nazir Nikol Paşinyan və milli təhlükəsizlik xidmətinin başçısı Artur Vanetsyan hadisə ilə bağlı açıqlama veriblər.
Hökumət başçısı bunu “qəbuledilməz hal” adlandırıb. Paşinyan deyib ki, bu Ermənistanın suverenliyinə və Rusiya ilə dostluq münasibətlərinə qarşı təxribatdır: “Günahkarlar cəzalandırılmalıdır”.
Artur Vanetsyan bu hadisəni “məsuliyyətsizlik” kimi qiymətləndirib, bir az öncə isə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, Rusiya hərbçiləri dolu yox, boş güllələrlə atəş açıblar.
Erməni mətbuatı yazır ki, məsələ yalnız Rusiya hərbçilərinin xəbərdarlıq edib-etməməsi, yaxud onların boş güllələrlə atəş açmalarında deyil. Problem ikitərəfli müqavilənin icrasına əməl edilməsinə nəzarət mexanizmindədir. Rusiya bazasındakı hərbçilərin müqavilənin şərtlərinə əməl etmələrinə nəzarət edən, xüsusilə Rusiya silahlı hərbçilərinin Ermənistan ərazisində hərəkətini izləyən bir orqan yoxdur. Bu da erməniləri çox narahat edir.
Ermənistan parlamenti xarici əlaqələr üzrə komissiyanın sədri Armen Aşotyan vurğulayıb ki, Rusiya məsələ ilə bağlı üzrxahlıq etdiyindən müzakirəni bitirmək olardı: “Ancaq prosesin davam etdirilməsi ziyanlıdır. Ona görə də diplomatik kanallar vasitəsi ilə bu təhlükəli prosesi dondurmaq lazımdır”.
Yeri gəlmişkən, 102 saylı hərbi baza barədə qısa məlumatı təqdim edirik. Baza Rusiya Quru Qoşunlarına aid olub, Cənub Hərbi Dairəsinə daxildir. Şəxsi heyətin sayı 5 min nəfərə yaxındır. Orada 8 şəhərcik var. Həmin şəhərcikdə hərbçilərin ailə üzvləri, yəni 4 minə yaxın insan yaşayır. Komandiri polkovnik Yelkanov Vladimir Xazretoviçdir. Bazanın iki qarnizonu var: Yerevanda və ondan 126 km aralıda, Gümrüdə.
Bu hərbi hissə 1992-ci il avqustunda imzalanan müqavilə əsasında yaradılıb. 1995-ci ildə iki dövlət arasında 25 illiyə imzalanan müqavilənin müddəti 2010-cu ildə 2044-cü ilədək uzadılıb.
Bu hərbi baza Rusiyanın və Ermənistanın müdafiəsi məqsədi ilə fəaliyyət göstərir. Ermənistan ərazi olaraq XIX əsrdən çar Rusiyasının işğal etdiyi Azərbaycan torpaqlarıdır. Sonrakı dövrdə bu ərazi strateji bölgəyə çevrilib. Oradan Azərbaycan türkləri sürgün edilib, qovulub. Bununla da Rusiya siyasi mənada Ermənistan adlı dövləti, hərbi-siyasi mənada isə öz hərbi bazasını yaradıb. Ərazidə ən çox etibar etdiyi erməni etnosu saxladılıb.
Ermənistanın milli təhlükəsizlik xidmətinin başçısı Artur Vanetsyan
Deməli, bu ərazidən 200 ilə yaxındır müdafiə məqsədi üçün istifadə edilir.
Son illər Ermənistanı bu bazanın mövcudluğu narahat edir. 2015 il yanvarın 12-də Rusiya hərbçisi Valeri Permyakov Gümrüdə Avetisyan ailəsinin 6 aylıq körpəsi və 2 yaşlı uşağı da daxil olmaqla 6 nəfəri avtomatla qətlə yetirməsi buna təkan verib.
Ermənistan keçirilən etiraz aksiyalarında “Rusiya işğalçıdır!”, “Rusiya, Ermənistandan çıx!” kimi şüarlar səslənib.
Bu ilin aprelində Ermənistanda hakimiyyət dəyişikliyinin də Rusiyaya qarşı olduğu deyilirdi. Nümayiş və yürüşlərin keçirildiyi əsas iki şəhər isə Rusiyanın hərbi bazaları yerləşdirilən Yerevan və Gümrü idi. Bu həm də Rusiyaya xəbərdarlıq kimi qiymətləndirilirdi.
Son bir neçə ayda baş verənlərə əsasən demək olar ki, hakimiyyətə gələn yeni qüvvələr Rusiya, ABŞ, NATO və Avropa İttifaqı arasında manevr etməklə hərəsindən nəsə qopartmaqla Ermənistanı vacib dövlət olaraq saxlamağa çalışır. Odur ki, Panik kəndində baş verənlər həm də siyasi mahiyyət daşıyır.
Çünki Rusiya hərbçiləri Ermənistan ərazisində az qala ayda bir dəfə müxtəlif sahə üzrə hərbi təlim keçirirlər. Həmin tədbirlərdə atəş də açılır. Elə Panikdə də əvvəllər hərbi təlimlər keçirilib, xəbərdarlıq edilmədən atəş də açılıb.
Onda belə çıxır ki, az qala iki əsrdən sonra ermənilər birdən başa düşüb ki, Rusiya hərbçiləri onları saya salmalı, xəbərdarlıq etməlidirlər. Bu yerdə “torbada pişik var” məsəli yada düşür.
Nikol Paşinyan hökuməti bu yolla Rusiyaya təzyiq etmək istəyir. Ancaq əsas məsələni unudur, Azərbaycan torpaqlarında yaradılan Ermənistan de-fakto Rusiya sayılır. Moskva ora öz quberniyalarından biri kimi yanaşır. Sadəcə, olaraq, onun statusu bir qədər fərqlidir.
Məsələyə başqa tərəfdən yanaşsaq, görərik ki, Rusiya bunu Panikdə atılan güllə ilə də təsdiqləyib. Nikol Paşinyanın iyulun 12-də Brüsseldə NATO-nun toplantısında iştirak edib, orada görüşlər keçirib, alyansla ölkəsinin əməkdaşlığından danışıb. Hadisə isə bu səfərdən sonra baş verib. Belə ehtimal etmək olar ki, Kreml rəsmi Yerevana Panikdə birinci xəbərdarlıq atəşini açıb.